
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun ABŞ-nin Avropanın gələcək təhlükəsizlik sistemindəki rolu ilə bağlı açıqlaması diqqət çəkir. Belə ki, S.Ryabkov yeni Avropa təhlükəsizlik sisteminin qurulmasının ABŞ-nin iştirakı olmadan mümkünsüz olduğunu söyləyib.
O qeyd edib ki, Vaşinqtonun xarici siyasət prioritetlərinin tədricən dünyanın digər regionlarına yönəlməsinə baxmayaraq, ABŞ Avropa proseslərinə əhəmiyyətli təsir göstərir: “ABŞ dünyanın digər regionlarına yenidən diqqət yönəltməsinə baxmayaraq Avropada təsirli amil olaraq qalır və yaxın gələcəkdə də belə qalacaq, ona görə də ABŞ olmadan bu sahədə heç nəyi həll etmək sadəcə mümkün deyil”.
Bəs Rusiya bununla hansı mesajı verir?
Rusiya-Avropa cəbhəsi
Milli Məclisin deputatı Ceyhun Məmmədov söyləyib ki, prosesi təhlil edəndə gördüyümüz odur ki, bu gün əsas münaqişə Rusiya-Avropa cəbhəsində gedir: “Deyə bilərik ki, Rusiya və ABŞ arasında münasibətlər nisbətən normallaşır və təbii ki, söhbət Tramp nümunəsində gedir. Yəni bu gün əsas münaqişə bu iki istiqamətdə gedir və bu iki istiqamətdə biz zaman-zaman qarşıdurmaları görürük. Hesab edirəm ki, bu gün Avropa dövlətləri həm də regionumuzda fəaldırlar və xüsusilə də Ermənistandakı proseslərdə Rusiyanın aktiv müdaxiləsini müşahidə edirik. Yəni bu istiqamətdə müəyyən proseslər müşahidə olunur”.
C.Məmmədov əlavə edib ki, burada Amerika faktoru və başqa amillər var: “Bu anlamda hesab edirəm ki, bu, həm də Rusiyanın ABŞ-yə bir dəstəyi kimi nəzərdən keçirilməlidir, Rusiya-ABŞ arasında əməkdaşlığın göstəricisi kimi qiymətləndirilməlidir”.
“Kreml Ağ Evlə daha yaxın münasibətlər qurmağa çalışır”
Politoloq Elçin Xalidbəyli bildirib ki, son vaxtlar Kreml Ağ Evlə daha yaxın münasibətlər qurmağa çalışır: “Çünki Tramp administrasiyası Rusiyanın müttəfiqi kimi çıxış edir. Ona görə də Rusiya indi Avropa üzərindəki təsir dairəsini məhz Amerika Birləşmiş Ştatlarının yardımı ilə, dəstəyi ilə təmin etməyə çalışır. Son sülh şərtlərinin sırasına, yəni Kremlin son sülh şərtlərinin sırasına NATO-nun Şərqi Avropadan geri çəkilməsi, eyni zamanda, Finlandiyanın NATO-nu tərk etməsi kimi tələblər yer alır və birbaşa tələb olunur ki, Rusiya Avropa təhlükəsizlik sisteminin tərkib hissəsi kimi öz siyasi iradəsini nümayiş etdirmək imkanları qazanmalıdır”.
Kremlin əsas hədəfləri
Politoloqun sözlərinə görə, Kremlin əsas hədəfləri sırasında Ukrayna savaşından sonra Avropaya təsir və nəzarət imkanları qazanmaq kimi hədəflər yer alır: “Ona görə də Kremldə ABŞ-nin Avropa Birliyi ilə münasibətlərindəki kəskin ziddiyyətləri nəzərə almağa çalışırlar. Hesab edirlər ki, Tramp administrasiyası hakimiyyətdə olacağı yaxın iki il ərzində ABŞ-nin Rusiyaya artıq inkarolunmaz xarakter daşıyan tərəfdarlıq münasibətlərindən faydalanmaq lazımdır. Yəni Kremldə artıq belə hesab edirlər. Hesab edirlər ki, məhz Amerika Birləşmiş Ştatlarının təsiri, həm də Avropaya neqativ təsiri, Avropanı sıxışdırmaq siyasəti Rusiyanın geostrateji maraqlarının təmin olunmasında xüsusi önəm daşıya bilər”.
“Ona görə də Kreml təmsilçiləri adətən Amerika Birləşmiş Ştatları haqqında açıqlamalar verərkən onun həm dünyadakı, həm də Avropadakı təsir imkanlarını xüsusi olaraq qabartmağa üstünlük verirlər və bununla da mesaj verirlər ki, Rusiya Avropa məkanında Amerika Birləşmiş Ştatları ilə ortaq fəaliyyət göstərməyə, tərəfdaşlıq etməyə hazırdır” - deyə o söyləyib.
“Avropa Rusiyanın tam parçalanmasını istəyir”
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov diqqətə çatdırıb ki, Rusiyaya münasibətdə Qərbin, yəni Avropa və Amerika Birləşmiş Ştatlarının fikirlərinin haçalandığı yer məhz bu məqamdır: “Rusiya uzun illər ərzində, Sovetlər İttifaqı dönəmində də, elə indiki dövrdə də Avropanın və Amerika Birləşmiş Ştatlarının rəqibi olan dövlət və yaxud da düşmən dövləti olub. Amma Rusiya ilə bağlı proseslərdə və yaxud siyasətdə Avropa ilə ABŞ-nin fikirlərinin haçalandığı yer ondan ibarətdir ki, ABŞ də, Avropa da Rusiyanın zəifləməsini istəyir. Lakin Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra bu günə qədər keçdiyi yolda biz bilirik ki, Rusiyanın iqtisadiyyatı, hərbi gücü, canlı qüvvəsi kifayət qədər azalıb, zəifləyib. Bu mərhələdə mən düşünürəm ki, ABŞ istəyir ki, Rusiya bu vəziyyətdə qalsın, amma Avropa bunu istəmir. Avropa Rusiyanın tam zəifləməsini və parçalanmasını istəyir. Rusiya Avropa ilə qonşudur, sərhəddir, amma Amerika ilə aralarında okean var. Rusiyanın mövcudluğu, yəni güclü olmasa da, zəif olsa belə mövcudluğu Avropa üçün təhlükə yaradır”.
“Avropa ilə ABŞ-nin fikirləri haçalanır”
“Avropa nə qədər ki, Rusiya təhlükəsi var, bir o qədər ABŞ-dən asılı vəziyyətdə olur. Bu mərhələdə Avropa ilə ABŞ-nin fikirləri haçalanır. Yəni Avropa Rusiyanın tam zəifləməsini, parçalanmasını istəyi, ABŞ isə Rusiyanın zəif vəziyyətdə durmasını, ancaq Avropa üçün təhlükə daşımasından yanadır ki, Avropada həmişə ABŞ-nin dəstəyinə ehtiyacı olsun. Bu məsələdə Avropa ilə ABŞ-nin fikriləri haçalanır, amma ABŞ ilə Rusiyanın indiki mərhələdə fikirləri üst-üstə düşür ki, ABŞ Rusiyanın bu vəziyyətdə qalması və Ukrayna problemindən bu vəziyyətdə çıxmasını istəyir. Ona görə Rusiya Xarici İşlər Nazirliyi Avropada yeni təhlükəsizlik arxitekturasının qurulması, yəni Rusiya ilə ABŞ-nin maraqlarının uzlaşdığı bir arxitekturadan söhbət gedir ki, bunu istəyir və o arxitektura da Rusiyada var. Amma Avropanın müəyyənləşdirdiyi təhlükəsizlik arxitekturasında Rusiya yoxdur. Ona görə də mən düşünürəm ki, Rusiya xarici işlər nazirinin müavinin mövqeyi məhz bununla bağlıdır” - deyə X.Bəşirov qeyd edib.
Röya İsrafilova