“Belə təxribatlar Ermənistan üçün pis nəticələr vəd edir” - İlyas Hüseynov Siyasət

“Belə təxribatlar Ermənistan üçün pis nəticələr vəd edir” - İlyas Hüseynov

“İyulun 14-də Prezident İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışında bir sıra önəmli məqamlara toxunub”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. Onun sözlərinə görə, “Dövlət Başçısı Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi, Dağlıq Qarabağ ifadəsi yoxdur, Qarabağ vardır” – deyə bildirib: “Qeyd edək ki, Dağlıq Qarabağ siyasi məqsədlərlə rəsmi leksikona gətirilmiş ifadədir və onun siyasi, tarixi və hüquqi baxımdan heç bir əsası yoxdur. Dağlıq Qarabağ iqtisadi və nəqliyyat logistika baxımdan rasionallıqdan uzaq addım olub. Xüsusilə vurğulamaq lazımdır ki, “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 iyul 20201-ci il tarixli Fərmanı ilə Qarabağ iqtisadi zonası yaradıldı və bütün Qarabağa aid olan rayonlar həmin iqtisadi zonada birləşdirildi.
Digər önəmli xüsus da bundan ibarətdir ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla Ermənistan-Azərbaycan münaqişəsi başa çatdı, Ermənistan kapitulyasiya etdi. Dünya birliyi, beynəlxalq təşkilatlar 44 günlük müharibənin nəticələrini və 10 noyabrda imzalanmış birgə bəyanatı tanıyıblar.
Bununla yanaşı, bu gün münaqişənin həll olunmadığı deyənlər və ya Dağlıq Qarabağ münaqişəsi ifadəsini (ABŞ Dövlət Departamenti, Fransanın səfiri) işlədənlər regionu yeni təhlükələrə sürükləyirlər. Bu, yenə də Ermənistandan alət kimi istifadə etmək, Ermənistanda revanşizmə dəstək vermək və Qarabağda olan erməniləri aqressiv separatizmə yönəltmək cəhdidir. 30 ilə yaxın dövrdə ATƏT-in Minsk qrupununyarıtmaz, əhəmiyyətsiz və nəticəsiz vasitəçiliyi ilə müzakirə mövzusu olmuş “Dağlıq Qarabağın statusu” məsələsi artıq gündəmdə deyil. Bundan sonra bütün münasibətlər Azərbaycan Konstitusiyası və qanunları əsasında həll edilməlidir. Hər hansı üçüncü tərəfə Azərbaycanın suveren əraziləri barədə hökmlə danışmaq hüququ verilməyib. ATƏT Minsk Qrupunun da də belə bir mandatı yoxdur.
Azərbaycan tərəfi Ermənistana dayanıqlı sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmək üçün sülh müqaviləsinin şərtlərini irəli sürüb. Əgər Ermənistan sülh sazişindən imtina edirsə, deməli sülhdən və Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir. Belə olacağı təqdirdə Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımır və tanımamaqda haqlı tərəf kimi çıxış edir. Bu günkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. Zəngəzur, Göyçə mahalı, İrəvan tarixi Azərbaycan torpaqlarıdır. Azərbaycanın tarixi, hüquqi və siyasi baxımdan tarixi ədaləti bərpa etməyə tam haqqı çatır”.
İ.Hüseynovun sözlərinə görə, digər mühüm bir məqam da bundan ibarətdir ki, son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş hadisələr, həmçinin Qarabağda atəş səslərinin eşidilməsi Ermənistanın qəsdən vəziyyəti gərginləşdirmək cəhdi kimi qiymətləndirilir: “Ermənistan vəziyyəti qəsdən gərginləşdirməklə Azərbaycanı cavab addımlarına təhrik etməyə və daha sonra bundan istifadə edib günahlandırmağa çalışır. Avropa İttifaqı Komissiyasının Prezidenti Şarl Mişelin regiona səfəri öncəsi süni gərginliyin yaradılmasının heç də təsadüfi xarakter daşımadığı qeyd edə bilərik. Ermənistan müharibədən sonra həyata keçirdiyi təxribatların nəticələrini, 2020-ci ilin dekabrda Azərbaycanın həyata keçirdiyi anti-terror əməliyyatını unutmamalıdır. Bu də həmin terrorçu və diversantların dünya standartlarına uyğun şəkildə məhkəməsi davam edir. Ermənistanın təxribatları eyni zamanda Rusiya sülhməramlılarına qarşı yönəlib. Ermənistan bu təxribatlarla onların missiyasının uğursuz olduğunu göstərməyə çalışır. Belə təxribatlar Ermənistan üçün heç də yaxşı olmayan nəticələr vəd edir”.

Əli Zülfüqaroğlu