"Bir müddət sonra hər üç ölkənin səfirləri Şuşaya getmək üçün özləri müraciət edəcəklər" Siyasət

"Bir müddət sonra hər üç ölkənin səfirləri Şuşaya getmək üçün özləri müraciət edəcəklər"

ABŞ, Fransa, Rusiya səfirlərinin Şuşaya səfərdən imtinası ATƏT-in Minsk Qrupunun həmsədri olan bu üç ölkənin münaqişə vəziyyəti ilə bağlı 30 illik siyasətinin davamıdır. Uzun müddət onların davranışında işğalçı Ermənistanla hərbi-siyasi təcavüzə məruz qalan Azərbaycanı eyniləşdirmək, problemin həllini qeyri-müəyyən müddətə təxirə salmaq meyli aşkar hiss edilirdi.

Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında siyasi ekspert Nail Cəlil bildirib.

Ekspert qeyd edib ki, sözügedən ölkələr eyni zamanda, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri sırasındadır: 'Tərəflər arasında tarixən mövcud ziddiyyətlərə və fikir ayrılıqlarına baxmayaraq, Azərbaycanın keçmiş Dağlıq Qarabağ bölgəsinin və ətraf 7 rayonun işğalına həmsədr dövlətlər əksər hallarda ortaq, razılaşdırılmış mövqe nümayiş etdiriblər. Doğrudur, 44 günlük Vətən müharibəsi dövründə Rusiyanın yanaşması əvvəlkindən fərqli, əhəmiyyətli dərəcədə konstruktiv olub. Üçtərəfli 10 noyabr sazişi və onun əsas müddəalarının icra edilməsi də bunu təsdiqləyir. Digər tərəfdən, Rusiya həm də Minsk Qrupu formatının qalmasında da maraqlı görünür. Odur ki, diplomatik səviyyədə mövqeyini ABŞ və Fransa ilə uzlaşdırmağa səy göstərir. ABŞ rəsmiləri isə bu müddətdə münaqişə tərəflərinə münasibətdə müəyyən tarazlığı qorumağa çalışıblar. Makronun timsalında Fransanın Ermənistanı müdafiə etməsi, açıq tərəf tutması da hər kəsə bəllidir. Bu səbəbdən, Minsk Qrupunun həmsədri olan ölkələrin səfirlərinin ikinci Qarabağ savaşından sonra Şuşaya getməkdən imtina etməsi gözlənilən idi. Hesab edirəm ki, bir müddət sonra hər üç ölkənin səfirləri Şuşaya getmək üçün özləri müraciət edəcəklər. Bu, Şuşada Türkiyənin konsulluğunun açılması ərəfəsində baş verəcək".

Cavid