İsrail ABŞ hərbi bazalarının Negev səhrasında yerləşdirilməsini müzakirə edir Dünya

İsrail ABŞ hərbi bazalarının Negev səhrasında yerləşdirilməsini müzakirə edir

İsrail hakimiyyəti, İranın regiondakı ABŞ obyektlərinə endirdiyi son zərbələrdən sonra, Yaxın Şərqdəki bəzi Amerika hərbi bazalarının ölkənin cənubundakı Negev səhrasında yerləşdirilməsi imkanlarını müzakirə edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, İsrailin Baş naziri Benyamin Netanyahou, müdafiə naziri İsrael Katz və güc strukturlarının nümayəndələri bu məsələni Vaşinqtonun yeni hərbi yardım sazişi üzrə danışıqlar çərçivəsində müzakirə etmək niyyətindədirlər.

Qeyd olunur ki, bu təşəbbüs artıq Amerika tərəfi ilə müzakirə edilib, lakin hələlik yekun qərar qəbul olunmayıb. Bazaların İsraildə yerləşdirilməsi ehtimalı, ABŞ-nin Yaxın Şərqdəki hərbi infrastrukturuna yenidən baxması fonunda nəzərdən keçirilir. İsrailin üstünlükləri arasında inkişaf etmiş hava hücumundan müdafiə (HHM) sistemi, ABŞ ilə sıx hərbi-kəşfiyyat əməkdaşlığı və müasir infrastruktur qeyd olunur.

Bununla belə, İsrail rəsmiləri bildirirlər ki, Amerika bazalarının ölkədə peyda olması riskləri artıra bilər. Belə ki, bu addım İranla gələcək eskalasiya zamanı İsraili əsas hədəflərdən birinə çevirə, həmçinin regional münaqişə şəraitində ölkənin hərəkət azadlığını məhdudlaşdıra bilər.

Məryəm Quliyeva