“İctimai Şuraların fəaliyyətinə dair bələdçi” kitabçası çap olunub Layihə

“İctimai Şuraların fəaliyyətinə dair bələdçi” kitabçası çap olunub

Azərbaycanda vətəndaş cəmiyyəti - hökumət əməkdaşlığı geniş yayılmamışdır və müxtəlif dövlət orqanlarının himayəsi altında yaradılan, əsasən vətəndaş cəmiyyəti institutlarının (VCİ) təmsilçilərindən ibarət məşvərətçi qurumlar kimi mövcud olan İŞ-lər daxil olmaqla məhdud sayda mexanizmlər vasitəsilə həyata keçirilir. İŞ-lərin yaradılmasına imkan verən qanun 2014- cü ildən qüvvədə olsa da, dövlət orqanlarının çoxu bu qanunu icra etməyə tələsmir . Bu vəziyyəti izah edən bir çox səbəblər var. Ümumiyyətlə, əksər dövlət qurumları ya VCİ-lər tərəfindən tənqid olunmaq qorxusuna, ya da bu əməkdaşlığın faydalarını yetərincə başa düşmədiklərinə görə VCİ-lərlə əməkdaşlıqdan ehtiyat edirlər. İŞ-ləri olan azsaylı dövlət qurumları isə, əksinə, bir qayda olaraq, hüquqi ekspertizaya və müvafiq sahədə siyasətin ekspertizasına VCİ-ləri cəlb etməyə və (və ya) tədbirlərin birgə təşkilinə meyllidirlər. VCİ-lərin dövlət qurumları ilə əməkdaşlıq etməmək üçün çox zaman öz səbəbləri olur, buna misal olaraq, digər səbəblərlə yanaşı, maliyyə çatışmazlığını və müvafiq olaraq, yüksək peşəkarlığa malik kadrların və (və ya) ixtisas bacarıqlarının olmamasını göstərmək olar. Lazımi bacarıqlara sahib olan bəzi VCİ ekspertləri İŞ-lər vasitəsilə nəzərə çarpan nəticələr əldə edə biləcəklərinə inanmırlar və bu səbəbdən də orada iştirak etməkdən çəkinirlər. Həqiqətən də bir çox nümunələr var ki, İŞ-lər və digər məşvərətçi qurumlar rəsmi olaraq mövcud olduqları halda, dövlət qurumları ilə birgə qərarların qəbulu prosesində real rol oynamırlar və çox vaxt onlara simvolik rol ayrılır (dövlət orqanları tərəfindən təşkil edilən müxtəlif tədbirlərdə “susqun” şəkildə iştirak etmək).
Qeyd etmək lazımdır ki, bir neçə dövlət qurumu bu hüququndan istifadə etmiş və İŞ-nin yaradılmasını nəzərdə tutan qanunvericiliyin qəbulundan xeyli əvvəl bu və ya digər formada İŞ yaratmışdır. Belə qurumlara, məsələn, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və s. aiddir. Bundan əlavə, VCİ nümayəndələri 10-a yaxın dövlət orqanında və ya dövlət tərəfindən dəstəklənən qurumda, məsələn, YUNESKO üzrə Milli Komissiya və ya Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurası, Sahibkarlığın İnkişafı Fondu və sairədə təmsil olunurlar. Sayları az olsa da bəzi dövlət qurumları və onların müvafiq İŞ-ləri bəzi müsbət nəticələr əldə edə biliblər.
Bundan əlavə, İŞ-lərin təcrübəli üzvləri əmindirlər ki, müxtəlif platformalar vasitəsilə fərdi qaydada deyil, birgə çıxış etdikləri təqdirdə Azərbaycanda İŞ-lər də daxil olmaqla VCİ-lərin hökumət tərəfindən dinlənilmək və ikitərəfli dialoq qurmaq şansı daha çox olur.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi və Konstitusiya Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyev və ekspert Rəna Səfərəliyevanın müəllifliyi ilə çap olunan “İctimai Şuraların fəaliyyətinə dair bələdçi” kitabçasında İŞ-lərin səmərəliliyinin artırılmasından və yeni İŞ-lərin yaradılmasına töhfə verən amillərdən bəhs edilib.
Kitabçada qeyd olunub ki, Vətəndaşların idarəetmədə və qərarların qəbulunda iştirak etmək hüququ Azərbaycan Respublikasının Konstitusiyasında (“Konstitusiya”) təsbit edilib. Konstitusiyanın 55-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları dövlətin idarə olunmasında iştirak etmək hüququna malikdirlər və onlar birbaşa və ya öz nümayəndələri vasitəsilə bu hüququ həyata keçirə bilərlər. Qüvvədə olan qanunvericilik idarəetmədə və qərarların qəbulunda vətəndaşların iştirakı üçün bir sıra hüquqi mexanizmlər nəzərdə tutur. Bu mexanizmlərdən biri də ictimai iştirakçılıqdır. “İctimai iştirakçılıq haqqında” Qanun ictimai iştirakçılığın məqsədlərini müəyyənləşdirir. Əsas məqsəd. vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsidir. Eyni zamanda icra hakimiyyəti və yerli özünüidarə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, icra hakimiyyəti və yerli özünüidarə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili; icra hakimiyyəti və yerli özünüidarə orqanlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi də ictimai iştirakçılığın məqsədləri sırasındadır. Adı çəkilən qanunda ictimai iştirakçılığın müxtəlif formaları nəzərdə tutulur. Bu fopmalara ictimai şuralar, ictimai müzakirələr, ictimai dinləmələr, ictimai rəyin öyrənilməsi, hüquqi aktların layihələrinin ictimai müzakirəsi və yazılı məsləhətləşmələr aiddir. Qanun eyni zamanda ictimai iştirakçılığın digər formalarını da mümkün sayır.
“İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə” həm seçki komissiyasının təşkili qaydalarını, həm də İŞ-ya seçkilərin təşkili və keçirilməsi ilə əlaqədar onun fəaliyyət qaydalarını müəyyənləşdirir. Eyni zamanda, seçkilərin təşkili kifayət qədər ətraflı şəkildə tənzimlənir.
İŞ-lərin dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarəti (vətəndaş nəzarəti) həyata keçirmək səlahiyyətinə malik olmasına baxmayaraq, qanunda İŞ-lərin bu cür nəzarəti həyata keçirməsi üçün bir çox təminatlar nəzərdə tutulmayıb, yəni nə İŞ-lərin və onların üzvlərinin konkret səlahiyyətləri, nə də dövlət orqanlarının kifayət qədər öhdəlikləri müəyyən edilməyib. İctimai nəzarətin mühüm bir şərti dövlət orqanlarının fəaliyyəti üzərində nəzarət funksiyalarını yerinə yetirmək üçün zəruri informasiya əldə etmək hüququdur. İnformasiya əldə etmək hüququ, habelə dövlət orqanlarının informasiyaları açıqlamaq öhdəliyi “İnformasiya əldə etmək haqqında” Qanunda nəzərdə tutulmuşdur, hərçənd ki, praktikada informasiya təqdim etməkdən imtina etdiyi üçün dövlət orqanının məsuliyyətə cəlb olunması praktiki olaraq qeyri-mümkündür. Dövlət qurumlarının ictimai nəzarət fəaliyyətini dəstəkləmək öhdəliklərindən biri də İŞ-nin tövsiyəsinin niyə qəbul edilmədiyini və ya qismən qəbul olunduğunu izah edən cavab təqdim etmələri barədə qanuni tələbdən ibarətdir. Hazırda belə bir qabaqcıl təcrübə mövcuddur ki, müvafiq dövlət orqanı İŞ-lərin tövsiyələrini nəzərə alır və hətta öz fəaliyyətlərinin monitorinqi üçün xüsusi olaraq vətəndaş cəmiyyəti təşkilatı və ya İŞ ilə əməkdaşlıq edir. Dövlət orqanları ilə qarşılıqlı fəaliyyətin digər formaları mütəxəssis məsləhətlərinin verilməsi, dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi üçün təklif və tövsiyələrin verilməsi, normativ hüquqi aktların layihələrinin hazırlanması və (və ya) yoxlanılması və sairədən ibarətdir. İŞ-lar həmçinin ictimai müzakirələr, ictimai dinləmələr, ekspert müzakirələri, konfranslar və digər analoji ictimai tədbirlər keçirməklə, habelə birbaşa və ya müvafiq təşkilatlar vasitəsilə ictimai rəy sorğuları aparmaqla qərarların qəbulu prosesində iştirak edə bilərlər. Bundan əlavə, İŞ-lar beynəlxalq təşkilatların nümayəndələri də daxil olmaqla xarici mütəxəssisləri dəvət etmək hüququna malikdirlər. İŞ-lar həmçinin hesabatlılığın və şəffaflığın artırılması, korrupsiya hüquq pozuntularına imkan yaradan şəraitin aradan qaldırılması, dövlət orqanlarının fəaliyyəti barədə bütün zəruri məlumatların əldə edilməsi, qərarların qəbulunda iştirak, vətəndaşlardan, vətəndaş cəmiyyətindən, müstəqil ekspertlərdən və media nümayəndələrindən daxil olan müraciətlərin və digər sənədlərin araşdırılması üçün tövsiyələrin verilməsi məqsədini qarşılarına qoymalıdırlar.
İŞ-nin yaradılması proseduru ümumi şəkildə "İctimai iştirakçılıq haqqında" Qanunun 6-cı maddəsində müəyyənləşdirilmiş və İŞ-larin seçilməsinə dair Əsasnamədə daha ətraflı şəkildə göstərilmişdir. Bu iki hüquqi akt dövlət orqanlarının İŞ yaratma prosesinə başlaması və onu həyata keçirməsi üçün bələdçi rolunu oynayır. İŞ-nın yaradılması, mərkəzi və yerli icra hakimiyyəti orqanları və yerli özünüidarə orqanları (bələdiyyələr) üçün məcburi olmasına baxmayaraq, Qanunda İŞ-nın yaradılması üçün konkret müddət müəyyən edilmir və İŞ-nın yaradılmamasına görə məsuliyyət nəzərdə tutulmur. Buna görə də İŞ yaratmalı olan subyektlər vaxtı seçməkdə özlərini sərbəst aparırlar. Bundan əlavə, qanunvericilikdə İŞ-nin statusunu, daxili idarəetmə qaydasını və fəaliyyətini tənzimləmək üçün hansı sənədlərin hazırlanmalı olduğuna dair ətraflı müddəalar yoxdur və bu məsələ İŞ üzvlərinin və dövlət orqanlarının səlahiyyətli nümayəndələrinin ixtiyarına buraxılır.

Cavid