Ermənistan Azərbaycana qarşı revanşist addımlarından əl çəkməsə, vəziyyəti daha da acınacaqlı olacaq - Deputat Siyasət

Ermənistan Azərbaycana qarşı revanşist addımlarından əl çəkməsə, vəziyyəti daha da acınacaqlı olacaq - Deputat

Prezident İlham Əliyev “CNN Türk” kanalına verdiyi müsahibədə Azərbaycan–Ermənistan münasibətləri, 44 günlük savaşdan sonra qonşu ölkələrlə əlaqələr və Qarabağda real vəziyyətin izahı ilə bağlı çox ciddi mesajlar və yeni fikirlər səsləndirdi. Burada birmənalı şəkildə aydın oldu ki, Azərbaycan Ermənistana, əslində, bir çıxış və yol xəritəsi təklif edir. Xüsusilə Zəngəzur dəhlizinin açılması ilə Ermənistan qazanclı çıxaraq özünü təcriddən xilas edə bilər.

Bunu Böyük Qurtuluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

Deputat deyib ki, digər tərəfdən, Prezident İlham Əliyev həm də bu müharibədə bizə dəstək vermiş ölkələrin önəmini diqqətə çatdırdı. Xüsusilə də Türkiyə və Pakistan kimi dövlətlərin məsələyə yanaşmasının, Azərbaycanı birmənalı şəkildə dəstəkləməsinin müharibənin dönüşündə çox vacib amil olduğunu qeyd etdi. Azərbaycan bu yardımı Qələbəyə aparan yolda əhəmiyyətli hadisə sayır. Digər tərəfdən, dövlətimizin başçısı müsahibəsində rəsmi Moskvanın bu məsələdə mövqeyinə də münasibətini açıq bildirərək dedi ki, Rusiya bizə qonşu ölkədir. Biz qonşuluq münasibətlərini yüksək səviyyədə həyata keçirir, qarşılıqlı əməkdaşlığı gerçəkləşdiririk. Amma burada Rusiya və Ermənistan müttəfiqdir. Buna görə də Azərbaycan tərəfi 10 noyabr sazişindən sonra yarımçıq qalan məsələlərin bəzilərinin həlli istiqamətində müəyyən hərəkətin olmasını Rusiyadan gözləyir.

Ötən il noyabrın 10-da imzalanmış Bəyanatda nəzərdə tutulan şərtləri Azərbaycan birmənalı şəkildə yerinə yetirib. Həmçinin Laçın dəhlizinin açılmasını da təmin edib. Amma eyni qaydada Ermənistan da üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Burada da Rusiyanın rolu önəmlidir. Rusiya sülhməramlıları bu prosesdə daha aktiv rol almalı, Ermənistanı bəyanatın icrasına müəyyən dərəcədə yönləndirməlidirlər.

Deputat vurğulayıb ki, dövlətimizin başçısı Azərbaycanın digər qonşu ölkələrlə də münasibətlərinin qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığını xüsusi olaraq vurğulayıb.

“Burada bütövlükdə həm də digər bir vacib məsələyə toxunulub. Bizim cəmiyyətdə də “Rusiya Ermənistanı silahlandırır”, “onları müharibəyə hazırlaşdırır” kimi fikirlər dolaşmaqdadır. Prezident bu fikrə daha orijinal bir üslubda aydınlıq gətirib. Bildirib ki, müharibəyə qədərki dövrdə də Rusiya Ermənistana böyük məbləğdə, milyardlarla dollar dəyərində pulsuz silah-sursat, ağır texnika vermişdi. Bu gün isə həmin ağır, zirehli texnikalar bizim Hərbi Qənimətlər Parkındadır. Bu o deməkdir ki, indiki vəziyyətdə Rusiyanın Ermənistanı hər hansı bir formada silahlandırması onun işinə yaramayacaq. Çünki yenə də Azərbaycanın potensialı Ermənistanınkından çox yüksəkdir. Ona görə də Azərbaycan bu məsələnin daha çox sülh yolu ilə həllinin vacibliyini bildirir. Sərhədlərində, bölgədə sabitliyin yaranmasına əsas prioritet məsələlərdən biri kimi yanaşır”, - deyə F.Mustafa qeyd edib.

O bildirib ki, Prezident İlham Əliyevin bu açıqlaması, əslində, bütövlükdə həm xalqımız, həm də qonşu ölkələr üçün Azərbaycanın açıq, səmimi mövqeyini bir daha ortaya qoydu. Çünki bu məsələ, ilk növbədə, regionun inkişafı baxımından vacib məsələ olduğuna görə həmin dövlətlərin də yenidən düşünməsinə imkan yaratdıq. Xüsusilə son vaxtlar Ermənistanın müdafiə nazirinin məsuliyyətsiz bəyanatları və bu istiqamətdə Ermənistan elitasından gələn çağırışlar, əslində, onları faciəyə sürükləyir. Ermənistanın bu faciədən qurtulması çətin olacaq. Ermənistan Azərbaycana qarşı revanşist addımlarından əl çəkməsə, vəziyyəti daha da acınacaqlı olacaq.