
“Elmi-kütləvi və maarifləndirici proqramların cəmiyyətin inkişafındakı rolu danılmazdır”.
Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlama verən millət vəkili Elnarə Akimova bildirib.
Deputatın sözlərinə görə, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, elm və maarifləndirmə ictimai məkanın ayrılmaz hissəsinə çevrilməlidir:
“Elmi düşüncə, akademik müzakirələr və intellektual debatlar cəmiyyətin inkişafında mühüm rol oynayır. Elm yalnız universitetlərin və elmi müəssisələrin daxilində qalmamalıdır. O, geniş auditoriyaya çatdırılmalı, insanların gündəlik düşüncə tərzinin formalaşmasına təsir göstərməlidir. Elm ekranlarda görünmədikcə, cəmiyyətin elmi dünyagörüşünün inkişafı da məhdudlaşır.
Azərbaycanda televiziya məkanında elmi və maarifləndirici məzmunun kifayət qədər yer almaması narahatlıq doğuran məsələlərdəndir. Təəssüf ki, bu gün yerli televiziya məkanında elmi proqramlar, analitik müzakirələr və intellektual verilişlər əvvəlki səviyyədə deyil. Bəzi hallarda onların yerini daha çox şou xarakterli proqramlar, süni qalmaqallar və gündəlik sensasiyalar tutur. Bu isə tamaşaçı auditoriyasının elmə, kitaba, araşdırmaya və analitik düşüncəyə marağının zəifləməsinə səbəb ola bilər”.
Millət vəkili vurğulayıb ki, media yalnız əyləndirici funksiyanı deyil, həm də maarifləndirici missiyanı yerinə yetirməlidir:
“Televiziya cəmiyyətin zövqünün formalaşmasına təsir edən mühüm vasitədir. Ona görə də media yalnız reytinq naminə deyil, ictimai məsuliyyət prinsipi ilə fəaliyyət göstərməlidir. Tamaşaçının düşüncə səviyyəsini yüksəldən, yeni biliklər qazandıran, elmə maraq yaradan proqramların hazırlanması vacibdir. Elmi-kütləvi kontentin inkişafı üçün sistemli yanaşmaya ehtiyac var.
Bu istiqamətdə dövlət və özəl sektor arasında əməkdaşlıq gücləndirilməlidir. Elmi və maarifləndirici layihələrin hazırlanmasına dəstək mexanizmləri yaradılmalı, bu sahədə çalışan yaradıcı qruplar təşviq olunmalıdır. Televiziya kanallarında ictimai əhəmiyyətli və elmi məzmunlu proqramların artırılması üçün müəyyən mexanizmlərin tətbiqi də faydalı ola bilər”.
Millət vəkili qeyd edib ki, alimlərin və tədqiqatçıların cəmiyyətlə daha aktiv ünsiyyət qurmasına şərait yaradılmalıdır:
“Bu gün çoxsaylı alimlərimiz, müəllimlərimiz və tədqiqatçılarımız mühüm fəaliyyət göstərirlər. Lakin onların əldə etdiyi nəticələr bəzən geniş ictimaiyyətə lazımi səviyyədə çatdırılmır. Elm cəmiyyətə təqdim olunmadıqca, onun sosial təsiri də zəif olur. Buna görə də alimlərin media ilə əməkdaşlığını artırmaq, elmi bilikləri daha anlaşıqlı formada təqdim etmək vacibdir”.
E.Akimova bildirib ki, məsələ yalnız yeni verilişlərin yaradılması ilə məhdudlaşmır:
“Əsas məqsəd cəmiyyətdə düşünmək, araşdırmaq, sual vermək və öyrənmək mədəniyyətini gücləndirməkdir. Əgər ekranlarda elmə və biliyə kifayət qədər yer ayrılmasa, innovasiya, texnoloji inkişaf və insan kapitalının formalaşdırılması istiqamətində qarşıya çıxan çağırışları tam həll etmək çətin olacaq. Elmə dəyər verən cəmiyyət isə gələcəyin inkişaf imkanlarını daha düzgün qiymətləndirə bilir”.
Günel Elxan