Güney Azərbaycan nağılları Güney Azərbaycan

Güney Azərbaycan nağılları

Onlarda bəxtin, taleyin axtarılması motivi xüsusi yer tutur

I yazı

Güney Azərbaycanın folklor soraqları bu gün də canlı olaraq yaşayır. Ona görə ki, ulusumuz yaşayır, yaşayacaq. Folklorşünas Oruc Əliyevin araşdırmasında vurğulanır, indiyə kimi Güney Azərbaycanın folklor örnəklərinin toplanması və nəşri Quzey Azərbaycanla müqayisədə çox az olub: "Bu isə bütövlükdə Azərbaycan folkloru örnəklərinin sistemli şəkildə araşdırılmasında ciddi problemlər yaradıb. Folklor örnəkləri ilə bağlı müxtəlif araşdırmalar aparan tədqiqatçılar hər zaman bu problemlə qarşılaşmalı olublar. Aşıq yaradıcılığı ilə müqayisədə ayrı-ayrı folklor örnəklərinin, o cümlədən nağılların toplanılması və nəşrinin Güney Azərbaycanda ağrılı olduğunu görə bilərik. Odur ki, bu sahədə sistemləşdirmə və tədqiqatların bir qədər də çətinliyi aşkarlanır". Güney Azərbaycandan toplanılmış və nəşr olunmuş nağıllarla bağlı mülahizələrini bölüşən araşdırmaçı onların mövzu dairəsi, aparıcı motiv və süjetləri, obrazları barədə ümumi mənzərə yaradır: "Bəxtin, taleyin axtarılması motivi Güney Azərbaycan nağılları içərisində xüsusi yer tutur. Məsələn, bu süjet bölümünə daxil olan "Qaraçuxa" nağılında təsvir olunur ki, qara günündən təngə gəlmiş bir kişi axırda qaraçuxasını axtarıb tapmaq qərarına gəlir. O, yolda əvvəlcə bir qurda tuş gəlir. Qurd kişidən əhval tutub, özünün də müşkülünü öyrənməyi ondan xahiş edir. Qaraçuxasını axtaran kişi qurddan sonra bir əkinçiyə tuş olur. Əkinçi də dərdini danışıb, çarəsini öyrənməyi ondan xahiş edir. Qaraçuxasmı axtaran kişi üçüncü dəfə ordu çəkən bir padşahla rastlaşır. Padşah da ondan döyüşlərdə məğlub olmasının sirrini öyrənməyi xahiş edir. Bu dizi üstə naxış tikir, gözləri qan-yaş tökür".
Fatma xanımı təndirdən çıxardıb başmağı onun ayağına geyindirirlər və bu vaxt axtardıqları qızı tapdıqlarına sevinirlər. Yeddi gün, yeddi gecə toy eləyib onu aparmaq istəyirlər. Bu vaxt analıq Fatma xanımı təndirə salır, öz qızını bəzəyib-düzəyib gəlin çıxardır. Xoruz yenə banlayıb sirrin üstünü açır. Hadisədən xəbər tutan padşah oğlunun adamları Fatma xanımı götürüb aparır, ögey ana ilə qızını isə öldürtdürür: "Quzey Azərbaycandan toplanmış "Göyçək Fatma" nağılının ayrı-ayrı variantlarında olduğu kimi Güney Azərbaycandan toplanmış haqqında danışdığımız nağılda da sehrkar hami, möcüzəli köməkçilər mühüm yer tutur. Sehrli nağılların müxtəlif süjet tiplərində olduğu kimi burada da hadisələr möcüzəli yolla, xeyirin şər üzərində qələbəsi ilə sona yetir. Güney Azərbaycandan yazıya alınmış "Bacı, qardaş ilə div" nağılı da "Göyçək Fatmaxanım" nağılına yaxındır. Nağılda təsvir olunur ki, uşaqlarını dolandırmaq üçün qoca bir kişi hər gün gedib divlərin yaşadığı yerdən bir dağarcıq darı gətirirmiş. Bir gün üç qardaş divin kiçiyi pusquda durub qocanı tutur. Qoca canını divlərdən qurtarmaq üçün uşaqlarını onlara verməyə razılaşır. Hadisədən xəbər tutan bacı qardaşına divlər gələnə kimi başını yumaq istədiyini söyləyir. Elə bu vaxt divlər nərildəyə-nərildəyə gəlirlər. Bacı ilə qardaş isə darağı, gili və suyu götürüb qaçırlar. Əvvəl suyu atırlar dəniz olur, ikinci dəfə gili atırlar dağ olur, üçüncü dəfə darağı atırlar qamışlıq olur, divlər qamışlığa sancılıb qalırlar. Onlar gəlib bir bulağa çatırlar. Qızın diləyi ilə çinar ağacı əyilib başını yerə qoyur və qız ağacın başına çıxır. Beləliklə, hər gün qardaşı ova gedəndə qız ağaca çıxır, gələndə isə ağacdan düşür. Şahın kənizi bir gün bulağa gələndə qızı ağacın başında görür. Qayıdıb şaha xəbər verir. Nə qədər çalışırlar, qızı ağacdan düşürə bilmirlər. Məcbur olub ağacı kəsməyə başlayırlar, yarıya çatmamış qaranlıq düşür. Səhər baxıb görürlər ki, ağac bir az da böyüyüb. Axırda bir qarı qızı hiylə ilə düşürüb saraya aparır, şah bu qızı alır. Bir az keçmiş şah qızın qardaşını da tapıb saraya gətirir. Bir gün kənizin qızı bu qızın paltarını hiylə ilə ələ keçirir, özünü isə dənizə salır. Naqqa balığı şahın arvadını udur. Paltarını dəyişmiş kəniz qızı isə özünü şahın arvadı kimi qələmə verir. Qızın qardaşı bunu bilib Allaha yalvararaq bu sirri öyrənir. Sonra isə şah əhvalatı bilib arvadını xilas edir, kənizin qızını isə əməlinə görə cəzalandırır".
"Möcüzəli arvad və ya ər" süjet tipi bir çox dünya xalqlarında olduğu kimi Azərbaycan folklorunda da ən geniş yayılmış nağıl süjetlərindəndir: "Bu süjetin "Nar qızı", "Əməmxiyar qızı", "Əyil, çinarım, əyil", "Qıra qız", "İncili Mərcanın nağılı" adlı variantları Qazax, Naxçıvan, Göyçə, Ağbaba və digər bölgələrdə də geniş yayılıb. Bu nağılın maraqlı bir variantını isə folklorşünas Məhəmməd Hatəmi yazıya alıb. "Gahgah dağında üç xiyara aşiq olasan" adlı bu nağılda təsvir olunur ki, təsadüf nəticəsində şahzadə bir qarının səhəngini vurub sındırır. Qarı isə qarğıyaraq deyir ki, səni görüm Gahgah dağında üç xiyara aşiq olasan. Şahzadə ata-anasının razılığını alıb həmin dağa yola düşür. Yolda rastlaşdığı qoca xiyarların sirrini ona söyləyir. Şahzadə gedib dağdan həmin xiyarları qopardıb geri qayıdır. Yolda susuzluqdan yananda xiyarlardan birini kəsir, onun içindən qan tökülür. İkinci xiyarı da kəsəndə bu hadisə təkrar olunur. Şahzadə qocanın sözlərini yadına salıb tutduğu işdən peşman olur. Şahzadə üçüncü xiyarı isə bir bulağın başında kəsir. Bu vaxt xiyardan bir tum atlanıb suya düşür və bu tumdan bir çinar ağacı əmələ gəlir, bir qədər keçməmiş şahzadə çinar ağacının başındakı balaca bir otaqda gözəl bir qızın hər tərəfə işıq saçdığını görür.
Şahzadə bu qızı səsləyəndə qız onu məzəmmət edib iki bacısını günahsız yerə öldürdüyünü bildirir. Şahzadə gözəl qıza yalvarıb bu işdə günahsız olduğunu, xiyarları bilməyərəkdən kəsdiyini deyir. Bu vaxt qız "əyil, çinarım, əyil" deyə üç dəfə təkrar eləyir, çinar əyilir, sonra "ucal, çinarım, ucal" deyə üçdə dəfə təkrar eləyəndə çinar yuxarı qalxır.
Şahzadə ilə bu gözəl qız bir müddət burada yaşayırlar. Bir gün qara və çox çirkin bir qız bura gəlib çıxır, şahzadə ilə gözəl qız onu da yanlarında saxlamağa razılıq verirlər. Bu hadisədən bir az keçmiş şahzadə qızı qara qızla burada qoyub gedir ki, hazırlıq gördükdən sonra qayıdıb gözəl qızı saraya aparsın. Şahzadə gələnə kimi xanım çimmək istəyir. Xanım çiməndə qulluqçu yalvarıb onun paltarını geyinir. Sonra paltarını istəyən xanımı itələyib yıxır, özü isə onun yerində əyləşir. Xanım isə göyərçinə dönür. Bir az keçmiş şahzadə aşıq-balabanla qayıdıb gəlir. Çox çalışırlar, ancaq ağac əyilməyib daha da yuxarı qalxır. Axırda ağacı kəsib qulluqçunu düşürürlər. Şahzadə xiyarın içindən çıxmış gözəl qızın paltarını geyinmiş qara qızı tanımır, bunu görən göyərçinə dönmüş gözəl qız küsüb bir iynəyə çevrilir və bir qarının evinin divarına sancılır. Qarı evdə olmayanda isə qıza çevrilir, onun evini silib-süpürür, xörək hazırlayır. Qarının Allaha yalvarışından sonra iynə yenidən gözəl qıza çevrilir. Qarı sevinərək onu yaxasından keçirib, övladlığa götürür. Bir az keçmiş padşah ilxısında olan atları saxlamaq üçün camaata paylayır. Qız o atlardan birini götürüb saxlamağı qarıdan xahiş edir, qarı razı olur. Qız hər gün axurda çimir, onun çimdiyi yerdə göy ot əmələ gəlir, at həmin otu yeyib kökəlir. Padşahın adamları atları yığanda qarının evindəki atı apara bilmirlər. Şahzadə özü gəlir və atı görüb heyran olur. Bu vaxt qız atı tumarlayıb sakitləşdirir, şahzadə qızı da saraya gətirir. Bir gün o, bazara gedəndə bu qız səbr daşı istəyir. Şahzadə qızı izləyir, görür ki, qız hamı yatandan sonra dərdini daşa danışır. Günlərin birində yenə qız dərdini daşa danışıb: "daş, sən partlama, mən partlayım!" deyəndə şahzadə tez qızı qucaqlayaraq "daş, partla!" deyə qışqırır. Bu zaman daş partlayıb otağa səpələnir, qız isə özündən gedir. Hadisədən şahzadənin ata-anası da xəbər tutur. Onlar çox şad olurlar, qırx gün qırx gecə toy eləyib bu qızı şahzadəyə alırlar. Nağıl belə bir sonluqla bitir: "Onlar yedilər-içdilər, ömür sürüb yerə keçdilər, biz də sizə xəbər gətirdik"".
Araşdırmaçının fikrincə, bu süjetin bəzi variantlarında ağac parçası, bir qismində isə iynə və ya çuvalduz gözəl bir qıza çevrilib qarının evini silib-süpürür, yemək-içmək hazırlayır. Qarı gizlənib sirdən agah olur. Bu epizod "Gahgah dağında üç xiyara aşiq olasan" nağılında belə verilir: "Oğlan anasının sözündən çıxmayıb gəlinin otağına getdi. Bunu görən göyərçin oğlandan küsdü. İynə oldu və gedib sancıldı bir qarının evinin divarına. Qarı qapısını bağlayıb gedir, gəlib görür ev-eşik təmizdi, çay qoyulub, çörək də bişirilib. Qarı bu işə təəccüb edir və öz-özünə deyirdi: "Allah, bu nə işdir? Oğul yox, qız yox, qapımı açanım yox, necə olur ki, evim bu cür səliqəli olur?" Qarı Allahdan istixarə elədi: "Bu nə işdir, xudaya, mənə aydın elə, qoy mən bunu bilim. Bu zaman iynə başı çadralı bir qız olub qarının arxasında dayandı:
- Ana, dedi-sənin evində bu işləri görən mənəm.
Qarı əlini atıb yaxasını cırdı, qızı yaxasına salıb, onu özünə övlad elədi, dedi:
- "Allah, sənə şükür, axır qıfılı mənim qapımdan götürdün".
Bu nağılı yazıya alan M. Hatəmi yazır: "Gahgah dağında üç xiyara aşiq olasan" nağılı Sitarə xanımın dilindən 1954-cü ildə yazıya alıb. Aradan uzun illər keçəndən sonra nağılı ona oxuduqda özü də təəccübləndi. Bu onu göstərir ki, indiki zamanda folklor təkcə yaşlı nəslin sıradan çıxması ilə ortadan qalxmır, həm də bu nəsil özü həyatda ikən unudulur. Odur ki, onu son nümunələrinə qədər tezliklə xalq arasından toplamaq hər bir folklorşünasın və ziyalının müqəddəs borcudur".
Uğur