Sosial şəbəkə istifadəçisi statuslara görə məsuliyyət daşıyırmı? Layihə

Sosial şəbəkə istifadəçisi statuslara görə məsuliyyət daşıyırmı?

Ələsgər Məmmədli: "Sosial şəbəkələrdə insanların təhqirə məruz qalmaması üçün etik qaydalar müəyyən edilə bilər"

Azər Həsrət: "Ölkə mediasının ictimai məsuliyyətini anlamadığı hallar da az deyil"

Son zamanlar yeni medianın problemlərindən danışılarkən sosial şəbəkələrdə bir birini aşağılayan, təhqiredici statuslar və bunların aradan qaldırılma yolları da geniş müzakirə olunur. Bu istiqamətdə fikirlər müxrəlifdir. Ekspertlər bu məsələyə fərqli prizmadan yanaşırlar. Bir sıra ekspertlər hesab edirlər ki, statulsara görə, istifadəçini məsuliyyətə cəlb etmək söz azadlığına ziddir. Bir sıra ekspertlər isə bu sahədə də tənzimlənmənin vacibliyini önə çəkirlər. Onların arqumentinə görə söz azadlığı adı altında heç kimi təhqir etmək olmaz. Ümumiyyətlə istifadəçi statuslara görə məsuliyyət daşıyırmı və ya məsuliyyətə cəlb oluna bilərmi?
Hüquqşünas Ələsgər Məmmədli deyib ki, sosial şəbəkələrdə yayılan məlumat KİV-də yayılmış hesab olunur. Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən, sosial şəbəkələrdə yayılan məlumata görə, cinayət işi açıla bilər: "KİV haqda qanunun 3-cü maddəsinə görə, internet də KİV sayılır. Buna görə internetdə yayılan şəxsin şərəf və ləyaqətini təhqir edən, şəxsi həyatına toxunan məlumatlar da hüquqi məsuliyyət yaradır. Sözügedən qanunda bu məsələ KİV-dən sui-istifadəyə görə yaranan məsuliyyətlə eynidir. Əgər məlumatda qəsdən olmayan təhqir elementi varsa, Mülki Məcəllənin 23-cü maddəsinə görə, həmin şəxsə qarşı kompensasiya tələb edilə bilər. Əgər təhqir qəsdən törədilibsə, o zaman Cinayət Məcəlləsinin 148, böhtan varsa, CM-nin 147-ci maddəsi ilə cinayət işi açıla bilər. Başqa bir ölkədə yaşayıb Azərbaycandakı şəxsi təhqir edirsənsə və sənin yaşadığın ölkənin qanunlarında bu söz azadlığıdırsa, onda sənə qarşı cinayət işi qaldırıla bilməz".
Hüquq eksperti sosial şəbəkələr üçün etik qaydaların müəyyən edilməsini təklif edib: "Təhqir edilən şəxsin iddia qaldırması, bunun araşdırılması və sübut edilməsi üçün müəyyən proseslərin reallaşması tələb olunur. Amma bir sual çıxır? Sosial şəbəkə, məsələn, facebook ABŞ-da yerləşir. Amerikada olan bir şəxsin Azərbaycanda kimisə təhqir etməsi necə tənzimlənəcək? Əgər Azərbaycanda bir şəxs başqa ölkə vətəndaşını təhqir edirsə və onun kimliyi müəyyən edilə bilmirsə, bu prosesdə çətinlik yaradır. Ona görə belə məsələləri daha çox sivil yollarla tənzimləməyə çalışırlar. Yəni təhqir edilən şəxs bu barədə sosial şəbəkə rəhbərliyinə və ya həmin şəxsin özünə yazının silinməsi ilə bağlı məktub göndərir. Bununla bağlı tədbir görülür. Sosial şəbəkələrdə insanların təhqirə məruz qalmaması üçün etik qaydalar müəyyən edilə bilər. Burada birgə əməl edilmə standartı formalaşmalıdır".
Ələsgər Məmmədli bu prosesin internetdə yayımlanan xəbər saytları və bloqlara aid edildiyini vurğulayıb: "Bu məsələ bəzən özünü saytlarda xəbər şərhlərində göstərir. Belə təklif olunur ki, əgər təhqir elementi xəbərin özündədirsə, buna sayt rəhbərliyi məsuliyyət daşıyır. Amma xəbərdə deyil, onun şərh bölümündə gedibsə, o zaman sayta məlumat verilir ki, filan xəbərin şərhində mən təhqir olunmuşam. Əgər rəhbərlik onu silməzsə, onda sayt məsuliyyət daşıyır. Sosial şəbəkələrdə bunu tətbiq etmək olmur. Çünki milyardlarla profil var və buna tam nəzarət etmək mümkün deyil. Əgər sosial şəbəkədə yazan şəxsin həqiqətən konkret bir şəxsə aid olduğu sübut olunarsa, həmin şəxsə qarşı cinayət işi qaldırıla bilir".
Ələsgər Məmmədli bildirib ki, bu qaydalar Cinayət Məcəlləsinin 323-cü maddəsində də tətbiq edilir: "Prezidentin şərəf və ləyaqətini qoruyan 323-cü maddə çox tətbiq edilmir. Bu çox da işlək maddə deyil. Amma hüquqi baxımdan öncə dediyimiz proses bu maddədə də tətbiq edilir".
Sosial şəbəkələr və bloqosfera hər bir fərdə öz fikrini maneəsiz ifadə etmək imkanı yaratmaqla, həm də tam nəzarətsiz və məsuliyyət meyarının minimal tələblərə cavab verməyən bir məkan olaraq qəbul edilir. Faktdır ki, digər üstünlükləri ilə yanaşı, bu mühitdə insanların təhqir olunması, yalan, böhtan adi hala çevrilib. Problem də məhz ondan ibarətdir ki, vətəndaşlar barələrində gedən qeyri-obyektiv və ya bəzən alçaldıcı məlumatlara qarşı təsir göstərə bilmir. Sosial şəbəkələrin bir çox hallarda dezinformasiya mənbəyinə çevrilməsi narahatlıq doğurur. Belə hallara qarşı qanunvericiliklə mübarizə aparılması əksər ölkələrdə xüsusi diqqət mərkəzindədir.
Müvəkkil Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov hesab edir ki, sosial şəbəkələrdə təhqirə yol verildikdə cinayət məsuliyyəti nəzərdə tutulur və bununla bağlı olaraq artıq bir neçə məsuliyyət məsələsi məhkəmə qaydasında həllini tapıb: "Məsələyə həm qanunvericilik, həm də təhlükəsizlik kontekstində yanaşmaq olar. Düşünürəm ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu məsələyə ciddi nəzarət etməlidir. Problem diqqətdə saxlanmalı, təhlükəsizlik təmin edilməlidir. Sosial şəbəkədəki subyektin adından başqa adamın saxta profillər düzəltməsi, yalan məlumatın yayılmasının qarşısını almaq üçün qanunvericilikdə də müəyyən dəyişiklik etmək olar. Təkmilləşdirmə aparmaq olar. Amma təkcə qanunvericilik deyil, texniki qaydalara da riayət olunmalıdır. Çünki ola bilər ki, kimsə məlumatı yayır, sonra silir. Nəticədə sübut eləmək olmur ki, şəxs onu yazıb. Ona görə də, şəbəkələrin texniki baxımdan da tənzimlənməsinə ehtiyac var".
Ekkspert Müşfiq Ələsgərli də qeyd edir ki, sadalananlar tirajlanmasına görə media qurumu sayılsalar da, peşə kodeksinin tələblərinə əməl etmək baxımından mediadan fərqlənirlər: "Bu baxımdan da "yeni media" anlayışının dəqiqləşdirilməsi və dəyişdirilməsi ilə bağlı dünyada müzakirələr davam etməkdədir". Hər halda, fakt odur ki, yeni media vasitələri mövcuddur və hazırda informasiyanın daha sürətlə yayılması ilə məşğul olurlar. Bu isə ictimai məsuliyyət kontekstində bir sıra aktual məsələləri və problemləri önə çəkir. Bu baxımdan qanuni tənzimləmələrin olması məqsədəuyğundur. Müşfiq Ələsgərli deyir ki, media ilə bağlı qanunvericiliyə, yaxud ölkədə mövcud olan digər qanunlara da dəyişikliklər etməklə hüquqi tənzimləmələr mümkündür: "Azərbaycanda da bu zərurətdən irəli gələrək sözügedən sahədə qanunvericiliyə dəyişiklik edildi: "KİV haqqında" qanuna və media qurumlarında yayılan informasiyalara baxsaq, burada informasiyanın ictimai məsuliyyəti nəzərdə tutulur. Birbaşa olaraq jurnalistin və media qurumunun tərifində də göstərilir ki, orada informasiyanın yayılmasından nə dərəcədə fayda götürülməsi məsələsi aktualdır. Yaxud qeyd edilir ki, jurnalist ictimai önəm daşıyan informasiya yaydığı zaman kifayət qədər məsuliyyətli olmalı və o informasiyanın gətirə biləcəyi nəticələri nəzərə almalıdır. İnformasiya yayılarkən onun ictimai önəmi, nə dərəcədə dəyərli olması media qurumunun fəlsəfəsində öz əksini tapıb. Amma çox təəssüf ki, bizdə bu məsuliyyət hissi bir kənara qoyulur. Əslində yeni mediada yayılan informasiyaların çoxu şəxsi xarakter daşıyır. Onların ictimai yükündən danışmaq olmaz. Amma bəzən elə olur ki, ictimai yükü olan informasiyaları da yayımlamağa girişirlər. Belə bir keçid etdikdə, mütləq ehtiyatlı olmaq və bu zaman media, jurnalist qarşısında qoyulan tələbləri nəzərə almaq lazımdır".
Dünya praktikasında da yeni mediada təhqir və böhtana yol verilməsi, şəxsi həyata müdaxilə və sair məsələlərə görə məsuliyyət nəzərdə tutulur. Bizdə də bu məsələdə bir qədər fərqli olsa da, müəyyən məsuliyyət nəzərdə tutulur. "KİV haqqında" qanunda bu barədə nəzərdə tutulan məqamlardan başqa, ayrı-ayrı qanunlarda da bu barədə məsuliyyət nəzərdə tutan maddələr var. Müşfiq Ələsgərli təklif edir ki, informasiya yaymaqla bağlı bu müddəaları vahid bir məcəllədə birləşdirmək də məqsədəuyğun olardı. Bu məsələdə əsas məqamlardan biri odur ki, ictimaiyyətdə, yeni media istifadəçiləri arasında ictimai məsuliyyətlə bağlı geniş maarifləndirmə işi aparılmalıdır. Yeni mediadan istifadə halları xeyli genişlənib. Bu gün artıq vətəndaş jurnalistikasından söhbət gedir. Bu da yenu mediaya aid ictimai məsuliyyəti artırmış olur.
Ekspert Azər Həsrət bildirir ki, Azərbaycanda fikir və media azadlığı üçün demək olar ki, "bütün gərəkli şərait yaradılıb. Söhbət dövlətin bu yöndə üzərinə düşəni etməsindən gedir. Yəni bu gün hətta bizi tez-tez tənqid etməyə alışmış bir çox beynəlxalq təşkilatlar belə, ölkəmizdə ifadə və media azadlığı məsələlərində yetərincə yüksək standartlara uyğun hüquqi bazanın mövcudluğunu etiraf edirlər. Bu, məsələnin bir tərəfidir və yaxşı göstəricidir. Ancaq təəssüflər olsun ki, yaradılmış əlverişli şəraitdən sui-istifadə halları da yox deyil. Ölkəmizdə elə kəsimlər var ki, onlar fikir və media azadlığından çox zaman şəxsi nəfslərini təmin etmək, hətta arzuolunmaz kampaniyalar aparmaq üçün istifadə edirlər. Bu baxımdan deyərdim ki, ölkə mediasının ictimai məsuliyyətini anlamadığı hallar da az deyil".
Bu baxımdan yeni media ilə bağlı vəziyyəti də şərh edən Azər Həsrətin fikrincə, burada onun ictimai məsuliyyət məsələsi ənənəvi media ilə müqayisədə daha bərbad durumdadır: "İstər ana dilimizdən istifadə məsələsində, istərsə də jurnalistikanın qızıl prinsiplərinə sədaqət baxımından yeni media çox zaman xeyli geridə qalır. Təbii ki, bu da zamana bağlı məsələdir və yəqin ki, artıq yeni media sahəsində də özünütənzimləmə prosesini başlamaq lazımdır. Düşünürəm ki, bu yöndə Mətbuat Şurasının üzərinə əlavə vəzifə düşür".

Əli