Ermənistanın Dağlıq Qarabağı işğal planı Layihə

Ermənistanın Dağlıq Qarabağı işğal planı

II yazı

AMEA-nın Tarix İnstitutunun toxunduğumuz mövzuyla bağlı tarixi faktlara istinadən araşdırmasını təqdim edirik.
Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu və Təşkilat Bürosunun 26 sentyabrda bilavasitə Kirovun sədrliyilə keçirilən iclasında onun mövqeyinin əksinə dəyişdiyini görürük. İclasda iştirak edən 9 nəfərdən (Kirov, Nərimanov, Axundov, Qarayev, Əfəndiyev, Stukalov, Mirzoyan, Bünyadzadə, Hüseynov) 7-si Qafqaz Bürosundan Dağlıq Qarabağın ayrılması haqqında qərarın yenidən nəzərdən keçirilməsini xahiş etməyi qərara alır, yalnız 2 nəfər - Nərimanov və Bünyadzadə Qafqaz Bürosunun qərarının qısa müddətdə yerinə yetirilməsinə tərəfdar çıxır. Bu məsələ üzrə materiallar toplamaq üçün komissiya yaradılır. Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Təşkilat Bürosu üzvlərinin iştirakı ilə Qarabağın məsul işçilərinin 21 oktyabr konfransına rəhbərlik edən Bünyadzadə də Kirovun mövqeyinə keçir. Belə ki, həmin iclasda Dağlıq Qarabağın muxtar vilayət kimi ayrılması xüsusi qeyddə məqsədəuyğun hesab olunmurdu.
Beləliklə, məhz Kirovun rəhbərliyilə Dağlıq Qarabağın muxtariyyəti məsələsinə yeni münasibətin yarandığı ortaya çıxır. Bu təsadüfi deyildi. Kirov nəinki öz şəxsi mövqeyinin, hətta Qafqaz Bürosunun Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasını təsdiq etmək əvəzinə ona məcburi muxtariyyət verilməsi haqqındakı qərarının və onun qısa müddətdə həyata keçirilməsi zərurətinin yanlış olduğunu yəqin etmişdi.
Dağlıq Qarabağa muxtariyyət verilməsi dekretləşdiriləndən 4 ay keçdikdən sonra belə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 8 oktyabr 1923-cü ildə Kirovun sədrliyilə keçirilən iclasında Dağlıq Qarabağa muxtariyyət verilməsi haqqında qərarın əhali, xüsusilə türklər (azərbaycanlılar) arasında təbliğ olunmasının başa çatdırılmadığı etiraf olunurdu. Dağlıq Qarabağa muxtariyyət verilməsi Azərbaycana necə qəbul etdirildi? Hadisələrin belə gedişi Qafqaz Bürosunun narahatlığına səbəb oldu və 5 iyul qərarının Azərbaycana qəbul etdirilməsi üçün təzyiqlərə başlandı. Bu iki yolla həyata keçirilirdi. Bir tərəfdən Azərbaycan rəhbərliyi qarşısında tələb qoyulur, digər tərəfdən Dağılq Qarabağın idarəçiliyi bura xüsusi olaraq göndərilən erməni kadrları ilə möhkəmləndirilərək həmin bölgədə Azərbaycanın təsirinin zəiflədilməsinə cəhd edilirdi.
Dağılq Qarabağın muxtariyyətləşdirilməsi Zaqafqaziya federasiyası və SSRİ-nin yaradılması prosesləri ilə paralel gedirdi. Buna baxmayaraq, onun həyata keçirilməsindəki problemlərə Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının irəli sürdüyü şəkildə yenidən baxılmadı. Əksinə, 1922-ci ilin fevralında Zaqafqaziya kommunist təşkilatlarının I qurultayında Orconikidzenin sədr seçildiyi Rusiya Kommunist (bolşeviklər) Partiyası Zaqafqaziya Ölkə Komitəsi, 5 iyul qərarının qəbul edilməsində olduğu kimi, onun reallaşdrılmasında da inzibati-amirlik üsullarına əl atdı. Zaqafqaziya Ölkə Komitəsinin 27 oktyabr 1922-ci il tarixli iclasında Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə 5 iyul qərarının həyata keçirilməsi təklif edildi, Karakazovun İcraiyyə Komitəsinin sədri təyin edilməsi, Şadunsun məsul işə göndərilməsi üçün Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə ezam edilməsi qərara alındı. Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin 15 dekabr iclası Zaqafqaziya Ölkə Komitəsinin qərarını icra üçün qəbul etdi, Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Dağlıq Qarabağ işləri üzrə Mərkəzi Komissiya (Kirov, Mirzəbekyan, Karakozov) və 7 nəfərdən ibarət Komitə (1922, 15 dekabr-1923, 24 iyul) təşkil edildi. Bütün bunlara baxmayaraq Azərbaycana təzyiq yenə davam etdirildi. Dekabrın 22-də Zaqfederasiyanın İttifaq Soveti Dağlıq Qarabağa muxtariyyət verilməsinin sürətləndirilməsi haqqında xüsusi qərar qəbul etdi.
SSRİ-nin yaradılmasından sonra Zaqafqaziya Ölkə Komitəsinin tələbləri daha sərt şəkil aldı. 1923-cü ilin mayında Qarabağ Komitəsinin məruzəsi Zaqafqaziya Ölkə Komitəsi plenumunun gündəliyinə daxil edildi. İyunun 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyəti muxtariyyətin dekretləşdirilməsi və onun layihəsinin üç gün ərzində Mərkəzi Komitəyə təqdim olunması barədə qərar qəbul etdi. Bu qərar Zaqafqaziya Ölkə Komitəsini təmin etdi. Zaqafqaziya Ölkə Komitəsinin plenumu iyunun 27-də Şaduns və Karakozovun məruzəsi əsasında Dağlıq Qarabağa bir ay müddətində muxtar vilayət statusu verilməsinin təmin olunmasını Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə həvalə etdi. İyulun 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin iclası Kirovun sədrliyilə Qarabağ haqqında məsələni dinləyərək 6 bənddən (a-e) ibarət qərar qəbul etdi. (Rəyasət Heyətinin adından) Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə Dağlıq Qarabağa muxtariyyət vermək, mərkəz Xankəndi olmaqla "Muxtar Qarabağ vilayəti" yaratmaq təklif olundu. Sərhədlərlə bağlı məsələləri müəyyən etmək üçün komissiya (Qarayev - sədr, üzvlər: Karakozov, Sviridov, İldırım və Bünyadzadə) yaradıldı və s.
1923-cü il iyulun 4-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsi də eyni məzmunlu qərar qəbul etdi. Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsi iyulun 7-də M.B.Qasımov (1879-1949) və Ə. M.Xanbudaqovun (1893-1937) imzası ilə "Dağılq Qarabağ muxtar vilayəti yaradılması haqqında" dekret verildi. Dekret preambula, dörd bənd və müştərək komissiya yaradılması haqqında yekundan ibarətdir. Göründüyü kimi, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin qərarı ilə dekretin adı arasında fərq vardır, çünki Qarabağın aran və dağlıq hissəsini muxtar vilayət kimi bir yerdə ayırmaq əvəzinə, yalnız Dağlıq Qarabağı ayırmaq qərara alınmışdı. Dekretin "Muxtar Qarabağ" vilayəti deyil Muxtar Dağlıq Qarabağ Vilayəti adlandırılması diqqəti cəlb edir. Lakin sonralar o, Dağlıq Qarabağ Muxtar Vilayəti adlandırılır (işdə dolaşıqlıq yaratmamaq üçün biz də bu ənənəni davam etdirmək məcburiyyətindəyik, amma onu ilk rəsmi sənədlərdə qeydə alınmış mənada qəbul edirik). Dekret ciddi hüquqi sənəddən daha çox, primitiv məzmunu ilə fərqlənir. Preambulada tarixi xronologiya pozulur, faktlar təhrif olunur, Dağlıq Qarabağa muxtariyyət verilməsi zərurəti kifayət qədər əsaslandırılmır. Dekretin birinci bəndində ("1) Образовать из армянской части (?) Нагорного Карабаха автономную область, как составную часть (?) АССР, с центром в местечке Ханкенды") hüquqi-siyasi təhrifə yol verilir. Azərbaycan torpaqlarından Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılması və onun Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasının təsdiqi əvəzinə, müxtəlif cür təfsir olunan ifadələr işlədilirdi. Üçüncü bənddə isə Sovetlər qurultayı çağırılanadək Müvəqqəti İnqilab Komitəsi yaradılır. Bu da, heç şübhəsiz, vilayətin erməni rəhbərliyinə daha geniş hüquqlar verirdi və s. Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 16 iyul (dekretdən 10 gün sonra!) tarixli iclasının qərarı ilə Şuşa şəhəri Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil edildi. Dağlıq Qarabağ Muxtar Vilayəti üçün quberniya icraiyyə komitələri haqqında 1923-cü il əsasnaməsi qəbul və tətbiq edildi. Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında əsasnamə isə 26 noyabr 1924-cü ildə çap olundu.
Beləliklə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ süni şəkildə aran və dağlıq hissələrinə parçalanmış və Azərbaycan rəhbərliyi Qarabağın dağlıq hissəsində sonradan məskunlaşmış ermənilərə muxtariyyət statusu verməyə məcbur edilmişdi. Özü də bu addım həmin hissədə - Dağlıq Qarabağda yaşayan azərbaycanlıların rəyi nəzərə alınmadan, onların hüquqları kobudcasına tapdalanaraq və müvafiq rəy sorğusu keçirilmədən atılmışdı.
Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması və ona muxtariyyət verilməsi məsələsində Ermənistanın mövqeyi də maraq doğurur. Ermənistan ilk dövrdə məsələnin bu şəkildə həlli ilə razılaşmaq istəməmiş, 1921-ci il iyulun 16-da Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun 5 iyul tarixli qərarının onu təmin etmədiyini bildirmiş və Dağlıq Qarabağa iddiasını davam etdirməyə başlamışdı. Lakin sonra Qafqaz Bürosunun ona hədiyyə etdiyi Dağlıq Qarabağa muxtariyyət verilməsini məqsədinə uyğunlaşdırmağa başlamış, Dağlıq Qarabağ uğrunda mübarizə belə bir formula almışdı: Dağlıq Qarabağa muxtariyyət verilməsindən onun Azərbaycanın idarəsi altından çıxarılmasına - Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə doğru! Bu formulanın əsasınında Dağlıq Qarabağda və onun ətrafında erməni şovinizminin gücləndirilməsi dururdu. İş o yerə çatmışdı ki, Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi XII qurultayında (1923, 17-25 aprel) K.Radek Azərbaycanda erməni şovinizmindən (aprelin 23-də) bəhs etmişdi. İ.Stalin isə ona qarşı çıxmışdı. Adətən Qafqaz Bürosunun 5 iyul qərarından bəhs etdikdə Stalinlə barışa bilməyən erməni müəllifi burada onun sözlərindən gen-bol iqtibas gətirir. Bu həmin partiya qurultayıdır ki, orada Leninin "Qurultaya məktub"u oxunmuş və orada Stalinin obyektiv xarakteristikası verilmişdi. XII qurultayda seçilmiş Mərkəzi Komitə üzvlərinin repressiyası da məlum faktdır. Ona görə də K.Radekin çıxışı ilə əlaqədar məsələlər də yenidən tədqiq olunmalıdır.
Stalinin timsalında güclü müdafiəyə malik olan ermənilər çox çəkmədən əsl niyyətlərini açıqladılar. Şaduns 13 iyunda Zaqafqaziya Ölkə Komitəsinə yazdı ki, bu muxtar vilayət (Dağlıq Qarabağ) bilavasitə Zaqafqaziya Ölkə Komitəsilə bağlı olmalıdır; "Zaqfederasiyanın rəhbərləri problemin belə alternativ, daha ağıllı həllinə getmədilər". Bununla o, Ermənistanın Dağlıq Qarabağla bağlı sonrakı fəaliyyətinin əsas formulası haqqında yuxarıda söylənənləri çox aydın təsdiq edir.

Cavid