“Rəsmi İrəvan istəyir ki...” Siyasət

“Rəsmi İrəvan istəyir ki...”

Aydın Hüseynov: "Dağlıq Qarabağ məsələsi həll olunmasın və status-kvo olduğu kimi qalsın"

"Erməni xalqının özünün düşməni olan Serj Sərkisyan və onun quldur dəstəsi artıq dizinə qədər böyük cinayətlərin içərisindədir. Bu şəxs öz xalqına, beynəlxalq qanunlara, tələblərə, eləcə də qonşuluğunda olan dövlətlərə qarşı birbaşa olaraq cinayətkardır. Ona görə də onların yeganə çıxış yolu bu gün həmin məsələlərin olduğu kimi saxlanılmasıdır". Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov səsləndirib. Onun sözlərinə görə, rəsmi İrəvan istəyir ki, Dağlıq Qarabağ məsələsi həll olunmasın və status-kvo olduğu kimi qalsın: "Çünki status-kvo dəyişdikdə artıq erməni xalqı ağı-qaradan seçəcək. Bununla da erməni xalqı məsələlərə açıq gözlə baxacaq. Hər şey üzə çıxanda isə Sərkisyanın quldur dəstəsinin bütün cinayətləri məlum olacaq. Çox təəssüf ki, Ermənistanın quldur hakimiyyətinin ömrünün uzanmasına dəstək olan beynəlxalq təşkilatlar var. Prezident İlham Əliyev birmənalı olaraq bəyan etdi ki, Dağlıq Qarabağ məsələsində Azərbaycan dövləti öz mövqeyindən bir addım da olsun geri çəkilən deyil. Azərbaycan dövləti işğal olunmuş torpaqlarını azad edəcək və biz tarixi dədə-baba yurdlarımıza qayıdacağıq. Təbii ki, gec-tez bu da olacaq. Ümumiyyətlə, tarix, bütün proseslər də sübut edir ki, cinayətkarın ömrü çox uzun olmur. Bu gün regionda Azərbaycanın iştirakı, icazəsi olmadan heç bir layihə reallaşdırıla bilməz. Eyni zamanda, regionda siyasi, iqtisadi, hərbi baxımından ölkəmiz güc mərkəzinə çevrilib. Artıq Azərbaycan dünyada unikal bir dövlət kimi qəbul olunub. Heç də bir çox beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi təsadüfi deyil. Bu artıq ölkəmizə beynəlxalq təşkilatların, arenanın inamı deməkdir. Təbii ki, bütün bunlar birbaşa prezident İlham Əliyevin fəaliyyətinin nəticəsidir".
O, həmçinin əlavə edib ki, əgər Azərbaycanın iqtisadi, siyasi vəziyyəti Ermənistandan aşağı vəziyyətdə olsa idi, ölkəmizə qarşı heç bir kampaniya həyata keçirilməyəcəkdi: "Amma hazırda ölkəmizin artan nüfuzu, iqtisadi göstəriciləri bəzi beynəlxalq təşkilatları çox ciddi narahat edir. Ona görə də onlar dövlətimizə qarşı ikili standartlardan çıxış edirlər və qarayaxma kampaniyası aparırlar. Ölkəmizin qısa bir zaman ərzində dünya ölkələri arasında öz mövqeyini, rolunu möhkəmlətməsi böyük qısqanclığa səbəb olub".
Avropa Siyasi Analitik Mərkəzinin Avropa İttifaqını bu il Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarını boykot etməyə çağırışına gəlincə isə A.Hüseynov "ümumiyyətlə, bütün məsələlərdə xaricdə fəaliyyət göstərən erməni lobbisinin əli var",- deyə bilddirib: "Avropa Oyunları ilə bağlı Azərbaycan çox uğurlu bir məkan olaraq seçilib. Azərbaycan o Avropa Oyunlarının keçirilməsi üçün uğurlu bir məkan olaraq seçilməklə yanaşı, ölkəmiz buradakı bütün təşkilati məsələləri çox yüksək və maraqlı bir formada hazırlayıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın bu məsələlərlə bağlı gördüyü işlər bizləri çox sevindirir. Artıq ölkələrin siyahısı, iştirak edəcək idmançılar müəyyən olunub. Beləcə oyunlara sayılı günlır qalıb. Bununla da sözügedən oyunları boykota səsləyən mərkəzlər çox gecikib".
Müsavat Partiyasının israrla yürüş keçirmək niyyətinə də toxunan YAP rəsmisi deyib ki, Müsavat adlı bir partiya artıq Azərbaycanın siyasi səhnəsindən silinib: "Əslində bütün partiyalarda, siyasi qurumlarda qurultaydan sonra bir canlanma olur və müəyyən istiqamət götürülür. Beləcə partiyadaxili nəyəsə nail olunur. Amma Müsavat Partiyasının qurultayı o demək idi ki, artıq bu partiya öz sonuna çatıb. Qurultaydan sonra daxildəki çəkişmələr Qubad İbadoğlunun, Arif Hacılının ayrılmaları və s. bunlara bariz sübutdur. Yəni artıq sözügedən partiyanın adından başqa heç bir şeyi qalmayıb. Bəs gəlin görək onlar indi nəyə çalışırlar? Ən böyük istəkləri quru adın qorunmasına çalışmaq və bunun üçün də Bakı Şəhər İcra Hakimiyyətindən yürüşə razılıq istəyirlər. Amma BŞİH onlara yalnız Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) mitinq keçirilməsi təklif edib. Onlar isə bununla razılaşmırlar. Mitinq odur ki, konkret bir məkanda keçirilir və insanlar gəlib orad iştirak edirlər. Amma hər birimiz şahidik ki, radikal müxalifət insanları ora cəlb edə bilmir. Yeganə variantları isə küçə yürüşləri edərək insanların rahatlığını pozmaq və bunun da müqabilində şou hazırlamaqdır. Təbii ki, onların şousuna maraq göstərənləri də özlərinin say hesabına əlavə edərək deyəcəklər ki, biz xeyli sayda insan topladıq. Digər tərəfdən onlar xeyli sayda qanun pozuntusuna da yol verəcəklər. Beləcə burada bir insident yaradılmasına cəhd olunacaq. Ən başlıca məqsəd isə hamının diqqətini yürüşə cəlb etmələridir. Hamı bilir ki, qanun nəyi diqtdə edirsə, bütün Azərbaycan vətəndaşları da ona tabe olmalıdır".
Onun fikrincə, illərin təcrübəsi onu göstərir ki, Azərbaycanda fəaliyyət göstərən radikal müxalifət daimi olaraq kənardakı sifarişləri yerinə yetirir: "Təbii ki, kənardakı sifarişlər də qrantlar, ianələrdir. Sözsüz ki, bunların hər bir aksiyasının arxasında kənardakı mərkəzlərin əli, maliyyəsi və qrantları dayanır. Hətta onlar aldıqları qrantların hesabatını vermək üçün müxtəlif səpkili mitinqlər keçirirlər, bəyanatlar səsləndirirlər. Çünki onları maliyyə ilə təmin edən mərkəzlərə çoxlu borcları var. Mərkəzdən aldıqları qrantların, maliyyələrin müqabilində onlar heç nə edə bilmirlər. Digər tərəfdən onlar Azərbaycan cəmiyyətinin düşüncəsinin əksinə gedirlər. Beləcə Azərbaycan cəmiyyəti də onları qəbul etmir".

Əli