BMT rəsmisi: Bütün cəmiyyətlər üçün əlçatan yaşayış mühitinin yaradılması prioritet olmalıdır Cəmiyyət

BMT rəsmisi: Bütün cəmiyyətlər üçün əlçatan yaşayış mühitinin yaradılması prioritet olmalıdır

Bütün cəmiyyətlər üçün əlçatan, dayanıqlı və enerji səmərəli yaşayış mühitinin yaradılması əsas prioritet olmalıdır.

APA xəbər verir ki, bunu BMT Baş katibinin köməkçisi, UNEP-in icraçı direktorunun müavini Elizabeth Maruma Mrema Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "İqlim və Mənzil Əlaqəsi" adlı tədbirdə bildirib.

O qeyd edib ki, dünyada 2,8 milyard insan qeyri-adekvat mənzillərdə yaşayır, 1,8 milyard nəfər isə qeyri-rəsmi yaşayış məntəqələri və gecəqondularda məskunlaşıb. Mrema vurğulayıb ki, mənzil siyasəti hazırlanarkən sosial statusdan asılı olmayaraq hər kəs üçün əlverişli və iqlimə davamlı evlərin təmin olunması nəzərə alınmalıdır.

BMT rəsmisinin sözlərinə görə, bazarda mövcud olan bir sıra problemlər bu sahədə inkişafı ləngidir: “Tikinti şirkətləri çox vaxt enerji səmərəliliyi və iqlim dayanıqlığını deyil, daha çox mənfəəti düşünür. Nəticədə isə sakinlər yüksək enerji xərcləri və aşağı komfort şəraiti ilə üzləşirlər”.

Elizabeth Maruma Mrema bildirib ki, qısa müddətli xərc təzyiqləri səbəbindən tikinti sektorunda ucuz və keyfiyyətsiz həllərə üstünlük verilir: “Məsələn, çoxmərtəbəli binaların tikintisi daha baha başa gəlir və onların istismar xərcləri aşağı mərtəbəli tikililərlə müqayisədə dəfələrlə çox olur”.

O əlavə edib ki, inkişaf etməkdə olan ölkələrdə aşağı karbonlu və ekoloji davamlı tikinti materiallarına etimadın zəif olması da əsas problemlərdəndir: “Bu, texniki yox, davranış problemidir. Yerli və davamlı materialların keyfiyyətinə dair düşüncə dəyişməlidir”.

Mrema həmçinin vurğulayıb ki, bir çox ölkələrdə tikinti qaydaları və standartları mövcud olsa da, onların icrası zəifdir: “Nəzarətin kifayət qədər olmaması səbəbindən bəzi tikinti şirkətləri daha çox gəlir əldə etmək üçün standartlara əməl etmirlər”.