“Paşinyan özünü danışıqlara meylli kimi göstərməyə çalışır”-Elxan Şahinoğlu Siyasət

“Paşinyan özünü danışıqlara meylli kimi göstərməyə çalışır”-Elxan Şahinoğlu

“Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bildirib. O sərhədlərin bağlı qalmasının bölgədə sabitliyə mənfi təsir etdiyini vurğulayıb.
Nikol Paşinyan ilk dəfə deyil ki, Türkiyə ilə münasibətlərin normallaşması məsələsinə toxunur. O inqilab yoluyla hakimiyyəti ələ keçirdikdən bir neçə ay sonra da qeyd-şərtsiz Türkiyə ilə münasibətlərin normallaşdırmağa hazır olduğunu bildirirdi. Ancaq Ankaranın şərti bəlli idi – Ermənistan Azəırbaycanın və Türkiyənin ərazi bütövlüklərini tanımalı və ərazi iddialarından vaz keçməlidir. Paşinyandan əvvəlkilər də bunu etmədilər, onun özü də Qarabağ müharibəsində məğlubiyyətinə rəğmən, iki qonşusunun ərazi bütövlüklüklərini tanımağa tələsmir. Belə olan halda onun çağırışları nəticəsiz qalacaq”. Bunu Xalqcəbhəsi.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.Onun sözlərinə görə, buna baxmayaraq, Paşinyan özünü sülhpərvər və danışıqlara meylli kimi göstərməyə çalışır: “Birincisi, Paşinyan deyir ki, Azərbaycan prezidenti ilə görüşməyə hazırdır. İkincisi, uzun fasilədən sonra kommunikasiya xətlərinin açılması məqsədilə Moskvada üçtərəfli komissiyanın işinə razılıq verib. Üçüncüsü, Paşinyan Türkiyə ilə barışığa çağırır.
Paşinyan müharibədən sonra nazirləri vasitəsilə də Türkiyəyə sülh çağırışları edirdi. Məsələn, Ermənistanın keçmiş xarici işlər naziri müharibədə məğlubiyyətdən sonra demişdi ki, artıq Türkiyə ilə sərhədin açılmasına heç nə mane olmur. Yəni erməni nazir bununla faktiki demək istəmişdi ki, Azərbaycan ərazi bütövlüyünü təmin edibsə, demək Türkiyənin əsas şərti yerinə yetirilib və sərhəd açıla bilər. Daha sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan müsahibəsində “Türkiyə ilə münasibətlərə yanaşmada dəyişiklik etmək lazımdır” ifadəsini səsləndirmiş və bu açıqlama sosial şəbəkələrdə və yerli mediada qalmaqala səbəb olmuşdu. Armen Qriqoryan, jurnalistin “Ermənistan Türkiyəni düşmən ölkə hesab edirmi?” sualına belə cavab vermişdi: “Əgər biz regionun blokadadan azad edilməsinə gediriksə, bizim yanaşmalarımızda müəyyən düzəlişlər edilməlidir və biz bu istiqamətdə işləyirik”. Daşnaksutyun partiyasının tərəfdarları bu açıqlamalara görə Ermənistan Təhlükəsizlik Şurası binası qarşısında etiraz aksiyası keçirmişdi.
Aydın idi ki, Paşinyan Armen Qriroryan vasitəsilə cəmiyyətinə mesaj göndərir və bu yolla cəmiyyətinin Türkiyə ilə münasibətlərin nizamlanması məsələsinə nəbzini yoxlayırdı. Paşinyan bu ilin mart ayında Armavir vilayəti sakinləri ilə görüşündə özü də eyni mövzuda çıxış etmişdi: “Biz, region ölkələri, gərək qarşılıqlı əlaqələrimizə münasibətimizi bütövlüklə yenidən qiymətləndirək. Bu yeni situasiyada biz qarşımıza tapşırıq qoymalıyıq ki, Ermənistanın yolları olsun, yeni yollar, yeni kommunikasiyalar açılsın. Çünki siz bilirsiniz ki, bizim Rusiyaya və İrana dəmiryollarımız Azərbaycandan keçir. Biz anlamalıyıq ki, belə ola bilməz ki, bizim onların ərazisindən keçən yolumuz olsun, onlara isə bizim ərazimiz üzərindən yol verilməsin. Biz regiona baxışımızı, nöqteyi-nəzərimizi dəyişməliyik”.
Paşinyan parlament seçkiləri vaxtı bu mövzuya qayıtmadı ki, ermənilərin səslərini itirməsin. Parlament seçkisi arxada qaldığına və Paşinyan yenidən mövqelərini möhkəmləndirdiyinə görə, o qonşularla normal münasibətlərin yaradılması mövzusuna yenidən qayıdıb. Ancaq bunun üçün açıqlama vermək azdır, Paşinyan ən azı iki addım atmağa hazır olmalıdır: 1) Kommunikasiya xətlərinin açılması proseduruna start verməli; 2) Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi və sülh sazişi istiqamətində danışıqlara başlamalıdır”.

Əli