.jpg)
.jpg)
“SpaceX” şirkəti “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 23 ədəddən ibarət “Starlink” minipeyklərinin növbəti qrupunu orbitə çıxarıb.
AZƏRTAC xəbər verir ki, şirkətin saytında yerləşdirilən məlumata görə, daşıyıcı raket çərşənbə axşamı günü ABŞ-ın Şərq sahili vaxtı ilə saat 23:19-da Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kanaveral burnunda yerləşən bazasından start götürüb.
Qeyd edək ki, “SpaceX” 2019-cu ilin mayından bəri kosmik fəzaya ümumilikdə 8,6 mindən çox peyk buraxıb. Hazırda onların 7,5 mindən çoxu işlək vəziyyətdədir.
Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın minipeyk çıxarmağı hədəfləyir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.
Hazırda “Starlink” peyk şəbəkəsi dünyanın 40-dan çox ölkəsində, o cümlədən Şimali Amerika, Avropa, Uzaq Şərq və Avstraliyada istifadəçilər üçün əlçatandır. Pentaqonun məlumatına əsasən, həmin peyklərin xidmətindən amerikalı hərbçilər də istifadə edirlər.