Üç nüvə dövlətinin liderlərindən gözləntilər
18 Noyabr 23:50

Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp, Çin Sədri Si Szinpin və Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli görüş noyabrın 19-da Çinin Şençjen şəhərində keçiriləcək.
Bu barədə məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib. ABŞ administrasiyasının yüksəkvəzifəli rəsmilərinin jurnalistlərə verdiyi məlumata görə, ABŞ, Çin və Rusiya liderlərinin ilk dəfə keçiriləcək üçtərəfli görüşünün əsas mövzusu nüvə silahlarının ləğvi olacaq. Tərəflərin İran məsələsini də müzakirə edəcəyi gözlənilir.
Bununla yanaşı, Donald Trampın görüş zamanı Rusiyanın Ukraynaya qarşı müharibəsini müzakirə etmək niyyətində olmadığı bildirilir.
ABŞ rəsmiləri görüşün konkret razılaşma ilə nəticələnəcəyini gözləmədiklərini, danışıqları nüvə tərk-silahı məsələsində ilkin müzakirə kimi qiymətləndirdiklərini qeyd ediblər.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, hazırda Rusiya, ABŞ və Çin liderlərinin görüşünün təşkili istiqamətində fəal və məzmunlu iş aparılır.
Onun sözlərinə görə, tərəflər görüşün gündəliyini razılaşdırır və birgə bəyanatın mətnini hazırlayırlar.
“Bu mətn gərgin diplomatik iş və çətin məsləhətləşmələr nəticəsində ərsəyə gəlir”, – deyə Yuri Uşakov bildirib.
Kremlin nümayəndəsi qeyd edib ki, Moskva birgə bəyanatın mətninə dair öz təkliflərini artıq çinli tərəfdaşlarına təqdim edib. Çin tərəfi də öz növbəsində müvafiq təkliflərini irəli sürüb. Hazırda Vaşinqtondan da cavab və təkliflər daxil olur. Bundan sonra tərəflər ortaq kompromisə gəlməyə ümid edirlər.
“Biz üç liderin ümumi bəyanat qəbul edəcəyini nəzərdə tuturuq”, – deyə prezidentin köməkçisi vurğulayıb.
Uşakov əlavə edib ki, yekun sənəd qəbul edilməyəcəyi təqdirdə belə, hər bir lider keçirilən danışıqlara dair öz qiymətləndirməsini açıqlayacaq.
Onun sözlərinə görə, bu açıqlamalar böyük əhəmiyyət daşıyacaq və həm Rusiyada, həm ABŞ-də, həm də Çində geniş ictimai rezonans doğuracaq.
Görüşdə müzakirə oluna biləcək məsələlərlə bağlı
qəzetimizə danışan Politoloq Elşən Manafov deyib ki, Çinin Şençen şəhərində noyabrın 19-da Çin, Rusiya və ABŞ liderləri arasında keçiriləcək görüşü dünyanın bir sıra nüfuzlu siyasi xadimləri Yalta-2 konfransı olacaqlarını bildiriblər və bu da təsadüfi deyil.
1945-ci ilin fevralında Yaltada SSRİ (Stalin), ABŞ (Ruzvelt) və Böyuk Britaniya (Çörçill) liderləri arasında baş tutmuş görüşdə ikinci dünya müharibəsindən sonrakı dünyanın müqəddəratı həll olunduğu kimi, Çində baş tutacaq görüşdə də məhz müasir dünyanın təhlükəsizlik arxitekturasının cızılacağı gözlənilir. Tərəflər bu görüşə fərqli maraqlarla qoşulsalar da, dünyanın qlobal təhlükəsizlik problemlərinin bu görüşdə müzakirə obyekti olacağı birmənalıdır: "Bu görüşdən əvvəl ABŞ prezidenti Trampın Ukrayna-Rusiya müharibəsinin durdurulması və tərəflər arasında möhkəm və dayanıqlı sülhün əldə edilməsi ilə bağlı cəhdləri hələ ki, səmərə verməyib. Müharibənin hazırkı durumda hansı sonluqla bitəcəyi də ABŞ üçün o qədər də maraqlı deyil. Ukraynanın hava hücumundan Mudafiə Sistemindəki boşluqlar və Rusiyanın da bundan çıxış edərək Ukraynanın enerji, infrastruktur obyektlərinin əksəriyyətini aradan çıxarması qarşıdan gələn qışın Ukrayna üçün cox çətin olacağını düşünməyə əsas verir. Avropadan gəlməkdə davam edən hərbi və maliyyə dəstəyinin olacağı təqdirdə Ukraynanın məglub olacağı şübhə doğurmur. Odur ki, Tramp Avropa ilə yanaşı milyardlarla vəsait qoyduğu Ukrayna layihəsini labüd iflasdan qurtarmağa çalışırdı. Lakin, Rusiyanın atəşkəs deyil, möhkəm və dayanıqlı sülh tələbləri, referendumla Rusiyaya qatılmış ərazilərin Ukrayna və Qərb birliyi tərəfindən Rusiya əraziləri kimi tanınması ilə bağlı şərtləri, Ukraynanın bitərəf qalacağı və gələcəkdə də NATO ya inteqrasiya etməyəcəyi ilə bağlı təminatlar istəməsi, NATO-nun 1997-ci ilə qədərki sərhədlərə qayıtması ilə bağlı tələblər və s. qarşı tərəfi çıxılmaz vəziyyətə salıb".
Politoloq qeyd edib ki, Avropanın gələcək təhlükəsizlik sisteminin müəyyən edilə biləcəyi ilə bağlı Əbu-Dabi danışıqlarından kənarda qalan rəsmi Brussel, xüsusilə Böyuk Britaniya narazılıqlarını bildirir və özlərinin danışıqlar masası arxasında yerlə təmin olunmalarını tələb edirlər: "Görunən odur ki, Yalta-1 də Böyuk Uçlukdən biri olan Britaniya Yalta-2- də dünyanın gələcək müqəddəratını müəyyən edəcək dövlətlər sırasında olmayacaq. Bu Brexitdən sonra ilk baxışda AB-dən kənarda qalan britaniyalı qlobalistləri qane etmir, onlar gil ayaqlı nəhəng statusunda belə məlum tədbirdə iştirak etmək istəklərindən geri çəkilmək istəmirlər.
Çində baş tutacaq görüşdə tərəflər yəqin ki, İran-ABŞ qarşıdurmasının dünya enerji bazarında doğurduğu böhranı, ilk növbədə Hörmuz boğazı ətrafında gərginliyi aradan qaldırmaq üçün yollar arayacaqlar və heç şübhəsiz ki, İranın boğazda gəmiçiliyin bərpa edilməsinə dair təklifləri müzakirə obyekti olacaq. Hind- Çin regionunda vəziyyət, Cənubi Koreya, Tayvan, Yaponiya ilə bağlı problemlərin həllində şübhəsiz ki, Çin ABŞ dan yüksək təminatlar istəyəcək, Rusiyanı Avropanın təhlükəsizlik sisteminin yeni konturlarl ilə bağlı məsələlərə Avropa təmsilçiliyinin qəbul edilməsinə razı salmağa hədəflənmiş danışıqlar aparılacaq.
Tərəflər Afrikada nüfuz dairələri, Arktikada əməkdaşlıq və s. kimi qlobal problemlərin həllində orraq məxrəcə gəlməyə çalışacaqlar.
Rusiya ABŞ-dan Avropanın ona qarşı tətbiq etdiyi sanksiyaların yumşaldılması üçün təkliflərini irəli sürüb, İranla bağlı problemlərin həllində vasitəçiliklə bağlı mövqeyini sərgiləyəcək.
Fərqli geosiyasi mövqelərdə duran məlum dövlətlər arasında razılaşmalara əngəl olmağa cəhd göstərəcək tərəflər isə Britaniya qlobalistləri və İsrailin Netenyahu hökuməti olacaq".
Politoloq Bakir Həsənbəylinin fikrincə, ABŞ, Rusiya və Çin liderlərinin 19 noyabr 2026-cı il tarixində Çinin Şençjen şəhərində keçiriləcək APEC sammiti çərçivəsində ilk tarixi üçtərəfli görüşünü qlobal təhlükəsizlik böhranları, nüvə silahlarına nəzarət zərurəti və böyük dövlətlər arasında strateji sabitliyin qorunması zəruri edir. Dünyanın ən güclü üç nüvə və geosiyasi dövlətinin rəhbərləri - Si Cinpin, Donald Tramp və Vladimir Putin kəskinləşən beynəlxalq gərginlik fonunda qlobal nizamı müzakirə etmək üçün ilk dəfə eyni masa arxasına əyləşirlər: “Görüşü zəruri edən əsas amillər və tərəflərin gələcək hədəfləri var. Ağ Evin açıqlamalarına görə, Donald Tramp nüvə silahlarının yayılmasının qarşısını almaq və qlobal nüvə arsenallarının azaldılması üzrə diskussiyalara başlamaq niyyətindədir. ABŞ mövcud strateji sabitlik mexanizmlərinə Çinin də cəlb olunmasını vacib hesab edir. Çin Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının üç daimi üzvünün qlobal sülhü qorumaq və fikir ayrılıqlarını idarə etmək üçün birbaşa dialoq qurmasının beynəlxalq sabitlik baxımından həlledici olduğunu vurğulayır. İran ətrafındakı hərbi qarşıdurma və regional eskalasiya qlobal enerji bazarlarına və təhlükəsizliyə ciddi təhdid yaradır. İranın ən böyük ticarət tərəfdaşı olan Çinlə Vaşinqtonun bu məsələdə ortaq mövqe axtarışı görüşü qaçılmaz edib. Rusiya tərəfi dörd ildən artıqdır davam edən müharibənin nizamlanması məsələsini böyük dövlətlər formatında müzakirə etməkdə maraqlıdır. ABŞ və Çin bu mövzuya ehtiyatla yanaşsa da, qlobal iqtisadi təzyiqlər münaqişə ətrafında dolayı müzakirələri zəruri edir. Görüşün məhz Şençjendə keçirilməsi Pekinə həm ABŞ, həm də Rusiya liderlərini öz meydançasında bir araya gətirən birinci diplomatik güc statusu qazandırır. Eyni zamanda, Çin ABŞ-la ticarət tarifləri və texnoloji rəqabət fonunda münasibətləri sabitləşdirməyə çalışır”.
Politoloqun fikrincə, Moskva bu sammitdən Qərbin təcrid siyasətini tamamilə qırmaq və qlobal təhlükəsizlik arxitekturasında bərabərhüquqlu tərəf kimi mövqeyini möhkəmləndirmək üçün istifadə edir. Vaşinqton isə Rusiya və Çin arasındakı yaxınlaşmanı balanslaşdırmaq və qlobal böhranları birbaşa liderlər səviyyəsində idarə etmək məqsədi güdür. Üçtərəfli görüşdən konkret hüquqi sazişlərin imzalanması deyil, daha çox ilkin dialoqun qurulması və mövqelərin dəqiqləşdirilməsi gözlənilir. ABŞ administrasiyasının rəsmiləri bu tarixi zirvənin əsasən gərginliyi azaltmağa xidmət edən başlanğıc addım olacağını bildirirlər. Tərəflər görüşün əvvəlcədən razılaşdırılmış sərt gündəliyindən imtina ediblər ki, bu da danışıqların sərbəst müzakirə formatında keçəcəyini göstərir. Ağ Evin açıqlamalarına görə, Donald Trampın əsas hədəfi "New START" müqaviləsinin müddəti bitdikdən sonra Çinin də daxil olduğu yeni üçtərəfli nüvə nəzarəti mexanizminin müzakirəsinə başlamaqdır: “Pekin hələlik öz nüvə arsenalını məhdudlaşdırmağa maraqlı olmasa da, tərəflər arasında bu mövzuda birbaşa fikir mübadiləsi yarana bilər. Vaşinqton Tehranın əsas iqtisadi tərəfdaşları olan Pekin və Moskva ilə birlikdə İran ətrafındakı hərbi-siyasi gərginliyi gündəmə gətirəcək. Bu müzakirələr regionda eskalasiyanın qarşısını almaq üçün diplomatik kanalların açılmasına təkan verə bilər. Rusiya tərəfi bu məsələdə maraqlı olsa da, həm ABŞ rəsmiləri, həm də birbaşa vasitəçilikdən yayınan Çin bu görüşdə Ukrayna münaqişəsinin detallı həllini gündəmə gətirməyi planlaşdırmır. Si Cinpinin həm Trampı, həm də Putini Çin torpağında eyni masa arxasına gətirməsi Pekin üçün müzakirələrin nəticəsindən asılı olmayaraq böyük siyasi dividenddir. Görüşün nəticəsi olaraq ortaq yekun bəyanatın verilməsi və ya tərəflər ümumi mətn üzərində razılığa gəlməsələr, hər bir lider görüşdən sonra öz mövqeyini əks etdirən ayrı-ayrı bəyanatlarla çıxış edəcək. Üçtərəfli görüş dünyanın yenidən bölüşdürülməsi kimi deyil, daha çox qlobal təhlükəsizlik və dialoq mexanizmlərinin yenilənməsi cəhdi kimi qiymətləndirilir. Tərəflərin müzakirə edəcəyi məsələlər ərazi və ya təsir dairələrinin bölüşdürülməsindən daha çox konkret qlobal böhranların idarə olunmasına yönəlib. Bu görüşün qlobal nizama təsiri ola bilər. Belə təmas uzun müddətdir ehtiyac duyulan üçtərəfli dialoqun əsasını qoya və böyük dövlətlər arasındakı gərginliyi azalda bilər. Görüş dünyanın "Yalta konfransı" kimi yenidən bölüşdürülməsindən daha çox, artıq formalaşmış çoxqütblü dünyada - ABŞ, Çin və Rusiya mərkəzli güc balansında yeni oyun qaydalarının və qırmızı xətlərin müəyyənləşdirilməsi cəhdidir. Üç nüvə dövlətinin liderlərinin eyni vaxtda görüşməsi qlobal təhlükəsizlik arxitekturasında yeni mərhələnin başlanğıcı olacaq”.
Cavid