Mediada kriminal xəbərlər Layihə

Mediada kriminal xəbərlər

"Adi bir kriminal olayı xüsusi bir vurğuyla, baş xəbər kimi təqdim etmək düzgün deyil"

II yazı

... Jurnalist Əzizə İsmayılova hesab edir ki, xəbərin mahiyyətini və cəmiyyətə hesablanıb-hesablanmadığını nəzərə almaq lazımdır: "O xəbərin ki, informasiya tutumu cəmiyyət üçün lazımlıdır, təbii ki, onu demək, yazmaq, göstərmək gərəkdir. Hər insanın xəbərə yanaşması subyektivdir. Man, məsələn, çalışıram verdiyim xəbərlər insanlarda ruh düşkünlüyü, həyata nifrət yaratmasın. Onsuz da yüklü beyinlərini bir az da mən yükləməyim. Bizə öyrədiblər ki, aparıcı neytral olmalıdır. Onun efir müddətində şəxsi münasibəti hiss olunmamalıdır. Təbii ki, canlı efirdir və biz də canlı insanlarıq".
Xəbərlərin mahiyyətinin fərqli olduğunu bildirən media eksperti Ələsgər Məmmədli hesab edir ki, hər hansı bir əsgərin zorakılığa məruz qalması və ya öldürülmə faktı, xüsusilə komandir-əsgər münasibətindən doğan ölüm səbəbi varsa, bu, ictimai əhəmiyyət daşıyır və bu cür xəbərlərdən cəmiyyət xəbər tutmalıdır: "Ancaq davamlı olaraq hər hansı bir sayt yalnız ölüm xəbərlərini paylaşırsa bu, cəmiyyətdəki real vəziyyəti əks etdirə bilməz. Normalda hər on min və ya yüz min nəfərə ölüm sayı bir nəfərdirsə, xəbərlərdə bu, bəzən 3-5 faizə gəlib çatırsa, demək burada disbalans var. Nəticə etibarı ilə biz elə etməliyik ki, bu xəbərlər cəmiyyətdəki bütün informasiyaları əhatə edən xəbərlər kateqoriyasında olsun və ictimai əhəmiyyət daşısın. O xəbərlər ictimai əhəmiyyət daşıyır ki, orada ya ölüm səbəbləri mübahisəlidir, ya ölümə təhrik və təşviq edilən məqamlarda kimlərsə suçludur. Bunlar hadisə kimi də önəm daşıyır".
Ekspertin fikrincə, sıradan olan hər ölüm hadisəsini xəbərə çevirmək düzgün deyil. Belə ki, bir çox insanlar bu tip xəbərləri oxuduğu və ya seyr etdiyi zaman bəzən psixoloji təsirə düşüb həmin zəncirə qoşula bilər: "İntihar xəbərləri bəzən bu cür baş verir. Bəzi intiharların səbəbi də maraqlıdır. Məsələn, ana körpə dünyaya gətirir və dərhal intihar edir. Bunun səbəblərini tapmaq üçün ictimai diskussiya etmək lazımdır. Yəni bu hadisələrin hamısını gizlətmək olmaz. Media toplum mühəndisliyi deyil. Nəyi necə verəcəyini də qabaqcadan planlaşdırıb verə bilməz. Media aktual olduğunu, ictimai əhəmiyyət daşıdığını bildiyinə görə "xəbər" deyə hər şeyi ölçərək verməlidir. Əgər media "Cəmiyyət yalnız xoşbəxt olsun, orada heç vaxt bəd xəbər olmasın" - deyərsə, öz vəzifəsini yerinə yetirə bilməz və toplum mühəndisliyinə başlamış olar".
Ekspertin fikrincə, heç bir anlam daşımayan, cəmiyyətə heç bir mesaj verməyən məqamları media özü seçməlidir. Belə ki, bu seçimdə çox şey peşəkarlıq üzərində nöqtələnir: "Media hər informasiyanı informasiya kimi təqdim edə bilirmi, yoxsa yalnız kriminallara yönələ bilir? Media hər məqamda diskussiya predmeti ola biləcək məqamı işıqlandıra bilmir, daha çox hüquq-mühafizə orqanlarının kriminal xronikasına yönəlir. Bu zaman kriminal xəbərlərin gündəmdəki yeri şişirdilmiş olur. Bu da ciddi şəkildə görüntü fərqliliyi yaradır. İnsanlar fərqli psixoloji duruma sahibdirlər. Hər xəbər hər insanı fərqli nəticəyə aparıb çıxarır. Bu həmçinin ölümün adi bir hadisə olması anlamına səbəb olur. Kiminsə psixoloji problemi varsa, o da əlinə bir alət götürür, ya özünə, ya da başqasına xətər yetirir. Ona görə burada medianın peşəkarlığı önəmlidir ki, gerçək dəyəri olan, ictimai diskussiya yarada bilən informasiyaları ictimaiyyətə açsın".
Bütün dünyada qətl hadisələrinin ən çox oxunan və baxılan xəbərlər siyahısına daxil olduğunu qeyd edən Yeni Media Jurnalistləri İctimai Birliyinin rəhbəri Xəqani Səfəroğlu hesab edir ki, kriminal xəbərlər cəmiyyətin özündən qaynaqlandığı üçün həmişə böyük marağa səbəb olur: "Bu, bir növ real hadisə olduğu üçün insanlar ona daha çox diqqət yetirirlər. Bütövlükdə baxanda ölkənin yeni mediasında, mətbuatda, elektron mediada və sosial şəbəkələrdə ilk baxışdan elə bir təəssürat yaranır ki, qətl hadisələri, intiharla bağlı xəbərlər və s. ilkin sıralarda yer alır. Bu da müəyyən narahatlıqlar doğurur? Ekspertin fikrincə, ən böyük narahatlıq kriminal xəbərlərin təsiri altında aqressiv mühitin və ovqatın formalaşmasından ibarətdir. Belə ki, bunun müəyyən amillərindən biri xəbər proporsiyasının düzgün bölünməməsidir. "Bizim ölkəmizdə bəzi xəbərlərin - sosial, siyasi müstəvidə olan xəbərlərin arxa plana keçməsi ilə bağlıdır. Nəticədə kriminal və şou xəbərlər daha üstünlük təşkil etməyə başlayır. Avropa ölkələrində, hətta Rusiyada belə kriminal xəbərlərlə bağlı xüsusi saytlar, jurnallar fəaliyyət göstərir və informasiyalar təhqiq olunur. Hadisə baş veribsə məhkəmə işi araşdırılır, şahidlərlə bağlı məqalələr yazılır, proses haqda məlumat verilir və qətlin baş verməsinin sosial aspektləri göstərilir. Həmçinin hadisə ilə bağlı maarifləndirmə xətti də üstünlük təşkil edir. Azərbaycanda isə cinayət hadisələri ilə bağlı yalnız hüquq-mühafizə orqanlarından alınan xəbərlər təqdim olunur. Bəzən bu xəbərlər həqiqəti əks etdirmir. Sosial şəbəkələrin və yeni medianın fəaliyyət göstərdiyi şəraitdə bu cür xəbərləri bir dəfə paylaşmaq kifayət edir ki, hər tərəfə yayılsın. Bəzən hadisə baş verir, ancaq 10-15 dəqiqədən sonra təkzib olunur. Artıq xəbər yayıldığı üçün bunun qarşısını heç cür almaq olmur. Bu da internet medianın özəlliyidir".
İctimai Birlik rəhbəri hesab edir ki, bütövlükdə cəmiyyətdə kriminal xəbərlərin payının çox olması müəyyən bir narazılıq yarada bilər. Xüsusən yeni qəzet oxumağa başlayan, sosial şəbəkələri izləyən gənclər həssas dövrlərini yaşadıqlarından psixoloji narahatlıq keçirə bilərlər: "Ən çox narahatlıq doğuran məsələlərdən biri də qətllərlə bağlı fotoların paylaşılmasıdır. Bu ciddi şəkildə peşə etikası qaydalarını pozur. Ölən adamın üzü, qan izləri, meyitin doğranmış hissələri göstərilməməlidir. Qətl hadisələrini şərti bir foto ilə və ya həmin insanın üzü və ya müəyyən hissələrini örtülmüş formada göstərmək olar. Bu, həm sosial şəbəkələrə, həm də KİV-ə aiddir. Sanki bir yarış gedir. "Kim daha canlı göstərir, kim daha detalları ilə təsvir edə bilirsə sanki özünü həmin xəbərin mənbəyi kimi təqdim edir. Bu da cəmiyyətdə aqressiv bir mühitin formalaşmasına səbəb ola bilər".
Ekspertin fikrincə, televiziyalardakı kriminal verilişlərdə də uzun-uzadı diskussiyaların aparılması məqbul deyil: "Medianın vəzifəsi xəbəri vermək və ya ictimai əhəmiyyəti varsa onunla bağlı detalları açmaqdır. Amma adi bir kriminal olayı xüsusi bir vurğuyla, baş xəbər kimi təqdim etmək düzgün deyil. Çünki bu, ən çox uşaqlara təsir edir. Belə ki, indi onlar da internetin aludəçisinə çevriliblər". Ekspert qətllərlə bağlı xəbərlərin və ya fotoların KİV-də və sosial şəbəkələrdə yer alması üçün hər hansı bir qadağanın tətbiq olunmasını əhəmiyyətsiz hesab edir. Belə ki, sadəcə Mətbuat Şurasının qəbul etdiyi peşə kodeksinə əməl etmək lazımdır: "Özünə hörmət edən hər KİV peşə etikasını gözləməyə borcludur. Bunun üçün sadəcə işin başında peşəkarlar olmalıdır - ən vacibi də budur. Problemin qarşısını qadağa ilə yox, peşəkarlıqla almaq olar".
Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyevin fikrincə, kriminal hadisələr və faciələrə KİV-də məhz bu mövzuya olan marağa görə geniş yer verilir: "Bu yanaşma təkcə Azərbaycanda yox, digər dövlətlərdə də mövcuddur. Xüsusilə internet saytlarında və informasiya portallarında kriminal xəbərlərə geniş yer verilir. Bunun düzgün və ya səhv olduğunu müəyyən etmək çətindir. Çünki bir qrup bunu normal hesab edir və bu tipli xəbərlərin mətbuatda yer almamasını jurnalistikanın obyektiv və şəffaflıq prinsiplərinə zidd sayır. Digər bir qrup isə əksinə bu tipli xəbərlərə geniş yer verilməsinin sonda insanların psixologiyasına təsir etməsi kimi fəsadlar yaratdığını iddia edir".
İctimai Birlik sədrinin fikrincə, bu tip xəbərlərin neqativ mövqe ilə üzləşməsi onların auditoriyaya çatdırılmasında yol verilən sırf jurnalistika standartlarına əməl olunmaması ilə bağlı problemlərdir. "Misal üçün, cinayət baş verib, bu faktı araşdıran müxbirlər faktı dəqiqləşdirməmiş məlumat yayır, saxlanılan şəxsi cinayətkar adlandırır, halbuki həmin şəxsin rəsmi olaraq cinayət törətdiyi təsdiqlənməyib. Cinayət ərazisindəki qanlı və ya digər xoşagəlməz görüntülər heç bir zəruri montaj olmadan, ilkin variantda efirə verilir. Əlbəttə, bütün bunları ciddi qüsur saymaq olar. Digər tərəfdən, kriminal və faciə xəbərlərinin mətbuata çıxmasının yalnız istisna hallarda qarşısını almaq münasib olar. Dövlət maraqlarına zidd bir hal yaranarsa və ya hadisənin baş verdiyi ailənin fərdlərinin tələbi ilə bu məlumatların KİV-də yayılmasına müəyyən məhdudiyyətlər qoymaq olar. Amma digər hallarda bu xəbərlərin istənilən halda peşəkar jurnalistika standartlarına uyğun formada yayılmasında heç bir problem görmürəm".
Bu cür hadisələrin mətbuatda yer almasının cəmiyyəti aqressivləşdirməsinə gəlincə, ekspert hesab edir ki, bu fikirdə müəyyən qədər həqiqət var: "Amma təsəvvür edin: hadisə baş verir və heç bir media orqanı bu hadisəni işıqlandırmır. Bu tamaşaçılarda təəccüb və narazılıq hissi doğura bilər. Mən hadisənin insanlara düzgün çatdırılmasının tərəfdarıyam. Bu zaman maarifləndirməyə xüsusi yer verilməlidir. Yəni hadisə baş verməsinin səbəbləri ciddi araşdırılmalı, bu tipli hadisələrin bir daha baş verməməsi üçün təkliflər səsləndirilməli, çıxış yolları göstərilməlidir. Bu zaman cəmiyyətdə xüsusi çəkiyə malik şəxslər, ictimai xadimlər, dövlət adamları və psixoloqların məsələ ilə bağlı mövqelərinə geniş yer verilməlidir. Bütün bu deyilənlərə düzgün riayət olunsa, biz bu sahədə ciddi problemlərlə üzləşmərik".

Əli