Qərbi Azərbaycan əyalətinə torpaq iddiaları davam edir Güney Azərbaycan

Qərbi Azərbaycan əyalətinə torpaq iddiaları davam edir

Bir sıra qruplaşmalar əyalətin cənub bölgələrini Kürdüstan kimi qələmə verməyə çalışırlar.

İranda xalq nümayişlərinin davam etdiyi və günü-gündən genişləndiyi bir vaxtda Qərbi Azərbaycan əyalətinin cənub şəhərlərini Kürdüstan əraziləri kimi qələmə vermək səyləri dahada artıb.

Bir sıra kürd silahlı qruplaşmaları və partiyaları özlərinə məxsus media orqanlarında yenidən Azərbaycanın Soyuqbulaq (Mahabad), Tikantəpə, Bukan, Xana (Piranşəhr), Sərdəşt şəhərlərini Kürdüstan şəhərləri kimi təqdim edirlər.

Güney Azərbaycanın milli-siyasi fəalları və qurumları hazırkı vəziyyətdə rejimə qarşı qüvvələrin parçalanmaması və hədəfdən yayınmamaq üçün təmkinli davransalar da, qonşu xalqın radikal nümayəndələri yaranmış vəziyyətdən su-istifadə etməkdə davam edirlər.

İndiki durumda Tehran hakimiyyətinin xalqlar arasında parçalanma və nifaq salmaq cəhdləri dahada artıb.

Qonşu xalqı təmsil edən qurumların bu tip iddiaları Tehran rejiminin mənafeinə xidmət edir, mərkəzə qarşı çıxan qüvvələrin pərakəndəliyinə səbəb olur.

Qeyd edək ki, Güney Azərbaycan təşkilatları bundan öncə məsələ ilə bağlı dəfələrlə müraciət edib, xalqların mərkəzi hökumətə qarşı birgə mübarizəsinə təkid ediblər.

Gunaz.tv