Azərbaycana qarşı ekoloji terror siyasəti: Oxçuçayı çirkləndirən alman şirkətinə qarşı da ən sərt addımlar atılmalıdır Layihə

Azərbaycana qarşı ekoloji terror siyasəti: Oxçuçayı çirkləndirən alman şirkətinə qarşı da ən sərt addımlar atılmalıdır

Ermənistan uzun illərdir ki, Azərbaycana qarşı ekoloji terror siyasəti yürüdür. Təəssüf ki, bəzi şirkətlər də bu terror fəaliyyətində iştirak ediblər. Bu ekoloji terror nəticəsində Zəngilan rayonu ərazisindən keçən Oxçuçay ciddi çirklənməyə məruz qalıb və vəziyyət fəlakət həddnə çatıb. Bu prosesdə Almaniyanın CRONIMET Holding GmbH şirkətinin yaxından iştirak etməsinə dair konkret faktlar mövcuddur. Məsələni şərh edən ekspertlər “Xalq Cəbhəsi”nə maraqlı faktlar açıqlayıblar
Analitik Turab Rzayev bildirdi ki uzun illərdir Ermənistan hökuməti açıq şəkildə Azərbaycan xalqına qarşı ekoloji terror həyata keçirir. Onun sözlərinə görə, su resursları yayda əkin vaxtı kəsilir, qışda açılaraq süni sel təhlükəsi yaradılır: “Ağaclar, meşələr qırılır. Əkin sahələri yandırılır. Zəhərli metal tullantıları, mis hasilatı və emalı, molibden emalı zamanı yaranan zəhərli sular bizim içməli su mənbələrinə qəsdən təmizlənməmiş buraxılır. Bundan əlavə Qarabağ ərazisində mədənlərin qanunsuz hasilatı zamanı, xüsusilə qızıl, gümüş və mis emalı zamanı ətraf mühit, təbii landşaft və içməli su resursları həddən artıq istifadə olunurdu, çirkləndirilitdi və zəhərlənirdi. Ancaq dünya ictimaiyyəti buna susqunluqla qarşılıq verirdi. Ancaq Azərbaycan öz torpaqlarını azad edən kimi bütün Qərb, xüsusilə bəzi Avropa ölkələri davamlı olaraq süni şəkildə, Qarabağın erməni icması məskunlaşan ərazilərdə və Ermənistandakı ekoloji vəziyyəti gündəmə gətirirlər. Guya Azərbaycanın hərbi əməliyyatları və işğaldan azad olunmuş ərazilərdəki digər fəaliyyətlər Ermənistana və ermənilərə ekoloji təhdid yaradır”.

“İkiüzlülüyün şahidi oluruq”

O, əlavə edib ki, biz yenə də eyni ikiüzlülüyün şahidi oluruq: “Ermənistan ekologiyasını düşünən ölkələrin şirkətləri Azərbaycan çaylarını və torpağını çirkləndirməklə məşğuldur. Düşünürəm ki, Oxçuçayı çirkləndirən alman şirkətinə qarşı da ən sərt addımlar atılmalıdır, şirkət, şirkət rəhbərliyi və bağlı olduqları qruplar, səhmdarlar məsuliyyətə cəlb edilməlidir. Almaniya hökumətinə sərt şəkildə etiraz bildirilməlidir. Eyni zamanda çalışıb bu şirkətlərdən birini beynəlxalq məhkəmələrdə böyük təzminata məcbur etmək lazımdır ki, digər şirkətlərə də dərs olsun. Bir daha bu cür ekoloji cinayətlərə yol verməsinlər”.

Bəşəri cinayət

Politoloq Tural İsmayılov bildirdi ki, Ermənistan Oxçuçayla bağlı bəşəri cinayət törədir: “Ermənistan Qarabağı işğal etdikdən sonra təkcə mədəniyyət nümunələrimizə qarşı deyil, ekologiyamıza da ciddi düşmənçilik nümayiş etdirib. Dünya ekoloji təhlükəsizliyi ilə bağlı məsul olan qurumların heç biri indiyə kimi erməni barbarlığına qarşı normal münasibət göstərməyiblər. Oxçuçayın Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına töküldüyünü nəzərə alsaq, onun çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir. Araz çayı Kür çayının ən böyük sağ qolu olmaqla Ermənistanla digər transsərhəd çaydır və Azərbaycanın ekosisteminə qarşı törədilən bu cinayət cavabsız qalmamalıdır. Oxçuçay çayından götürülən su nümunələrinin sınaq nəticələri çay səthindəki sularda ağır metalların, xüsusən dəmir, mis, manqan, molibden, sink, xrom, nikel və digərlərinin yüksək miqdarda olduğunu aşkar edib, hətta çöküntü nümunələrində təhlükəli maddələrin konsentrasiyasının normadan dəfələrlə artıq olduğu müəyyən edilərək, çayın çirklənmə səviyyəsinin təhlükəli həddə olduğu aydın olub”.
Ekspert bildirib ki, bu günə qədər nə Almaniya, nə də “yaşıllar hərəkatı” hadisəyə obyektiv qiymət verməyib: “Ermənistanın ekologiya qətliamına susmaq utancvericidir. Araşdırmalar göstərir ki, hər il Ermənistandan keçən 350 milyon kubmetr su kimyəvi maddələrlə çirklənir. Oxçuçaydakı çirkləndiricilər suyun töküldüyü Araz və Kür çayları vasitəsilə Xəzər dənizinə axır. Nəticədə Xəzər hövzəsindəki 5 ölkənin ekosistemində çirklənmələr baş verir ki, bu da təkcə Azərbyacanın yox, həmin 5 ölkənin birgə həll etməli olduğu məsələdir. Oxçuçay terroruna susmaq bütün dünya üçün ayıb nöqtəsidir.”

Fəlakətli vəziyyət

Politoloq Nurlan Qələndərli isə deydi ki, Ermənistan uzun illər ərzində işğal altında saxladığı ərazilərimizdə təkcə tarixi-mədəni abidələri dağıtmayıb, eyni zamanda, ekoloji terror törədib: “Zəngilan rayonu ərazisindən keçən Oxçuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsi də bu cinayətlər sırasında yer alır. İşğalçı ölkənin dağ-mədən şirkətlərinin fəaliyyəti faktiki olaraq Oxçuçayda fəlakətli vəziyyət yaradıb”.
Politoloqun sözlərinə görə, bəzi xarici şirkətlər Ermənistanla birlikdə bu ekoloji terror fəaliyyətində iştirak ediblər və buna görə hüquqi məsuliyyət daşıyırlar: “Bu prosesdə Almaniyanın CRONIMET Holding GmbH şirkətinin yaxından iştirak etməsinə dair konkret faktlar mövcuddur. Bu illeqal fəaliyyət Azərbaycan ictimaiyyəti tərəfindən haqlı narazılıqla qarşılanıb. Lakin Almaniya hökuməti beynəlxalq hüquq normalarına zidd olan bu fəaliyyətlə bağlı faktlardan diqqəti yayındırmaq məqsədilə qara piar kampaniyası təşkil edib ki, bu da birmənalı şəkildə yolverilməzdir. İnsan hüquqlarını, demokratik dəyərləri və humanizm prinsipini üstün tutduğunu iddia edən bir ölkənin hökumətinin illeqal fəaliyyətdən diqqəti yayındırmaq üçün çirkin təbliğat aparması, manipulyasiya etməsi, sadəcə olaraq, siyasi riyakarlıq nümunəsi və beynəlxalq hüquq normalarına tamamilə zidd haldır”.

Təhlükəli həddə çirklənmə

Politoloq İlyas Hüseynov diqqətə çatdırdı ki, Araz çayının sol qolu olan Oxçuçay illərdir ki, Ermənistan tərəfindən çox təhlükəli həddə çirkləndirilir: “Çirklənmə səviyyəsinin ən böyük hissəsi isə bu ölkədə fəaliyyət göstərən Almaniyanın “Cronimet Holding” şirkətinin payına düşür. Şirkətin əsas səhmdarı Qacaran mədənini işlədən “Zəngəzur Mis Molibden Zavodu” ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə yaradaraq Oxçuçayı təhlükəli həddə çirkləndirməkdə davam edir. Məsələnin maraqlı tərəfi ondadır ki, Ermənistan özü də Zəngəzur sözünü qəbul edir və bu adı öz şirkətinə verir. Qondarma “Sünik” isə yalançı təbliğatın və yalançı tarixin nəticəsidir. Qeyd edək ki, Oxçuçaydan 2021-ci ilin yanvar-iyun aylarında götürülən su nümunələrində yüksək miqdarda ağır metal, xüsusən mis, molibden, manqan, dəmir, sink və xrom aşkar edilib. Çayda mis-molibden birləşməsinin miqdarı 2, dəmir 4 və nikel - 7 dəfə normadan yüksək olub, çayın rəngi çirkələnmə səbəbindən vaxtaşırı dəyişib. 2021-ci ilin mart ayında çayda qızılxallı balığın (Small Trout) kütləvi ölümü qeydə alınıb. Aparılan monitorinqlər nəticəsində çay suyunda müxtəlif vaxtlarda - bolsulu və az sulu dövrlərdə ümumilikdə ağır metallar ilin bütün fəsillərində normadan dəfələrlə artıq olub”.
Onun fikrincə, məhz bu səbəbdən Zəngilan rayonu ərazisindən keçən Oxuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsi Azərbaycanda geniş rezonans doğurub və ictimai narazılığa gətirib çıxarıb. Bütün bunları nəzərə alaraq, Azərbaycan mediası Almaniya səfirliyinə müraciət edib: “Səfir bu müraciətə cavabında məsələni ört-basdır etməyə və diqqəti şirkətin üzərindən yayındırmağa çalışıb. Almaniyanın Yaşıllar partiyası isə ümumiyyətlə müraciətə saymazyana cavab verərək Azərbaycana ayırmaq üçün vaxtlarının olmadığını qeyd edib.
Qeyd etmək istərdim ki, Almaniyanın Azərbaycana qarşı belə münasibəti yeni deyil. Almaniya mediası müxtəlif illərdə Azərbaycana qarşı Soros şəbəkəsi tərəfindən təşkil edilən qarayaxma kampaniyalarında fəal iştirak edib. Şübhəsiz ki, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi və xarici tərəfdaşlarının sayının artması, beynəlxalq əlaqələrinin genişlənməsi Almaniyanı hər zaman narahat edib və bu da ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarının əsasını təşkil edib. Özü də Almaniyadan təşkil olunan kampaniyaların davamlı xarakter daşıması bu prosesdə Almaniya hökumətinin bilavasitə iştirak etdiyini göstərir. Bu, Oxçuçay məsələsində bir daha öz təsdiqini tapdı. Belə ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda Almaniya şirkətinin iştirak etdiyi təsdiqini tapdıqdan və Azərbaycan ictimaiyyətinin bu məsələni beynəlxalq səviyyədə gündəmə gətirməsindən dərhal sonra Almaniya hökuməti sözügedən problemdən diqqəti yayındırmaq üçün mediada Azərbaycana qarşı kampaniya təşkil etdi. Bunu həm də seçkilər ərəfəsində Almaniya hökumətinin ciddi ittihamlardan yaxa qurtarmaq cəhdi kimi qiymətləndirmək olar. Beləliklə, özünü dünyaya ətraf mühitin mühafizəsi üzrə "cəfakeş" kimi təqdim etməyə çalışan Almaniya hökuməti Oxçuçay fəlakətinə susur və hətta bu cinayət əməlinin törədilməsində Ermənistanla əl birliyi edir”.

Ekoloji terrora göz yumulur

Politoloq əlavə etdi ki, transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalan çaydır: “Qafan və Qacaran dağ – mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay, sanki sənaye tullantılarının kollektoru rolunu oynayır. Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir.
Məlumdur ki, çay suyunun ağır metal və duzlarla çirklənməyə məruz qalması, mədən və emal müəssisələrinin fəaliyyəti nəticəsində formalaşan və birbaşa çay hövzəsinə axıdılan tullantı suları hesabına baş verir. Ermənistanın ən böyük mədən müəssisələrindən birinin Sünik vilayətində, Oxçuçay çayının mənbəyində (Ermənistanda Voqji çayı adlanır) yerləşməsi onun bu mənbələr hesabına çirklənmə faktını təsdiq etməyə əsas verir. Ermənistandakı Qacaran mis-molibden zavodu və Qafan filiz emalı zavodu tərəfindən normadan dəfələrlə artıq ağır metalların çaya atılması yalnız çay faunasını, ekosistemini məhv etmir, həm də insan sağlamlığı üçün son dərəcə təhlükəlidir. Çirklənmiş suyun istifadəsi zərərli nəticələrə - mədə-bağırsaq traktının pozğunluqlarına, böyrəklərdə və sümük toxumasında dağıdıcı proseslərə, ürək-damar, sinir sistemlərinin pozulması problemlərinə yol aça bilir.
Bütün bunlara baxmayaraq, təəssüflə qeyd edək ki, Ermənistan və Almaniya hökumətləri bu ekoloji terrora göz yummaqda davam edirlər”.

Əli Zülfüqaroğlu