“Şərqi Anadoluda öldürülən türklərin sayı ölmüş ermənilərdən iki dəfə çox olub” Siyasət

“Şərqi Anadoluda öldürülən türklərin sayı ölmüş ermənilərdən iki dəfə çox olub”

Millət vəkili: "Azərbaycanın şimalında və cənubunda isə üst-üstə yüz minlərlə insan qətliama məruz qalmışdır"

"Ötən əsrin əvvəllərində azərbaycanlılara və bütövlükdə türklərə qarşı törədilmiş dəhşətli soyqırımlarını incələyəndə çoxsaylı faktlar üzə çıxır ki, bu da azərbaycanlıların soyqırımına məruz qalmasını bir daha təsdiqləyir. Lakin, xalqımız soyqırımına məruz qalsa da, düşmənə boyun əyməmiş, bacardığı qədər müqavimət göstərib".
Bu fikirləri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.
"Xalqımızın igid, milli-vətənpərvər övladları bir sözlə, əli silah tuta bilən hər bir kəs ermənilərin qabağından qaçmamış, əksinə, təpədən-dırnağadək silahlandırılmış nizami erməni ordusuna qarşı mətinliklə vuruşub"-deyən akademikin sözlərinə görə, ermənilər isə qarşıya çıxan kəndləri, qəsəbələri viran qoymuş, əhalini vəhşicəsinə qətlə yetirmişlər: "Bu gün Ermənistan dövlətinin, erməni diasporunun, lobbisinin illərdir tətbiq etməyə çalışdığı hədəflərin necə saxta olduğunu elə təkcə 1918-ci ildə Azərbaycanın müxtəlif bölgələrində baş verən mart soyqırımının saysız qurbanları ilə puç etmək olar. Eyni zamanda, Şərqi Anadoluda onlar tərəfindən öldürülən türklərin sayı ölmüş ermənilərdən iki dəfə çox olub.
Azərbaycanın şimalında və cənubunda isə üst-üstə yüz minlərlə insan qətliama məruz qalmışdır. Bu gün Prezident İlham Əliyevin milli məsələlərdə göstərdiyi prinsipiallıq, qətiyyət bütün sahələrdə olduğu kimi, tarix sahəsində də uğurlarla yadda qalır.
Dövlət başçısının birbaşa göstərişi əsasında soyqırımı ilə bağlı araşdırmaların üzə çıxarılması, Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyasının tərtib olunması, Şamaxı, Bakı, Zəngəzur soyqırımları ilə bağlı kitabların çap edilməsi, ermənilərin bu torpaqlara köçürülməsi ilə bağlı tarixi sənədlərə söykənən nəşrlərin buraxılması bu gün tarix elminin uğurları hesab olunur. Mənfur düşmənin özünü təmizə çıxarmaq cəhdlərinin qarşısında bu kitablar əvəzedilməz ideoloji silah hesab edilir".