
Pezeşkianın Azərbaycan siyasəti: tarixi fürsət və təhdidlər
6 Avqust 23:33
Peşə təhsili müəyyən bir sahədə ixtisaslı işçi qüvvəsinin hazırlanmasını təmin edən təhsil pilləsidir. Bu təhsil pilləsi tələbələrin peşə və texniki bilikləri, bacarıqları və səriştələri əldə etmələrini təmin edərək onları əmək bazarına hazırlaşdırır. Peşə təhsili adətən orta məktəbdən sonra verilir və müxtəlif peşə sahələrində (məsələn, sənaye, xidmət sektoru, texnologiya və s.) işə hazırlıq məqsədi daşıyır.
Bu təhsil sistemində, şagirdlər həm nəzəri bilikləri, həm də praktiki bacarıqları əldə edirlər. Bu təhsil növü həm də iş həyatına inteqrasiya olunma müddətini qısaltmaq üçün nəzərdə tutulub. Peşə təhsilinin əsas məqsədi işəgötürənlərin tələblərinə uyğun gələn kadrların hazırlanması və işsizlik səviyyəsinin azaldılmasıdır.
Hazırda Azərbaycanda peşə təhsilinə maraq hansı səviyyədədir? Bu sahədə problemlər və perspektivlər nədən ibarətdir?
“Xalq Cəbhəsi” mövzunu təhsil məsələləri üzrə ekspertlərlə araşdırıb.
“Tələbələrin yerləşdirilməsi ilə bağlı müəmmalar var”
Təhsil üzrə ekspert Rizvan Fikrətoğlu qeyd edib ki, son illər peşə məktəblərində irəliləyiş müşahidə olunur: “Bizdə ilkin peşə, texniki peşə ixtisasları var idi və son illər yüksək texniki peşə ixtisasları da əlavə olunub. Yüksək texniki peşə ixtisası o deməkdir ki, sənə oranı bitirəndən sonra birbaşa subbakalavr kimi kollec səviyyəsinə bərabər diplom verilir. Bu, peşə məktəbini daha da cəlbedici edib. Biz illərin statistikasına baxanda peşə məktəblərinə sənəd verənlərin sayının da artdığını görürük və bununla paralel plan yeri də artırılır. Yəni peşə məktəblərində müsbət irəliləyişlər görmək olur. Sistemlə bağlı problemlər var. Amma tələbə sayında artımlar var. Sistemlə bağlı problem odur ki, yəni burada konkret portal.edu.az-da əlavə peşə təhsili ilə bağlı müəyyən qaranlıq məqamlar var. Tələbələrin yerləşdirilməsi ilə bağlı müəmmalar var. Bilinmir bal əsasda yerləşdilir, ictimaiyyətə bununla bağlı açıqlama verilmir”.
“Bu, cəmiyyətdə şübhələr yaradır”
Ekspert əlavə edib ki, hətta bu ili çıxmaq şərti ilə əvvəlki illərdə peşə məktəblərində ixtisasların plan yerləri açıqlanmırdı: “Bu il açıqlandı, amma bu da məlum məsələdir qəbul attestat ortalamasına görə, yüksək peşədə isə buraxılış balına görə aparılır. Lakin hansı ixtisas neçə baldır, bunlar açıqlanmır və bu da qaranlıq məqamdır, cəmiyyətdə şübhələr yaradır. Yerləşdirmə doğrudanmı şəffafdır? mən düşünürəm ki, yerləşdirmənin şəffaflığında problem var ki, açıqlanmır. Yəni məsələn, mənim attestatım 4-dür. Mən düşünürəm ki, 3-ü yerləşdirirlər məni yox. Yəni növbəti illərdə peşə jurnalında mütləq şəkildə bu da olmalıdır”.
“Əmək bazarının tələbini ödəməyən ixtisaslara da rast gəlirik”
R.Fikrətoğlu bildirib ki, ümumilikdə, peşə məktəbləri, peşə ixtisasları ilə bağlı dəyişikliklərin sürətli və səmərəliliyi hələ də istənilən səviyyədə deyil: “Əsas göstəricilər üzrə effektiv iştirak səviyyəsi, innovasiya, nəticə yönümlülük, müsbət dinamika olsa da davamlı inkişaf üçün sistemli yanaşma çatışmır. Problemlər var. Yəni qanunvericilikdə strateji boşluqlar var. Çox vaxt qanunvericilik real tələbatlarla ayaqlaşmır və tətbiq etmədə mexanizmlər zəifdir. Düşünürəm ki, peşə ixtisaslarında bəzən əmək bazarının tələbini ödəməyən ixtisaslara da rast gəlirik. Bundan əlavə, peşə məktəbləri ilə bağlı ixtisaslı kadr problemi hələ də var. Mövcud olanların səriştə çatışmazlığı var, çatışmazlığın inkişafı ləngiyir.”.
“Qısa, orta və uzunmüddətli məqsədləri əhatə edən strategiya hazırlanmalıdır”
O eləcə də diqqətə çatdırıb ki, ümumiyyətlə, sahəyə uyğun maddi-texniki baza və rəqəmsal inkişaf zəifdir: “Müxtəlif qurumlar, tərəfdaşlar arasında koordinasiya və nəticələrin qiymətləndirilməsi də zəifdir, amma perspektivlər də var. Yəni müasir texnologiyaların tətbiqi bu sahədə ciddi keyfiyyət dəyişikliyi yarada bilib. Qısa, orta və uzunmüddətli məqsədləri əhatə edən, real əsaslara söykənən strategiya hazırlanmalıdır. Maraq qruplarının iştirakı və ictimai nəzarət artırılmalıdır. Həmçinin qlobal təcrübədən istifadə və uğurlu modellərin uyğunlaşdırılması müsbət nəticələr verə bilər”.
“Mənfi mənada müstəqillik var”
Onun bildirdiyinə görə, peşə məktəbləri ilə bağlı xırda detallar, problemlər də mövcuddur: “Məsələn, biz Peşə Agentliyinin saytına daxil olanda peşə məktəblərinin ünvanlarının düzgün yazılmaması, mobil nömrələrin düzgün olmaması ilə üzləşirik. Düşünürəm ki, bu sahədə müəyyən qədər də mənfi mənada müstəqillik var. Peşə məktəblərinin bir qismi Peşə Agentliyinə tabe olmamaqla sanki özlərini publik hüquqi şəxs kimi aparırlar. Yəni bir növ o qədər də çətinmək yoxdur. Bu sahədə müəyyən qədər məktəblərin mərkəzə tabe olmama iddiaları da var. Müəyyən qədər nəzarət və rəhbərlik sistemində də dəyişikliyə ehtiyac var”.
“Peşə təhsili gənclərin əmək bazarına tez və effektiv daxil olmasına şərait yaradır”
Təhsil üzrə ekspert Cahid İmanlı söyləyib ki, peşə təhsili konkret spesifik, dar bir sahəyə - peşəyə yönəlmiş bilik və bacarıqlar qazandıraraq gənclərin əmək bazarına daha tez və effektiv daxil olmasına şərait yaradır: “Aşağı əmək bazarında - yəni xidmət, iaşə, müxtəlif istehsal sahələrində işəgötürənlər praktiki biliklərə malik kadrlara daha çox üstünlük verdiyindən peşə təhsili məzunları rəqabətə daha davamlı olurlar”.
“Peşə təhsili şagird və valideynlərin "təhsildə ən son variantı" kimi qalır”
C.İmanlı əlavə edib ki, lakin cəmiyyətdə bəzən peşə təhsili zəif alternativ kimi qəbul olunur: “Bu stereotiplər gənclərin və valideynlərin seçimlərinə mənfi təsir göstərir. Son illər sosial media, televiziya kampaniyaları və nümunəvi məzunların hekayələri vasitəsilə bu fikirlərin dəyişdirilməsi üçün maarifləndirmə aparılır. Lakin hələ də peşə təhsili şagird və valideynlərin "təhsildə ən son variantı" kimi qalır. Abituriyentlər seçim zamanı yüksək texniki peşə ixtisaslarına daha çox üstünlük verirlər və bunun da səbəbi subbakalavr dərəcəsi alıb universitetə keçid etmək istəmələridir. Göründüyü kimi burada da peşə təhsili istəkdən yox, məcburiyyətdən seçilir. Digər tərəfdən bir çox peşə məktəblərinin, xüsusilə bölgələrdə mövcud peşə məktəblərinin keyfiyyəti - maddi tədris və pedaqoji bazası zəif olduğundan "peşə məktəbi imicinə" ciddi mənfi təsir edir”.
Peşə təhsilində Dual təhsil modeli
Ekspert bildirib ki, hazırda peşə təhsilində Dual təhsil modeli (təhsil və iş yerlərində paralel təcrübə), modul əsaslı kurikulumlar, simulyasiya laboratoriyaları və real müəssisələrlə əməkdaşlıq çərçivəsində təlimlər tətbiq olunur: “Bu, tələbələrin iş mühitinə adaptasiyasını və peşə vərdişlərini artırır. Amma qeyd edim ki, bu yeniliklər tətbiq edilən peşə ixtisaslarının ödənişi 2000- 5000 manata arası dəyişir. Bu da həmin ixtisaslarda təhsilin aşağı sosial təbəqələr üçün əlçatanlığını sual altına qoyur. Halbuki, peşə təhsili elə məhz ilk növbədə bu təbəqənin ehtiyac və maraqlarına uyğun olmalıdır”.
Röya İsrafilova