

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin (EMİB) həyata keçirdiyi "Ətraf mühiti qoru: maarifləndirmə aksiyaları" adlı layihənin icrası davam edir.
Mayın 20-də layihə çərçicəsində Bakıda 192 saylı orta məktəbdə "Qlobal iqlim dəyişikliyinin fəsadları:dünyamızı necə xilas edək?" adlı ictimai müzakirə keçirilib.
"Yaşıl Dünya" EMİB sədri, layihənin rəhbəri Elman Cəfərli layihə haqqında məlumat verib. O, bildirib ki, iqlim dəyişmələri hazırda dünyanı narahat edən başlıca problemlərdən biri hesab olunur.
"İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun hesabatına görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Qlobal istiləşmənin əsas səbəbi insan fəaliyyəti: sənaye inqilabı, fosil yanacaqla işləyən avtomobillərin artması, meşələrin, yaşıllıq zonalarının azalması və s.dir.
Qlobal istiləşmə quraqlığın artmasına, buzlaqların əriməsinə, biomüxtəlifliyin azalmasına, təbii fəalkətlərin çoxalmasına, xəstəliklərin yayılmasına səbəb olur.
Qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üçün yaşıllıq zonaları salınmalı, meşə sahələri artırılmalı, su ehtiyatlarına qənaət edilməli, biomüxtəliflik qorunmalı, ətraf mühitin mühafizəsi tədbirləri gücləndirilməlidir"-deyə, o, bildirib.
Çıxış edən 192 nömrəli tam orta məktəbin direktoru Cavad Mustafayev bildirib ki, qlobal iqlim dəyişikliklərinin fəsadları bərpa olunan enerji növlərinin araşdırılmasını, ondan istifadənin genişləndirilməsini zəruri edir. "Qlobal ekoloji böhranın fəsadlarından biri də su ehtiyatlarının azalmasıdır. Azərbaycanın son 30 ildə 20 faiz ərazisi Ermənistanın işğalı altında idi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində müzəffər ali baş komandan cənab İlham Əliyevin rəhbəriliyi ilə ordumuz ərazilərimizi düşmən tapdağından azad etdi. Artıq Azərbaycan bütün ərazisində öz suveren hüquqlarını bərpa edib. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında çoxlu su mənbələri, dağ çayları var. Bu gün həmin çaylar, su anbarları bizim nəzarətimiz altındadır. Ənənəvi yanacaq növləri: neft, təbii qaz, daş kömür tükənəndir. Həm də onlardan istifadə atmosferdə karbon emissiyasının artmasına gətirib çıxarıb. Bərpa olunan enerji növləri isə tükənməzdir. Ölkəmizdə alternativ enerji mənbələri: külək, günəş enerjisi öyrənilir, araşdırılır və sənayedə tətbiq edilir. Bu gün Cənubi Qafqazın ən böyük günəş enerjisi stansiyası Bakıda, Qaradağ ərazisində yerləşir".
Cavad Mustafayev məktəbliləri ətraf mühitə qarşı duyarlı olmağa, məişət tullantılarını onlar üçün ayrılmış xüsusi qablara atmağı tövsüyyə edib: "Təmizlik evimiz kandarından başlanır. İnsan evində təmizliyə riayət edirsə, bunu həyətdə, məhəllədə də etməlidir. Plastik tullantılar təbiətə, canlılara böyük zərər vurur. Onlar yüzillər ərzində torpağın altında çürümür. Siz təmizliyə özünüz də əməl etməlisiz, ətraf zibilliyənlərə mane olmalısınız".
Məktəbin biologiya müəllimi Afaq Nemətova şagirdlərdə ekoloji şüurun formalaşdırılması üçün tətbiq edilən xüsusi metodlardan danışıb.
"Vətəndaş cəmiyyəti fəallarının, qeyri-hökumət təşkilatlarının maarifləndirmə tədbirləri çox yaxşıdır. Ancaq yaxşı olar ki, şagirdlər aşağı yaşlardan etibarən təbiət qoynuna ekskursiyalara aparılsın. Biz də məktəbliləri təbitə qoynuna, zooparka aparırıq və bu onlara çox yaxşı təsir göstərir. Mən Tbilisidə görmüşəm, orada heyvanxananın ərazisi daha böyükdür. Bakıda da zooparkın ərazisi daha böyük olsa yaxşı olar. Qoy, şəhərdən kənarda olsun, ancaq ərazi böyük olsun, heyvan növləri çox olsun. Şagirdlər əyani olaraq vəhşi və evcil heyvanları görsünlər. Onlarda fauna növlərinə qarşı sevgi, mərhəmət hissləri formalaşsın".
Məktəbin müəllimi Kamal Hacıyev bildirib ki, yeni nəsildə vətəndaş şüurunun formalaşdırılmasının əsas istiqamətlərindən biri də məhz ekoloji təhsil və tərbiyə olmalıdır.
K.Hacıyev deyib ki, qlobal ekoloji böhranın əsas səbəbi insan amilidir:
"İri sənaye müəsissələrinin yaranması, əhalini artması, daxiliyanma mühərrikləri ilə işləyən avtomobillərinin çoxalması atmosfer çirklənməsini artırıb. Dünya 4 sənaye inqilabı dövrünü yaşayıb. Biz istəsək də sənayedən imtina edə bilmərik. Daş dövrünə qayıda bilmərik ki. Bəşəriyyət təkamüllə inkişaf edir".
Kamal Hacıyev gəncləri ətraf mühitin mühafizəsinə laqeyd qalmamağa, canlılara qayğı göstərməyə çağırıb: "Obrazlı desək, biz artıq planetimizin havasını çirkləndirmişik, indi onu təmizləmək zamanıdır. Yer kürəsində davamlı və dayanıqlı yaşamı təmin etmək üçün mütləq karbon emissiyası azaldılmalıdır. Bu missiya isə siz gənclərin üzərindədir. Bu cür tədbirlər siz gənclərə bir mesajdır. Heç bir canlı boşuna yaranmayıb və lazımsız deyil. Heyvanlar planetimizi bizimlə bölüşən canlılardır, onlara qayğı göstərək. Ağaclar planetimizin ağciyərləridir, onları qoruyaq, ağac kəsənlərə mane olaq. Ətraf mühiti qoruyaq, dünyamızı xilas edək".