Qubada “Dini ekstremizmə qarşı mübarizə və müasir çağırışlar” mövzusunda regional konfrans keçirilir Cəmiyyət

Qubada “Dini ekstremizmə qarşı mübarizə və müasir çağırışlar” mövzusunda regional konfrans keçirilir

Mayın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Quba şəhərində “Dini ekstremizmə qarşı mübarizə və müasir çağırışlar” mövzusunda regional konfrans öz işinə başlayıb.

Xalqcebhesi.az xəbər verir ki, tədbirdən öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin Quba şəhərində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbirdə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dini-mənəvi dəyərlərin qorunması istiqamətində mühüm addımlar atılıb və bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qarabağda aparılan yenidənqurma işləri, işğaldan azad olunmuş ərazilərdə məscidlərin bərpası və yeni ibadət ocaqlarının inşası dövlətin milli-mənəvi dəyərlərə verdiyi önəmin göstəricisidir. İlqar Mahmudov deyib ki, Quba rayonu tarixən tolerant mühiti ilə seçilib. Tədbirin Qubada keçirilməsi rayonda formalaşmış multikultural mühitinin göstəricisidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Azərbaycan özünün dövlətçilik ənənələri, tolerant mühiti və milli-mənəvi dəyərlərə malik inkişaf modeli ilə fərqlənir. Ölkəmizin təcrübəsi dini ekstremizmə qarşı mübarizədə nəzəri modellərin praktik sintezinə istinad edir. Preventiv, ideoloji, hüquqi və sosial tədbirlərin uzlaşdırılması sabitliyin və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır. Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan uzaqgörən siyasəti nəticəsində din ayırıcı deyil, birləşdirici amil kimi çıxış edir. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə çıxışında Azərbaycanın multikulturalizm siyasəti, dini ekstremizmə qarşı mübarizənin önəmi haqqında danışıb. O, müstəqillik illərində ölkəmizin çətin, lakin uğurlu inkişaf yolu keçdiyi vurğulayaraq bildirib ki, Azərbaycanın milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına xüsusi önəm verir. Dini radikalizm və ekstremizmin dinin əsl mahiyyəti heç bir əlaqəsinin olmadığını diqqətə çatdıran millət vəkili bu problemin aradan qaldırılmasında düzgün təbliğatın vacibliyini də qeyd edib.

Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, Azərbaycandakı sabitliyin qorunması hər bir vətəndaşın əsas vəzifəsidir. Deputat vurğulayıb ki, radikalizm və ekstremizm meyilləri çox vaxt rəqəmsal platformalar və sosial şəbəkələr vasitəsilə yayılır. Bu təhlükələrin qarşısının alınmasında əsas istiqamətlərdən biri maarifləndirmə işinin gücləndirilməsidir. Ölkəmizdə yeni dövrün tələblərinə uyğun savadlı və dünyagörüşlü gənc din xadimlərinin yetişdirildiyini deyən Müşfiq Məmmədli diqqətə çatdırıb ki, müxtəlif regionlarda baş verən qarşıdurmalar fonunda Azərbaycanda sabitlik və tolerant mühit qorunub saxlanılır.

Regional konfrans işini panel iclasları ilə davam etdirir.

Cavid