Rəsmi Yerevanın Şuşa səfəri ilə bağlı bəyanatı klassik erməni həyasızlığının nümunəsidir - Ekspert Siyasət

Rəsmi Yerevanın Şuşa səfəri ilə bağlı bəyanatı klassik erməni həyasızlığının nümunəsidir - Ekspert

Ermənistanın və Rusiya sülhməramlılarının müşahidəsi altında olan Azərbaycan ərazilərində, hələ də varlıqlarını qoruyub saxlamağa çalışan separatçı tör-töküntülərin əsas məqsədi, nəyin bahasına olursa-olsun, münaqişənin başa çatmadığı görüntüsünü yaratmaq və öz missiyasını böyük uğursuzluqla de-fakto başa çatdıran ATƏT-in Minsk Qrupunun, xüsusilə də prosesdən tamamilə kənarda qalan Fransa və ABŞ-ın “müdaxilə” istəklərinə yol açmaq, onların dövriyyəyə buraxdıqları əsassız “tezis”lərin “həqiqiliyini” sübuta yetirməkdir.

Bunu Trend-ə açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, reallıqsa ondan ibarətdir ki, Ermənistanın işğalçı ordusu darmadağın edilib, münaqişə cənab Prezidentinin dediyi kimi başa çatıb və bundan sonrakı bütün proseslər regiondakı yeni reallıqlara uyğun inkişaf etməlidir: "Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanda dislokasiya olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərinin Şuşaya səfəri ilə bağlı bəyanatı, həmçinin Yerevandakı bəzi səfirliklərə “xəbərdarlıq” etməsi isə klassik erməni həyasızlığının nümunəsi olmaqla yanaşı, ilk növbədə Ermənistanın ictimai rəyinə, xüsusilə də Paşinyan hakimiyyətinə opponentlik edən qüvvələrə hesablanmış önləyici bir addımdır. Şuşaya səfər edən 46 ölkənin səfiri – onların arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan, həmçinin “böyük yeddilik”, “böyük iyirmilik”də təmsil olunan, eləcə də Avropa İttifaqının qlobal müstəvidə söz sahibi olan dövlətlərinin nümayəndələri də var – Şuşaya səfər edəndə, haraya getdiklərini çox yaxşı bilirdilər və Ermənistan XİN-in bəyanatı onlar üçün kağız parçasından başqa bir şey deyil".

Ekspert, həmçinin bildirib ki, əksinə, Ermənistan başından və imkanlarından dəfələrlə böyük iddialarla çıxış etməklə, özünü daha da çıxılmaz vəziyyətə salır: "Şübhəsiz ki, Ermənistan diplomatların Azərbaycanın hər hansı ərazisinə, o cümlədən Şuşaya səfər etmələri ilə bağlı məsələyə şərh vermək səlahiyyətində deyil. Və rəsmi Yerevanın bu davranışları Ermənsitanın hələ də ərazi iddialarından əl çəkmədiyini, təhlükəsizliyimizə təhdid olduğunu təsdiqləyir ki, bütün bunlar kapitulyasiyanın daha ağır şərtlər çərçivəsində reallaşmasına zəmin yarada bilər".