Sərin hava: yay turizminə və sahibkarlara mənfi təsiri
10 İyun 23:49

Müasir dövrün sürətli texnoloji tərəqqisi və qloballaşma prosesləri bəşəriyyətin həyat tərzini, dünyagörüşünü və kommunikasiya vasitələrini kökündən dəyişib. Bu gün informasiya axınları sərhəd tanımır, rəqəmsal platformalar isə yeni nəsillərin, xüsusilə Z və Alfa nəsillərinin formalaşdığı əsas mühitə çevrilir. Bu yeni reallıq cəmiyyətimiz üçün yeni imkanlar açmaqla yanaşı, həm də milli kimliyin, adət-ənənələrin və əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlərin qorunması baxımından ciddi çağırışlar ortaya qoyur.
Artıq gənc nəslin vətənpərvər, sağlam düşüncəli və milli köklərinə bağlı vətəndaşlar kimi yetişdirilməsi məsələsinə yalnız ənənəvi tərbiyə üsulları ilə yanaşmaq kifayət etmir. Bu proses dövlət siyasətinin prioritet istiqaməti olmaqla bərabər, həm də ailədən tutmuş təhsil müəssisələrinə, media qurumlarından vətəndaş cəmiyyəti institutlarına qədər hər kəsin üzərinə düşən mühüm bir "sosial məsuliyyət"ə çevrilib. Milli-mənəvi irsimizin rəqəmsal transformasiya şəraitində qorunması, ənənələrimizin müasir texnologiyalar vasitəsilə yeni nəslə cəlbedici formada çatdırılması və virtual mühitdə sağlam məzmun mühitinin yaradılması gələcəyimizin ən mühüm təminatıdır. Bu yazıda millət vəkilinin dövlət səviyyəsindəki strateji çağırışları və sosioloqların rəqəmsal dövrdə milli identikliyin qorunmasına dair elmi-praktiki yanaşmaları fonunda, cəmiyyətimizin qarşısında duran mürəkkəb vəzifəni təhlil etməyə çalışmışıq.
“Sosial məsuliyyət”
Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə açıqlama verən millət vəkili Ceyhun Məmmədov bildirib ki, müasir dövrdə gənc nəslin milli-mənəvi dəyərlər əsasında formalaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Onun sözlərinə görə, Azərbaycan dövləti bu sahəyə xüsusi diqqət ayırır və gənclərin sağlam düşüncəli, vətənpərvər və milli kimliyinə bağlı vətəndaşlar kimi yetişməsi üçün ardıcıl tədbirlər həyata keçirir: “Bu gün ölkəmizdə gənclərin sağlam ruhda böyüməsi, milli-mənəvi dəyərlərə sadiq şəkildə formalaşması üçün müxtəlif dövlət proqramları, layihələr və təşəbbüslər reallaşdırılır. Gənclər siyasəti Azərbaycan dövlətinin strateji istiqamətlərindən biridir və bu sahədə görülən işlər gələcəyimizin təminatı baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki hər bir dövlətin gələcəyi onun yetişdirdiyi gənc nəslin dünyagörüşündən, mənəvi keyfiyyətlərindən və vətənə bağlılığından asılıdır”.
Deputat qeyd edib ki, qloballaşma və rəqəmsal texnologiyaların sürətli inkişafı yeni imkanlarla yanaşı, yeni çağırışlar da yaradır:
“Bu gün informasiya axını əvvəlki dövrlərlə müqayisədə qat-qat sürətlənib. Sosial şəbəkələr, müxtəlif rəqəmsal platformalar və yeni kommunikasiya vasitələri gənclərin həyatında mühüm yer tutur. Belə bir şəraitdə onların düzgün istiqamətləndirilməsi daha da vacib məsələyə çevrilir. Artıq bu prosesə yalnız ailə və ya məktəb məsuliyyəti kimi baxmaq olmaz. Burada dövlət qurumlarının, təhsil müəssisələrinin, media quruluşlarının, vətəndaş cəmiyyətinin və bütövlükdə cəmiyyətin üzərinə mühüm vəzifələr düşür”.
C.Məmmədovun sözlərinə görə, gənclərin mənfi təsirlərdən qorunması və sağlam mühitdə formalaşması üçün maarifləndirmə fəaliyyətləri fasiləsiz xarakter daşımalıdır: “Maarifləndirmə və təbliğat işi birdəfəlik kampaniya şəklində deyil, davamlı və sistemli şəkildə aparılmalıdır. Ailələrlə müntəzəm iş aparılmalı, valideynlərin məsuliyyəti artırılmalı, məktəblərdə tərbiyə və ideoloji iş daha da gücləndirilməlidir. Gənclərlə açıq dialoq qurulmalı, onların qarşılaşdığı problemlər vaxtında öyrənilməli və həlli istiqamətində addımlar atılmalıdır. Yalnız ardıcıl və məqsədyönlü fəaliyyət nəticəsində mənfi tendensiyaların qarşısını almaq mümkündür”.
Deputat vurğulayıb ki, kütləvi informasiya vasitələrinin və sosial medianın da bu istiqamətdə rolu böyükdür: “Bu gün televiziya kanalları, xəbər portalları və sosial media platformaları gənclərin düşüncə tərzinə ciddi təsir göstərir. Ona görə də bu platformalarda maarifləndirici, milli və mənəvi dəyərləri təbliğ edən məzmunun artırılması vacibdir. Gənclərin maraqlarına uyğun layihələr hazırlanmalı, onların diqqətini cəlb edən müasir formatlardan istifadə edilməlidir. Milli kimliyi, vətənpərvərlik hisslərini və sağlam həyat tərzini təşviq edən proqramlar cəmiyyət üçün olduqca əhəmiyyətlidir”.
Millət vəkili hesab edir ki, bu sahədə ardıcıl tədbirlər görülmədiyi təqdirdə gələcəkdə daha ciddi sosial problemlərlə qarşılaşmaq mümkündür: “Əgər maarifləndirmə və tərbiyə işi lazımi səviyyədə aparılmazsa, gələcəkdə müxtəlif sosial problemlərin artması riski yaranacaq. Buna görə də məktəblərdə, ailələrdə, ali təhsil müəssisələrində, media məkanında və ictimai həyatın bütün sahələrində sistemli fəaliyyət davam etdirilməlidir. Gənclərin sağlam düşüncəli, milli maraqlara sadiq və mənəvi cəhətdən güclü vətəndaşlar kimi yetişməsi Azərbaycanın gələcəyinin ən vacib təminatlarından biridir”.
Milli-mənəvi dəyərlər rəqəmsal dövrdə
Sosioloq Üzeyir Şəfiyev “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, müasir dövrdə cəmiyyətin qarşısında duran əsas vəzifələrdən biri milli-mənəvi dəyərlərin rəqəmsal transformasiya şəraitində qorunaraq gələcək nəsillərə ötürülməsidir: “Bu gün biz rəqəmsal və informasiya cəmiyyətində yaşayırıq. Rəqəmsal transformasiya həyatın bütün sahələrinə təsir göstərir və bu proses milli-mənəvi dəyərlərimizin qorunması məsələsini də aktuallaşdırır. Əsas məqsəd yeni texnologiyaların yaratdığı imkanlardan səmərəli istifadə etməklə milli kimliyimizi, adət-ənənələrimizi, mədəni irsimizi və mənəvi dəyərlərimizi gələcək nəsillərə çatdırmaqdır. Qloballaşmanın sürətləndiyi, informasiya axınının sərhəd tanımadığı bir dövrdə milli identikliyin qorunması strateji əhəmiyyət kəsb edir”.
Sosioloqun sözlərinə görə, müasir informasiya-kommunikasiya texnologiyaları bu istiqamətdə geniş imkanlar yaradır: “Bu gün innovativ texnologiyalar vasitəsilə milli irsimizi daha müasir, daha cəlbedici və gənclərin maraqlarına uyğun formada təqdim etmək mümkündür. Uşaq ədəbiyyatının rəqəmsallaşdırılması, milli mövzulu cizgi filmlərinin hazırlanması, animasiya layihələrinin yaradılması, elektron kitabların, rəqəmsal oyunların və müxtəlif multimedia məhsullarının hazırlanması milli dəyərlərin təbliğində mühüm rol oynaya bilər. Milli nağıllarımız, dastanlarımız, folklor nümunələrimiz və tarixi şəxsiyyətlərimiz müasir texnologiyaların imkanları hesabına yeni nəslə daha yaxın və anlaşıqlı formada təqdim edilə bilər”.
Ekspert qeyd edib ki, milli-mənəvi dəyərlər üzərində formalaşan gənclər dövlətin və cəmiyyətin gələcəyi üçün mühüm təminatdır: “Milli dəyərlərlə böyüyən gənclər öz kimliklərini daha yaxşı dərk edir, vətənə bağlı olur, milli maraqları qorumağın vacibliyini anlayırlar. Bu da cəmiyyətin sosial-mədəni dayanıqlığını artırır, milli birliyi möhkəmləndirir və xarici təsirlərə qarşı ictimai immunitet formalaşdırır. Bu baxımdan rəqəmsal mühitdə milli məzmunun artırılması sadəcə mədəni məsələ deyil, həm də milli təhlükəsizlik və dövlətçilik baxımından əhəmiyyətli məsələdir”.
Ü.Şəfiyev vurğulayıb ki, təhsil müəssisələri ilə yanaşı, sosial şəbəkələrdə də sağlam məzmun mühiti formalaşdırılmalıdır: “Bu gün Z və Alfa nəsli böyük ölçüdə sosial media platformalarının və rəqəmsal texnologiyaların təsiri altında formalaşır. Yaxın gələcəkdə formalaşacaq Beta nəslinin də dünyagörüşü əsasən rəqəmsal mühitdə formalaşacaq. Buna görə də sosial şəbəkələrdə milli-mənəvi dəyərləri, ailə institutunu, vətənpərvərliyi və sağlam həyat tərzini təbliğ edən məzmunların sayı artırılmalıdır. Sosial media artıq təkcə əyləncə vasitəsi deyil, həm də mühüm sosiallaşma və tərbiyə platformasına çevrilib”.
Sosioloq bildirib ki, milli dəyərləri hədəf alan və onları gözdən salmağa çalışan tendensiyalara qarşı daha həssas yanaşmaq lazımdır: “Təəssüf ki, bəzən müxtəlif rəqəmsal platformalarda, hətta süni intellekt texnologiyalarının imkanlarından istifadə olunmaqla ailə institutunu, milli adət-ənənələri və cəmiyyətimizin mənəvi dayaqlarını nüfuzdan salmağa yönələn məzmunlar yayılır. Ağsaqqal və ağbirçək institutları, ailə dəyərləri, böyüyə hörmət, kiçiyə qayğı, qədim toy və ailə ənənələri kimi milli arxetiplərimiz xalqımızın tarixi yaddaşının mühüm hissəsidir. Bu dəyərlərin qorunması milli kimliyin qorunması deməkdir”.
Ekspert hesab edir ki, yeni texnologiyalar milli dəyərlərə təhlükə kimi deyil, onları gücləndirən vasitə kimi istifadə olunmalıdır: "Rəqəmsal dövrün çağırışları fonunda uşaq və yeniyetmələrə milli-mənəvi, əxlaqi və mədəni dəyərlərimizi müasir üsullarla aşılamaq vacibdir. Yeni texnologiyalarla milli dəyərlərin sintezini yaratmaqla həm gənclərin maraqlarını nəzərə ala, həm də onların sağlam mənəvi mühitdə formalaşmasına nail ola bilərik. Məhz bu yanaşma milli identikliyimizin qorunmasına, cəmiyyətimizin mənəvi dayaqlarının möhkəmlənməsinə və gələcək nəsillərin milli ruhda yetişməsinə xidmət edəcək”.
Günel Elxan