“Xidmətlərin sürəti, əlçatan olması dövlət xidmətinə etimadı artırır” Cəmiyyət

“Xidmətlərin sürəti, əlçatan olması dövlət xidmətinə etimadı artırır”

“Rəqəmsal inkişafın bir istiqaməti də səfərbərlik və hərbi çağırış sahəsində tətbiqetmədir. Vətəndaş məmnunluğunun artırılması, şəffaflığın gücləndirilməsi əsas üstünlüklərdəndir. Elektron müraciət və qeydiyyat zamanı vətəndaşlar sənədlərini onlayn təqdim edə bilir, müraciətlərin vəziyyətini real vaxtda izləyə bilir, vaxta və resursa qənaət edir, kağız sənədləşmə və növbələr azalır, xidmətlər daha operativ göstərilir. Çağırış, təxirəsalma və digər qərarlar elektron sistemdə qeydə alındığı üçün proses daha açıq və izlənilən olur”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.

Komitə sədri diqqətə çatdırıb ki, məlumatların dəqiqliyi, vahid rəqəmsal məlumat bazasının yaradılması – burada səhvlər olmur, məlumatın uyğunsuzluğunun qarşısı alınır, SMS, elektron poçt və mobil tətbiqlər vasitəsilə vətəndaşlara vaxtında bildirişlər göndərilir: “Burada əsas məqsəd bir daha qeyd edirəm, vətəndaşın məmunluğudur. Xidmətlərin sürəti, rahat və əlçatan olması dövlət xidmətinə etimadı artırır. Eyni zamanda, korrupsiya riskini azaldır. İnsan amilinin azalması, elektron izlənilə bilən proseslər, qeyri-şəffaf halların qarşısının alınması da bu istiqamətdə görülən əsas işlərdir”.

A.Nağıyev vurğulayıb ki, rəqəmsallığın səfərbərlik və hərbi çağırış sahəsində tətbiqi xidmətlərin keyfiyyətini yüksəldir, vətəndaş məmnunluğunu artırır və idarəetmədə daha yüksək şəffaflıq və səmərəliliyi təmin edir: “Bu, cənab Prezident İlham Əliyevin apardığı islahatların bir istiqamətidir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında da əsas istiqamətlər təbii ki, vətəndaş məmnunluğunun təmin edilməsidir”.

Röya İsrafilova