Tarixə yazılmış qardaşlıq nümunəsi Siyasət

Tarixə yazılmış qardaşlıq nümunəsi

Şuşa Bəyannaməsinin imzalanması region üçün çox böyük geosiyasi hadisədir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə, eləcə də Türkiyə Respublikasının Şuşada baş konsulluq açmaq qərarı Azərbaycanın Qarabağ bölgəsi üçün yeni imkanlar açır. Bu imkanlar həm Şuşaya qayıdacaq şuşalılar, həm ətraf rayonların sakinləri, həm də Qarabağda yaşayan ermənilər üçün firavan gələcək vəd edir. Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir.

Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün unikal imkan yaranıb. Əlverişli imkanı yaradan səbəblər: Ermənistanda vəziyyət sabit deyil. Müharibədə şanlı Ordumuz tərəfindən qənimət olaraq ələ keçirilmiş, habelə məhv edilmiş Ermənistan ordusuna məxsus olan silahlar, texnikalar Ermənistanın ordusu ilə yanaşı, iqtisadiyyatını da məhv etdi. Blogger İşxan Verdyan, hüquq müdafiəçiləri Vartan Arutyunyan, Georgiy Vanyan, Edqar Xaçatryan müharibə ritorikasının perspektivsizliyini və qonşularla dinc yanaşı yaşamağın əhəmiyyətini xalqa izah edirlər. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan da Azərbaycanla sülh müqaviləsinin imzalanmasına tərəfdardır. Bu ruhda olan çıxışlar sadə erməni xalqına daha yaxındır.

Mövcud şəraitdə Ermənistan ciddi miqrasiya problemləri yaşayır. Qarabağda miqrasiya problemi daha qabarıqdır. Demoqrafik böhran yaşayan ölkə həm də işçi qüvvəsi, istehsal qüvvəsi, müdafiə qüvvəsi çatışmazlığı ilə üzləşəcək. Deməli, erməni toplumu savaş yox, sülh imkanları axtaracaq.

"İki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan və Türkiyə arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldıran Bəyannamə xalqların mənafelərinə xidmət edir. Əraziyə yeni sərmayə qoyuluşu gözlənilir. Bu isə o deməkdir ki, bir neçə ildən sonra Şuşa ilə Xankəndinin inkişaf səviyyəsində ciddi fərqlər aydın görünəcək. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları yaranacaq. Əhalinin durumundakı fərqlər, ticarət imkanları, iş yerləri Azərbaycanı ermənilər üçün daha cazibədar edəcək;

Şuşa Bəyannaməsi 13 oktyabr 1921-ci il tarixində imzalanmış Qars müqaviləsinə iki dost və qardaş ölkənin sadiqliyinin təcəssümüdür. Şuşa Bəyannaməsi 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”nin və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”un, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin davamıdır.

İki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldıran Bəyannamə xalqların mənafelərinə xidmət edir.

Azərbaycan Respublikası və Türkiyə Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə qarşılıqlı yardım əməkdaşlığın prinsipial istiqamət

Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi əməkdaşlığın strateji istiqamətlərindən biridir.

Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və BMT, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər. Bütün dünya Azərbaycanı tolerant və multikultural dövlət kimi tanıyır. Bu günə qədər Azərbaycanda etnik və dini zəmində heç bir konflikt olmayıb. Ermənilər də bunu anlamalı və nəhayət ki doğru yolu seçməlidirlər. Yəni, sülh Ermənistanın yeganə çıxış yoludur. Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi də bu inteqrasiya üçün əlverişli zəmin yaradır.

Bu gün Qarabağda böyük abadlıq və bərpa işləri gedir. Təbii ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi əsasında sürətlə aparılan quruculuq siyasəti tezliklə öz bəhrəsini verəcəkdir. Artıq Qarabağa yeni nəfəs gəlir və Şuşa şəhəri uzun illərdən sonra yenidən böyük tədbirlərə, festivallara ev sahibliyi edir. İnanırıq ki, tezliklə Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcəkdir.

Güntəkin Məmmədova

147 saylı texniki-humanitar liseyin tarix müəllimi,

Prezident mükafatçısı, Qabaqcıl təhsil işçisi

Xətai rayonu