Azərbaycan diaspor təşkilatları arasında aşırı narazılıqlar... Layihə

Azərbaycan diaspor təşkilatları arasında aşırı narazılıqlar...

Problem nədən qaynaqlanır?

Bu gün Azərbaycan diasporu müəyyən inkişaf mərhələsinə çatsa da, qüsurlu cəhətləri də yox deyil. Bu yazıda biz həmin problemlərdən biri - təşkilatlar arasında yaşanan narazılıqların nədən qaynaqlandığını araşdırmağa çalışacağıq. Qeyd edək ki, son zamanlar bu tendensiya daha da artıb. Müxtəlif ölkələrdə fəaliyyət göstərən təşkilatlar arasında olan bu arzuolunmaz durum – narazılıqlar az qala düşmənçilik səviyyəsinə çatır. Hətta iş o yerə gəlib çıxıb ki, ümummilli xarakter daşıyan tədbirlər belə, xoş olmayan münasibət üzündən sönük keçir. Bu da bir-biri ilə pis münasibətdə ola təşkilat rəhbərlərinin adına yazılır. Yəni müəyyən mənada, bir Azərbaycan təşkilatının digərini baykot etməsi anlamına gəlir. Sözügedən məsələ ilə bağlı çoxsaylı faktlar var və mənzərə ürəkaçan deyil. Problemin nədən qaynaqlandığını öyrənmək üçün işin içində olanlara - müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatı rəhbərlərinə müraciət etdik.
Ümumiyyətlə Azərbaycan diaspor təşkilatları arasında olan narazılıq nədən qaynaqlanır? Bu problem təşkilatların ümummilli məsələlərdə birlik nümayiş etdirməsinə, birgə fəaliyyətinə ciddi şəkildə mane olurmu? Erməni təşkilatlarında oxşar tendensiya varmı? Bu problemi necə aradan qaldırmaq olar və ya aradan qaldırmaq mümkündürmü?

"Bu, bizləri əsas hədəfdən yayındırır"

Hollandiyada fəaliyyət göstərən "Niderland Azərbaycan Evi" təşkilatının rəhbəri Elxan Mirhəşimli bildirdi ki, Avropa ölkələrində könüllü şəkildə fəaliyyət göstərən dərnəklərimiz var. E. Mirhəşimli dedi ki, onların fəaliyyətinin məqsədi Azərbaycan mədəniyyətini, tarixini avropalılara düzgün və əhatəli şəkildə anlatmaqdır: "Azərbaycanın 1 milyon qaçqını, Qarabağ kimi problemi var. Bu məsələləri dərnəklərimiz avropalılara çatdırmağa çalışırlar. Təşkilatlar arasında milli məsələlərdə heç bir fikir ayrılığı yoxdur. Bəzi təşkilat rəhbərlərində sadəcə qısqanclıq, paxıllıq hissləri var ki, bu şəxsi münasibətlərin korlanmasına, dedi-qoduların yaranmasına şərait yaradır. Daha sonra bu anormal vəziyyət təşkilatlar səviyyəsinə qədər yüksəlir. Üzülərək demək istəyirəm ki, bu da bizləri əsas hədəfdən yayındırır, birgə fəaliyyətimizə mane olur. Bu işlərə də heç kim məcburi cəlb edilməyib. Kimsə könüllü olaraq fəaliyyət göstərirsə, heç kimə minnət qoymamalı, təmənna güdməməlidir. Rəhbərlik etdiyim "Niderland Azərbaycan Evi"nin buradakı partiyalar, təşkilatlar, media orqanları və digərləri ilə əlaqələrini genişləndirmək və fəaliyyətimizi daha effektiv formada davam etdirmək istəyirik. Bu işlərə dəstək olmaq, birgə fəaliyyət göstərmək istəyən varsa qapılarımız hər kəsin üzünə açıqdır".
Onun sözlərinə görə, erməni təşkilatlar ümumiyyətlə, gözə dəyməsələr də, gördükləri işlər daha effektli olur: "Apardığım araşdırmalar əsasında deyə bilərəm ki, erməni iş adamları, milyarderləri dünyada fəaliyyət göstərən erməni diaspor təşkilatlarının güclənməsi üçün milyonlarla vəsait ayırırlar. Bundan əlavə xristian kilsə təşkilatları, başqa holland təşkilatları ilə də sıx əməkdaşlıq edib onlardan donor kimi maliyyə alırlar. Bu maliyyə yardımları ilə də öz yalan təbliğatlarını aparır və bunu hiyləgər formada, planlı şəkildə həyata keçirirlər. Onların 2015-ci ildə Hollandiyada "erməni soyqırımı" abidəsinin açılışını həyata keçirmələri, Amsterdam Azad Universitetində Azərbaycan türklərinə qarşı yalançı 2 konfrans təşkil etmələri və.s göstərir ki, ermənilər bizlərdən daha fəal, birgə və planlı şəkildə fəaliyyət göstərirlər. Baxmayaraq ki, mən də Amsterdam Azad Unversitetində Xocalı soyqırımını holland cəmiyyətinə anlatmaq üçün konfrans təşkil etdim, amma heç bir yerdən dəstək ala bilmədim. Həmçinin Friesland bölgəsində konfrans keçirdim. Bir neçə holland təşilatının və mediasının iştirakı ilə konfransı, fotosərgini başa vurmalı oldum".
E.Mirhəşimli vurğuladı ki, narazılıqların aradan qaldırılması mümkündür, yetər ki istək olsun: "Bu bizim borcumuzdur, bunu etməsək şəhidlərimizin ruhuna hörmtəsizlik etmiş olarıq. Vətənimiz üçün səmimi və ürəkdən fəaliyyət göstərən bütün dostlara uğurlar arzulayıram".

"Diaspor institutunun yaradılmasına ehtiyac var"

Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətinin üzvü, İsveçdə fəaliyyət göstərən Bütöv Azərbaycan Təşkilatının rəhbəri Teymur Eminbəyli bildirdi ki, Avropa ölkələrində yaşayan azərbaycanlıların sayı az deyil. T.Eminbəylinin fikrincə, müxtəlif səbəblərdən ölkəni tərk edən insanların düşüncələrində də ziddiyyətlər var: "Belə olan halda düşüncə tərzinə görə, iki yerə ayrılan qrupun birlikdə təşkilat qurması və ya qurduqları təşkilatların bir biri ilə hər hansı məsələdə əməkdaşlıq etməsi mümkünsüzdür". O, həmçinin "erməni təşkilatlarında belə bir tendensiyanın olmasını bilmirəm",- deyə əlavə etdi: "Amma o da məlumdur ki, erməni diasporu bizdən daha çox təcrübəyə malik olduğu üçün bu prosesi artıq keçiblər. Ermənilərin hansısa bir məsələdə bizdən qabaqda olmalarının səbəbi erməni diaspor təşkilatlarının bəlli bir sistem üzrə fəaliyyət göstərməsidir ki, bu bizdə yoxdur". O, bildirdi ki, sözügedən problemi aradan qaldırmaq olar: "Mümkün olmayan iş yoxdur. Sadəcə istək lazımdır. Diaspor institutunun yaradılmasına ehtiyac var. Diaspor institutu tez bir zamanda diasporamızın fəaliyyət proqramını hazırlayıb fəaliyyətini izləməlidir".

"Diaspor fəaliyyətində hər kəsin hədəfi yalnız millət və dövlət olmalıdır"

Azərbaycan mədəniyyətinin inkişaf və intibah fondunun direktoru və Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva bölməsinin icraçı direktoru Şamil Tağıyev bildirdi ki, diaspor təşkilatları arasında olan narazılıqlar, diaspora hansısa yolla gəlib düşən təşkilat təmsilçilərinin və yaxud təşkilat rəhbərliyinin şəxsi maraqlarının toqquşmasından irəli gəlir. Onun fikrincə, təşkilatlar arasında heç bir ziddiyyət yoxdur, amma təşkilat fəalları arasında var: "Bəzi təşkilat fəalları öz şəxsi işlərini həll etmək üçün yüksək adlardan istifadə edirlər və başqa təşkilat rəhbərliyinə qarşı təxribat aparırlar". O, hesab edir ki, belə hallar diaspor təşkilatları arasında ziddiyətin yaranmasına səbəb olur: "Çünki Moskvada elə fəal təşkilatlar və fəallar var ki, onlar nə səfirliklə əlaqə saxlaya bilirlər, nə də ki səfirliyin tədbirinə dəvət olunurlar. Bunların da səbəbi diaspor fəalları içində fitnə ilə məşğul olan insanların olmasıdır. Hansılar ki öz mənafeləri və maraqlarına görə, gənc fəallarla dövlət təmsilçilərini üz-üzə gətirmək istəyirlər. Biz çalişiriq ki, bütün tədbirlərdə fəal iştirak edək. Özümüzün keçirdiyimiz tədbirlərə də hər bir fəal insanı dəvət edirik ki, onlar da toplantılarımıza qatılsınlar". O, əlavə etdi ki, hər bir diaspor təşkilatında bu tendensiya var: "Çünki diaspor təşkilatı rəhbərinin üzünə dövlət idarələrinin və biznes adamlarının qapısı açıqdır. Amma sağlam düşüncəyə görə, açılan qapılar ancaq diasporun inkişafina xidmət etməlidir. Bəzən belə olmur və onda da fitnələr başlayir". Onun fikrincə, bu tipli problemləri aradan qaldırmaq mümkündür: "Əgər diaspor təşkilatlarına şəxsi marağı olmayan insanlar rəhbərlik edərlərsə müsbət nəticələr əldə oluna bilər: "Diaspor fəaliyyətində hər kəsin hədəfi yalnız millət və dövlət olmalıdır".


"İntriqa lobbiçilik təcrübəsinin az olmasından qaynaqlanır"

Ukraynada fəaliyyət göstərən Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Ukrayna Nümayəndəliyinin rəhbəri Xəzri Abdullayev dedi ki, narazılıq təkcə diaspor təşkilatları arasında deyil, fərdlər, dostlar və hətta ailə arasında da ola bilər: "İş ondadır ki, Azərbaycanın diaspor təşkilatlarının bəzilərinin arasında narazılıq artıq düşmənçilik həddinə çatıb. Əvvəllər elə diaspor təşkilatları var idi ki, düşmən münasibət təkcə təşkilat rəhbərləri səviyyəsilə məhdudlaşmırdı. Təşkilat üzvləri də rəhbərlik tərəfindən digər birliklərin üzvlərinə qarşı düşmənçiliyə təşviq edilirdi. Bu cür halların yaşanması dövlətçiliyimizə zərbədir. Diaspor rəhbərlərinin bir-birini müxtəlif yerli və xarici media vasitəsi ilə tənqid və ya təhqir etməsi sadəcə düşmənlərimizin işinə yaraya bilər. Hər hansı bir diaspor təşkilatımız arasında dava -dalaşın, intriqanın olması bir az da lobbiçilik təcrübəsinin az olmasından qaynaqlanır". O, əlavə etdi ki, təqribən iki il əvvələ kimi hər hansı bir diaspor təşkilatı Azərbaycanla bağlı tədbir keçirirdisə digər diaspor təşkilatlarının nümayəndələri rəqib təşkilatın tədbirinə getmirdi: "Amma getdikcə diaspor ümumiləşir hər kəs istədiyi təşkilatın tədbirində iştirak edir. Həmişə 100 nəfərin görə birmədiyi işi indi savadlı və kreativ 5 -10 gənc diaspor nümayəndəsi görə bilir. Artıq diaspor fəaliyyətinin toplum işi olmadığını anlamaq lazımdır. Diaspor fəaliyyəti hazırda ağıllı şəkildə aparılmalıdır. Lazım olduğu zaman qapalı şəkildə fəaliyyətini aparmalısan. Təbii ki dövlətin xeyrinə nəsə lazımdırsa....". O, "bundan sonra da Ukraynada diaspor birliyinin yaranması uğrunda mücadilə aparacağıq",- deyə bildirdi: "Diaspor birliyinə nail olmaq üçün isə təkcə dövlətçilik və Azərbaycan naminə çalışmaq lazımdır".
Göründüyü kimi, sözügedən problem demək olar ki, bütün ölkələrdə fəaliyyət göstərən təşkilatlarımız arasında var. Narazılıq hallarının olması təbii haldır. Amma bu aşırı xarakter alırsa və ümummili məsələlərdə ehtyac duyulan kütləvi tədbirlərə, həmçinin digər addımlara əngəl yaradırsa o zaman problemin ən azı minimuma endirilməsi zəruridir.

"Əsas məsələ hədəfin eyni olmasıdır"
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev isə "Azərbaycan diaspor təşkilatları arasında narazılıq olması fikri ilə razı deyiləm",- deyə bildirdi. O, əlavə etdi ki, hansısa məsələyə münasibətdə fikir ayrılıqları ola bilər: "Ancaq bunu narazılıq kimi təqdim etmək doğru olmazdı. Fikir ayrılıqları hər yerdə, hər bir sahədə ola bilər. Azərbaycan diaspor təşkilatlarının da fəaliyyətində belə fərqli yanaşmalar mövcuddur. Lakin bu problematik bir məsələ deyil. Hər bir diaspor təşkilatında onlarla insan təmsil olunur. Hər bir insanın da müxtəlif məsələlərə yanaşma tərzi fərqli ola bilər. İnsanların düşüncələri, dünyagörüşləri fərqlidir. Bu fərqliliklər təbii ki, diasporun fəaliyyətində də özünü biruzə verir. Əsas məsələ ondan ibarətdir ki, bizim diaspor təşkilatlarımız Azərbaycanın ümumi maraqları və dövlətin mənafeyi ilə bağlı istənilən çağırışımıza hər zaman fəal şəkildə qoşulurlar, bu çağırışa səs verməyə, hər hansı reaksiya verməyə hazırdırlar. Bizim də əsas məqsədimiz elə bundan ibarətdir. Ayrı-ayrı məsələlərin həyata keçirilməsində, ayrı-ayrı məsələlərə yanaşmada taktiki, strateji düşüncə fərqləri ola bilər. Amma əsas məsələ hamıda hədəfin eyni olmasıdır və hamısı da bu hədəf istiqamətində öz imkanlarını və potensiallarını sərf etməyə hazırdırlar".

Əli Zülfüqaroğlu

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.