Düşənbə - Bakı ilə Ankaranın Qarabağ planının ilk dayanacağı Layihə

Düşənbə - Bakı ilə Ankaranın Qarabağ planının ilk dayanacağı

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin nə dərəcədə aktuallıq kəsb etdiyini sübut etməyə ehtiyac yoxdur. Bunu bütün dünya dərk edir. Ancaq, təəssüf ki, Ermənistan rəhbərliyi problemin dinc yolla nizama salınmasının əhəmiyyətini tam anlamaqda ciddi çətinlik çəkir. Xüsusilə Nikol Paşinyan hökuməti münaqişə haqqında ziddiyyətli fikirlər ifadə etməkdədir. Bunun fonunda mətbuatda Vladimir Putinin Bakıya səfər etməsi və dərhal Düşənbədə MDB dövlət başçılarının növbəti toplantısının keçirilməsi ortaya bir sıra maraqlı məsələlər çıxarıb. Ekspertlər Rusiya Prezidentinin Azərbaycan paytaxtında əhəmiyyətli bəyanatlar verməsi ilə N.Paşinyanın Düşənbədə İlham Əliyevlə danışığa can atması arasında bir əlaqənin olub-olmadığını şərh etməyə çalışırlar. Düşənbədə Azərbaycan Prezidenti Ermənistanın baş naziri ilə söhbətə razılıq verib. Buna ermənilər çox seviniblər. Onlar bəzi məsələlər üzrə tərəflərin razılığa gəlməsini irəliyə doğru atılmış addım kimi qiymətləndirirlər. Yaranmış vəziyyətin Vladimir Putinin Bakı səfəri və MDB-nin Düşənbə sammiti fonunda necə göründüyü üzərində geniş dayanmaq istərdik.
Rusiya Prezidentinin Azərbaycana səfər etməsi və buradan İrəvana getməməsi KİV-də müzakirələrə səbəb olub. Ermənistan mətbuatında ekspertlər bu hadisəni təsadüfi saymırlar və arxasında Vladimir Putinin diplomatik gedişinin dayandığını deyirlər. Onlar hesab edirlər ki, Rusiyanın dövlət başçısı bu davranışı ilə Cənubi Qafqazda Kremlin geosiyasi prioritetlərində düzəliş ola biləcəyi mesajını verib. Konkret olaraq Rusiya üçün Azərbaycanla əməkdaşlıq daha böyük geosiyasi qiymət alıb. Və hətta iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksələ bilər.
Doğrudan da, Rusiya Prezidentinin Azərbaycana gəlişi və ümumiyyətlə, onun İlham Əliyevlə müzakirələr aparması ciddi siyasi diqqəti ifadə edir. Moskva Bakı ilə münasibətlərini yeni müsbət səviyyəyə qaldırmaqda qərarlı görünür. Bunun başlıca prinsipini də V.Putin Bakıda ifadə etdi. Rusiyanın dövlət başçısı dedi: Rusiya-Azərbaycan münasibətləri iki müstəqil dövlətin qarşılıqlı hörmətə əsaslanan bərabərhüquqlu əməkdaşlığına dayanır. Bütün məsələlər məhz bu qaydanı gözləməklə müzakirə edilir. O cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı həmin prinsipə uyğun müzakirələr aparılır.
Ekspert Stanislav Tarasov hesab edir ki, Bakı ilə Ankara Dağlıq Qarabağ münaqişəsinin həlli üçün kompleks strateji plan üzərində işləyir və bu proses Tacikistan paytaxtı Düşənbədən başlayıb.
ANAJ yazır ki, ötən həftə Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan Tacikistanın paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyinin sammiti çərçivəsində bir araya gəliblər. Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda tərəflər təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi, eləcə də problemə son qoyulması üçün danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.
Bəs Azərbaycan və Ermənistan rəhbərliyi arasında görüşlərinin keçirilməsilə Dağlıq Qarabağ münaqişəsinə son qoyulacaqmı? 30 ilə yaxındır davam edən problem həllini tapacaqmı?
İstər Bakı, istərsə də Yerevan münaqişə ilə bağlı mövqeyində qaldığını bildirir. Nikol Paşinyan Azərbaycan prezidenti ilə görüşdən bir müddət əvvəl BMT Baş Assambleyasının toplantısındakı çıxışında Qarabağ bölgəsinin Azərbaycanın tərkibinə qaytarılmasının qeyri-mümkünlüyünü demişdi. Azərbaycan XİN-i isə bu çıxışı tənqid etmiş, bunu BMT-nin qərarlarına hörmətsizlik, münaqişənin sülh yolu ilə həlli prosesinə zidd bəyanat kimi qiymətləndirmişdi.
Yerevana yaxınlığı ilə tanınan rusiyalı siyasi ekspert Stanislav Tarasov hesab edir ki, tərəflər arasında qoşunların təmas xəttindən uzaqlaşdırılması, atəşkəs rejiminin qorunması ilə bağlı əldə olunmuş şərti razılıq son bir neçə ildə baş verən nadir hadisələrdəndir. "Bu, böhranın həlli prosesində yeni fəslin başlaya biləcəyindən xəbər verir", - deyə o, bildirib.
Bununla yanaşı, Tarasov hesab edir ki, İlham Əliyev ilə Nikol Paşinyan arasında əldə olunmuş razılığın icrası ilə prosesə Türkiyə də qoşulacaq: "Əslində, Ankara Yerevanla əlaqələri normallaşdırmaqla, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına çalışacaq. Hadisələrin gedişatı göstərir ki, Bakı ilə Ankara Qarabağ böhranının həlli üçün kompleks strateji plan üzərində işləyir və bu proses Tacikistan paytaxtı Düşənbədən başlayıb".
Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin "İzvestiya" qəzetinə müsahibəsində deyib ki, yalnız bir real perspektiv var – münaqişənin danışıqlar vasitəsilə sülh yolu ilə həlli. Azərbaycan və Ermənistan xalqının təhlükəsizliyə, sabitliyə və inkişafa olan həyati maraqları Rusiyanın hərtərəfli şəkildə dəstəklədiyi danışıqlar prosesinin əsası və siyasi hərəkətverici qüvvəsidir.
O xatırladıb ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri – Fransa və ABŞ ilə sıx əməkdaşlığa davam edir.
Q.Karasinin sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən müəyyən edilmiş vektor istiqamətində sülh razılaşmalarının hazırlanmasında münaqişə tərəflərinə yardım etmək üçün əlindən gələni etməyə çalışır. "Bu mövqeyimiz dəyişməz olaraq qalır və bu, Rusiya Federasiyasının Xarici Siyasət Konsepsiyasında əksini tapıb, Vladimir Putinin hər iki ölkənin liderləri ilə son görüşlərində bir daha təsdiqlənib", – Q.Karasin bildirib.
Ekspert Hüseynbala Səlimovun fikrincə, dərhal duyulur ki, biz hələ N.Paşinyana və onun hakimiyyətinə münasibətimizi tam müəyyənləşdirməmişik: "Bir tərəfdən Düşənbədəki ayaqüstü söhbətdən optimist notlarla danışırıq, digər tərəfdən Ermənistanda növbəti diktaturanın oturuşmasından bəhs edirik, üçüncü tərfədən də bu ölkədə böhranın dərinləşməsi və vətəndaş qarışıdurması ilə əvəz oluna bilməsi ehtimalı haqqında fikir yürüdəndə sevincimizi gizlədə bilmirik...
Əslində bütün bunlar təbiidi, çünki Ermənistan bizim üçün düşmən bir ölkədir, düşməninsə pis gününə sevinmək adi bir haldır. Üstəlik, Nikol müəllim özü də bizə münasibətini hələ cilalayıb kristallaşdırmayıbdır, son günlərədək – Düşənbə sammitinə qədər onun siyasətində daha hansı tipli metamorfozalara təsadüf etmədik?"
Ekspert qeyd edir ki, gah bizə Dağlıq Qarabağdakı oyuncaq rejimlə danışmağı məsləhət bildi, gah da ki, müharibə ilə hədələdi, hətta müharibə immitasiyası yaratmağa da çalışdı...
Düşənbədəki görüşdən də razılıq etməsi təsadüfi deyil, rastlaşdığı zərurətdən yaranır: bu adam hakimiyyətini legitimləşdirmək əzmindədir, bunun üçünsə növbəti seçki keçirilməlidir, seçki üçün isə ilk növbədə Azərbaycan sarıdan arxayın olmalıdır, ona görə ki, Dağlıq Qarabağdakı hərbi teatra onun rəqibləri, bəlli hərbi- siyasi klan nəzarət edir və onlar da istənilən anda Paşinyan üçün fors-major situasiyalar yarada bilərlər: "Elə buna görə də Paşinyan Bakı ilə birbaşa əlaqə qurmağa cəhd edir. Hətta özünü başqa bir tərəfdən də sığortalamağı unutmur: sülh haqqında çağırış etməyi, sülhdən dəm vurmağı da xanımına həvalə edib, çünki özü daim ölkəsinin müharibədən qorxmadığını, ona hazır olduğunu desə də, ermənilərə müharibə lazım deyil, küçə və meydanlarda Paşinyana dəstək verən insanlar da bunu heç ona görə etmir ki, yeni baş nazir onları təkrar müharibə meydanına atsın. Həm də nəinki Dağlıq Qarabağ və hətta onun ətrafında siyasi–diplomatik "torq" üçün işğal edilmiş rayonlar illərdir ki, ermənilərin nəzarətindədir, bundan artığı onlar üçün yalnız başağrısı ola bilər...
Qərəz, belə mürəkkəb fonda, min cür oyun oynaya-oynaya Paşinyan siyasi məqsədlərinə doğru gedir. Siyasi müşahidəçilər İrəvanda hökumət və parlament arasında yaranmış vəziyyəti Rusiyanın ilkin Yeltsin dövrü ilə müqayisə etsələr də düşünürük ki, bunlar tələsik mülahizələrdi-ən son proseslər göstərdi ki, yeni baş nazirin hələki yetərincə ictimai dəstəyi var və Kremldən bir müdaxilə olmasa, N.Paşinyan məqsədinə çatacaq. Bəli, çox çətin olacaq, gəl ki, proses məcrasından tam şəkildə çıxmayacaqdır".
Ən maraqlısı bilirsiniz nədir? Paşinyan da, ona dəstək verən kütlə də düşünür ki, əsas Paşinyanın legitim baş nazir olması və Dağlıq Qarabağ hərbi-siyasi klanını hakimiyyətdən uzaqlaşdırmaqdır. Amma gəlin bircə anlığa düşünəyin: tutaq ki, N.Paşinyan artıq tam legitim bir baş nazirdir. Bəs sonra, bəli, sonra nə olacaq?
Ekspert qeyd edir ki, Nikolcan hələ də fikirləşir ki, demokratiyaya–"məxməri inqilaba", İrəvanda və ümumiyyətlə, Ermənistanda keçrilən seçkilərə görə hədiyyə olacaq, halbuki bu adama cəmi bir-iki gün bundan əvvəl NATO-nun sammiti vaxtı qandırdılar ki, hədiyyə-filan olmayacaq. Üstəlik D.Trampla bağlı da ümidləri doğrulmadı, amerikalılar onu hətta dövlət katibi səviyyəsində belə qəbul etmək istəmədilər. Fəqət, yenə ümidini itirmir, elə bilir ki, hakimiyyət Ələddinin sehrli lampası kimdir, çətini legitim və dayanaqlı hakimiyyətə yetməkdir, sonrası isə düzələcək. Amma əfsus...: "Bu adam "iqtisadi tərəqqi proqramı" hazırlamaqçün ABŞ-dan erməni əsilli iqtisadçıları dəvət etməyi planlaşdırır, halbuki hər şey çox sadədir–İrəvanın iqtisadi dirçəlişi qonşuları ilə münasibətlərindən asılıdır, bu münasibətlər sahmana qoyulsa, dəyişiklik mümkündü, yox, əgər olmasa, onda daha bir seçkini heç gözləməyə də dəyməz.
Daha ağrılısı isə budur ki, biz–Azərbaycan da qeyri-müəyyən vəziyyətdə, odla su arasında qalmışıq. Biz hər dəfə xatırladanda ki, ermənilər bizim ərazilərimizin çoxunu Bakıda siyasi böhranlar hökm sürən vaxtlarda işğal ediblər, bəziləri düşünürlər ki, guya biz təxribata çəkirik– kimi deyir ki, biz sülh istəyirik, başqa birisi ərz edir ki, bütün bu proseslər zamanı İrəvanla centlemen kimi davranmalıyıq...
Amma kimsə demir ki, bizə sülh yox, torpaqlarımız lazımdır və onları qaytarmaqçün bütün məqbul üsullardan, o cümlədən də hərbdən istifadə etməyə hazırıq. Demirlər ki, centlemen kimi centlemenlə davranarlar–nə vaxt ermənilərdən centlemenlik gördük ki, biz də durub onlara münasibətdə centlemen olaq? Odur ki, bir növ odla su arasında qalmışıq və seziləni həm də budur ki, bir gözümüz Kremldədi. Demirik ki, dərhal durub vurub-yıxmaq lazımdı. Yox, gəlin heç olmasa, öz aramızda hər bir şeyi öz adı ilə adlandıraq – deyəsən, bir az çəkinirik axı..."

Cavid