Ebola təhlükəsi: virus yenidən yayılır? Cəmiyyət

Ebola təhlükəsi: virus yenidən yayılır?

Ebola virusu çox təhlükəli viruslardan hesab edilir. Əsasən Afrika ölkələrində yayılan bu virusda ölüm ehtimalı yüksək olduğu vurğulanır.

Son zamanlar ebola virusu yenidən yayılmağa başlayıb.

Qeyd olunur ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo və Uqandada virusla bağlı fövqəladə vəziyyət elan edib.

Sözügedən virusun əsas yoluxma yolları hansılardır və virusdan qorunmaq üçün hansı tədbirlərə əməl edilməlidir?

“Xalq Cəbhəsi” məsələ ilə bağlı həkimlərin fikirlərini öyrənib.

Terapevt Etibar Süleymanov bildirib ki, ebola virusu hemorragik qızdırma xəstəliyi verən çox təhlükəli viruslardan biridir: “Bu virusa ən çox Afrika ölkələrində rast gəlinir. Xəstəlik yarasalardan meymunlara və insanlara keçə bilir. İnsandan insana hava-damcı yolu ilə keçmir. Xəstə insanların qanından, tüpürcəyindən, spermadan, irinli ifrazat, nəcis, sidik və çirklənmiş maddələrdən istifadə etdikdə keçə bilir. İnkubasiya müddəti 2 gündən 21 günə qədər çəkə bilir. Ölüm faizi 25-90 faiz arasına qədər dəyişə bilir. Yəni ölüm ehtimalı çox böyükdür. Xəstəlik yüksək qızdırma, qanaxmalarla, qarın, boğaz, əzələ ağrıları ilə başlayır. Konkret müalicəsi yoxdur. Çox maye qəbulu, simptomatik müalicə və hər hansı bir Afrika ölkələrinə getdikdə vaksinasiya olunmaları məsləhət görülür”.

“Ətraflı yoxlamadan keçmələri məsləhətdir”

E.Süleymanov ebola virusundan insanların necə qoruna biləcəyi haqqında da məlumat verib: “Bir daha qeyd edirəm yüksək risk olan yerlərə gedərkən vaksinasiya olunmaları, xəstə adamlarla kontaktdan maksimum uzaq durmaları, qızdırmadan vəfat etmiş insanların dəfn yerlərində və ya dəfn olunma mərasimində mümkün qədər iştirak etməmələri, həmin xəstəliyə yoluxmuş insanların əşyalarından isifadə etməmələri və qızdırmaları olduqda mütləq müraciət etmələri və ətraflı yoxlamadan keçmələri məsləhətdir”.

“Hələ təsdiqlənmiş vaksin yoxdur”

Həkim-infeksionist Ülkər Məmmədova qeyd edib ki, 1976-cı ildə ebola virus ilk dəfə aşkar olunandan bəri dünyada ümumilikdə təxminən 16–17 min nəfər ebola virusundan ölüb: “Ən böyük epidemiya 2014–2016-cı illərdə Qərbi Afrikada olub və təkcə həmin dövrdə 11 mindən çox insan həyatını itirib. Ebolanın ölüm faizi çox yüksəkdir: Orta hesabla təxminən 50 faiz, bəzi epidemiyalarda 25–90 faiz arasında dəyişib. Hazırda Konqo Demokratik Respublikası və Uqandada Bundibugyo ştammı ilə bağlı epidemiya var. İndiyə qədər ən azı 130-dan çox ölüm halı bildirilib. ÜST vəziyyəti ciddi qiymətləndirir. Təəssüf ki, bu ştam üçün hələ təsdiqlənmiş vaksin yoxdur”.

“Ebolanın 6 növü var”

Həkim deyib ki, ebola virusu Filoviridae ailəsinin Orthoebolavirus cinsinə mənsub olub, ağır keçən və yüksək ölüm riski yaradan viral hemorragik qızdırmadır: “Ebola virus cinsi özündə 6 növü birləşdirir: Zaire Ebolavirus. Bu, ən ölümcül növdür, böyük epidemiyaların çoxunu törədib. Klassik Ebola deyərkən bu, nəzərdə tutulur. Zaire Ebolavirus növü üçün vaksin mövcuddur. Sudan Ebolavirus sudan epidemiyalarına səbəb olub, ölüm faizi yüksəkdir. Bundibugyo Ebolavirus ilk dəfə Bundibugyo bölgəsində aşkarlanıb. Ölüm faizi bir qədər aşağıdır. Taï Forest Ebolavirus insanlarda nadir görülüb. Reston Ebolavirus və Bombali Ebolavirus insanlarda aşkar olunmayıb”.

“Əsas rezervuarı meyvə yarasalarıdır”

Ü.Məmmədovanın sözlərinə görə, ebola virusun əsas rezervuarı meyvə yarasalarıdır: “Virus əvvəlcə yarasanın orqanizmində dövr edir. Sonra digər vəhşi heyvanlara - meymun, qorilla, şimpanze və meşə antiloplarına keçə bilir. İnsan yoluxmuş heyvanın qanı, əti və ya toxuması ilə təmas etdikdə virusa yoluxa bilər. İnsandan insana yoluxma mümkündür. Bundan sonra xəstə insan infeksiyanın əsas mənbəyinə çevrilir. Virus xəstənin qanı, qusması, nəcisi, sidiyi, tüpürcəyi, təri və digər bədən mayeləri ilə yayılır. Bu mayelərin dəri yarası və ya selikli qişa ilə təması yoluxmaya səbəb olur. Hətta bəzən xəstəlikdən sağalmış insanlarda gözdə və spermada aylarla viral yük yoluxdurucu risk daşıyır. Xəstəyə qulluq zamanı, çirklənmiş iynə və tibbi alətlərlə, həmçinin dəfn mərasimlərində cəsədlə təmas zamanı yoluxma riski yüksəkdir. Bəs nə ilə yoluxmur? hava ilə adi şəkildə yayılmır, uzaqdan nəfəs alma ilə keçmir, su ilə yayılması tipik deyil, ağcaqanadla keçdiyi göstərilməyib”.

“İnkubasiya müddəti 2-21 gündür”

O əlavə edib ki, ÜST-nin verdiyi məlumata əsasən inkubasiya müddəti adətən 2-21 gündür: “Simptomu olmayan inkubasiya dövründə adətən yoluxduruculuq olmur, yoluxduruculuq simptomlar başlayandan sonra yaranır. Əsas klinik simptomlar başlanğıcda yüksək hərarət, halsızlıq, əzələ, baş, boğaz ağrısı, sonra qusma, ishal, qarın ağrısı, səpkilər, qaraciyər və böyrək funksiyasının pozğunluğudur. Ağır hallarda isə daxili qanaxma, hematemez (qan qusma), melena və ya qanlı nəcis, şok, multiorqan çatışmazlığı baş verir. Ebolanın müalicəsi üçün etioloji müalicə məhduddur, əsas müalicə intensiv dəstəkləyici terapiyadır. Erkən və düzgün müalicə sağ qalma şansını artırır. Bəzi növlər üçün artıq monoklonal anticisimlər mövcuddur”.

“Psixoloji problemlər uzun müddət qala bilər”

İnfeksionist diqqətə çatdırıb ki, xəstəlikdən sağalmış şəxslərdə halsızlıq, uveit, oynaq ağrıları, psixoloji problemlər uzun müddət qalıq əlamət kimi qala bilər: “Profilaktikası üçün yoluxmuş insanın qanı və bədən mayeləri ilə təmasdan qorunmaq, əlcək, maska, qoruyucu geyim istifadə etmək lazımdır. Xəstə şəxslərin izolyasiyası: kontaktda olanların izlənməsi (təmasda olan şəxslərin 21 gün müşahidəsi), meyitlə təmas zamanı xüsusi qoruyucu tədbirlər, yarasalar və vəhşi heyvan əti ilə təmasdan çəkinmək gərəkdir. Əl gigiyenası və dezinfeksiya üçün tibb işçilərinin fərdi qoruyucu vasitələrdən düzgün istifadəsi lazımdır”.

Röya İsrafilova