BAXCP bəyanat qəbul edib Siyasət

BAXCP bəyanat qəbul edib

Martın 17-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətinin məlumatına görə, iclasda qərarların icra vəziyyəti və ölkədəki ictimai-siyasi durum müzakirə olunub.
Daha sonra Krım Muxtar Respublikasında baş verən son vəziyyətlə bağlı bəyanat qəbul olunub. Bəyanatda bildirilir:"Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Krım Muxtar Respublikasının ərazisində Rusiya Federasiyasının hərbi iştirakı və dəstəyi ilə, bu torpaqların tarixi sahibləri olan Krım tatarlarının iradəsinə və Ukrayna Konstitusiyasına zidd olaraq keçirilən referendumu kəskin şəkildə pisləyir, Rusiyanı BMT Təhlüksəzilik Şurasının daimi üzvü kimi üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırır.
BAXCP Krım tatarlarının öncə çar, daha sonra isə Sovet Rusiyası tərəfindən öz tarixi vətənlərində dəfələrlə amansız təqib və təzyiqlərə, repressiyaya, məcburi köçürülməyə məruz qaldıqlarını önə çəkərək, Rusiya Federasiyasının Krım Muxtar Respublikasının ərazisində qanunsuz hərbi iştirakını bu xalqa qarşı həyata keçirilən etnik təmizləmə siyasəti kimi dəyərləndirir, zəmanətçi dövlətlərin tapşırığı ilə ordunun təcavüzə qarşı gücsüz olduğunu əsas gətirərək gözləmə mövqeyi tutan Ukraynanı taleyin ümidinə buraxdığı vətəndaşlarının, o cümlədən Krım tatarlarının təhlükəsizliyini təmin etmək üçün əməli addımlar atmağa dəvət edir.
BAXCP hesab edir ki, Türkiyə, Osmanlı dövləti ilə müttəfiq olduqları üçün torpaqları türk-rus müharibəsi nəticəsində Rusiya tərəfindən işğal edilmiş və hazırda yenidən Rusiyanın hərbi təcavüzünə məruz qalan Krım türklərinin təhlükəsizliyinin təmin olunması üçün əməli addımlar atmalıdır.
BAXCP hesab edir ki, çoxmillətli Rusiya Federasiyası, Rusiyada və bölgədə yaşayan xalqların qarşısındakı tarixi məsuliyyətini dərk etməli, dünyada etnik və aqressiv separatizmi stimullaşdırmaqdan əl çəkməli, belə davranışların əks effekt verə biləcəyi və daha acı nəticələrə yol açacağı ehtimalını göz önünə almalıdır".