“Meteohəssas insanlar daha diqqətli olmalıdır” Cəmiyyət

“Meteohəssas insanlar daha diqqətli olmalıdır”

Hava şəraitində baş verən kəskin dəyişikliklər insan sağlamlığına birbaşa təsir göstərə bilər.

Bu barədə Xalqcəbhəsi.az-a açıqlamasında həkim-terapevt Sübhan Hacıyev bildirib.

Onun sözlərinə görə, atmosfer təzyiqinin qəfil dəyişməsi damarların tonusuna təsir edərək arterial təzyiqdə dalğalanmalara, baş ağrısı, başgicəllənmə və ümumi halsızlıq kimi halların yaranmasına səbəb olur:
“Xüsusilə ürək-damar xəstəlikləri, hipertoniya, miqren və revmatoloji problemlərdən əziyyət çəkən şəxslər hava dəyişikliklərini daha həssas şəkildə hiss edirlər. Atmosfer təzyiqindəki dəyişikliklər onların sağlamlıq vəziyyətinə mənfi təsir göstərə bilər”.

S.Hacıyev qeyd edib ki, havada rütubətin artması da bəzi xəstəliklərin əlamətlərini gücləndirir:
“Yüksək rütubət nəfəsalma prosesini çətinləşdirə bilər. Bronxial astma və xroniki ağciyər xəstəlikləri olan insanlarda nəfəs darlığı və digər şikayətlər daha qabarıq şəkildə özünü göstərə bilər. Eyni zamanda temperaturun qısa müddətdə kəskin dəyişməsi orqanizmin uyğunlaşma mexanizmlərinə əlavə yük yaradır. Bu isə yorğunluq, yuxululuq, diqqətin azalması və əmək qabiliyyətinin zəifləməsi ilə nəticələnə bilər”.

Həkim-terapevt vurğulayıb ki, meteoroloji dəyişikliklər insanların psixoloji vəziyyətinə də təsirsiz ötüşmür:
“Bəzi insanlarda əsəbilik, narahatlıq, əhval-ruhiyyənin aşağı düşməsi, yuxu pozğunluqları və konsentrasiya problemləri müşahidə olunur. Bu hallar beyində qan dövranı və hormonal balansda baş verən müvəqqəti dəyişikliklərlə əlaqədardır”.

Mütəxəssis hava dəyişikliklərinin mənfi təsirlərini azaltmaq üçün vətəndaşlara kifayət qədər maye qəbul etməyi, yuxu rejiminə əməl etməyi və sağlam həyat tərzini qorumağı tövsiyə edib.

“Xüsusilə yaşlı insanlar, hamilə qadınlar, xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər və meteohəssas insanlar daha diqqətli olmalıdırlar. Əgər baş ağrıları, təzyiq dəyişiklikləri, ürəkdöyünmə və ya nəfəs darlığı tez-tez təkrarlanırsa, bunu yalnız hava şəraiti ilə əlaqələndirmək düzgün deyil. Belə hallarda mütləq həkim müayinəsindən keçmək lazımdır”, – deyə Sübhan Hacıyev əlavə edib.

Günel Elxan