Çağdaş Güney Azərbaycan epik şeirinin poetik sistemi Güney Azərbaycan

Çağdaş Güney Azərbaycan epik şeirinin poetik sistemi

Epik şeirin janr tipologiyası:lirik poema

2-ci yazı

Tədqiqatçı-şair tarixən mədəniyyətlərin xalqların, millətlərin öz əli, təfəkkürü ilə doğulduğunu, millətlərinsə yalnız öz doğma dili ilə yüksəldiyini, obrazlı şəkildə - quş kimi qanadlanıb fəzanın ənginlik- lərinə uçduğunu poemada xüsusilə qabarıq verir. Ancaq hegemon dövlətlərin başçıları dildə “Dünya bütün xalqlar üçün eyni dərəcədə vətəndir,” - desələr də, millətlərin istedadını boğurlar. Ancaq millətlər oyanmasa, daim ucalmasa, bəşəriyyət inkişaf edib yüksəlməyəcək. Qoynunda Babək, Səttar xan kimi qəhrəmanlar bəsləyən, tarix boyu azadlıq sorağında olmasına baxmayaraq bu gün adı ellərin üsyan vərəqində olmayan Güney Azərbaycanı tərk edənlərə, Odlar yurdundan baş götürüb başqa-başqa ölkələrə qaçanlara, Ərk qalasını qoyub uçub gedənlərə səslənir. Səslənir ki, vətənə dönsəniz tənha qalmış ananın-odlar diyarının dərdinə çarə edərsiniz, başının üstündən dumanları qovarsınız... Şair inanır ki, vaxt gələcək onun bu istəkləri gerçək olacaq, əsarət zəncirləri qırılacaqdır:

İllər boyu zəncirdə qalsam da, varam mən,
Qəlbimdə mənim sarsılmamış zərrəcə iman,
Bir gün qara zəncirimi axır qıraram mən,
Ərkin başına qanla qızarmış qanadımdan Bayraq vuraram mən!!
Şahin genə zəncirini dartır...
"Qop, qop!”-deyir -, axır qıraram mən səni, zəncir!
Çün qırmalıyam mən səni axır.
Burada ilk baxışda müəllifin obyekti Azərbaycandır, əslində isə ünvan bütün bəşəriyyət, insan hüquqları, daha doğrusu, vətəndaşa onun üsyan etmək hüququnun olduğunun xatırladılmasıdır. Şair müəyyən mənada Ezop dili üsulundan da yararlanmaqla, lirik qəhrəmanın siyasiləşməsi evolyusiyasını göstərməyə cəsarət etməklə ədəbiyyatın missiyasını daha da genişləndirir. Buna həmçinin janrın imkanları da münasib şərait yaradır.
Araşdırma materiallarına əsasən məlum olur ki, ayrı-ayrı poemalarda hadisələrin epik təsviri ilə lirik tərənnümünün nisbəti müxtəlifdir. Bəzi poemalarda təhkiyə, bəzilərində isə tərənnüm üstünlük təşkil edir. Hadisələrin epik təsviri üstün olduğu əsər epik-lirik əsərlər sırasına daxildir. Bulud Qaraçorlu Səhəndin (1926-1979) məşhur “Sazımın sözü”, ”Dədəmin kitabı” və “Qardaş andı” epopeyası epik-lirik poemaların ən mükəmməl nümunələrindəndir. “Kitabi- Dədə Qorqud”un özü isə dastan-eposdur. Təsadüfi deyil ki, “Kitabi- Dədə Qorqud”un janr göstəricisi olan “dastan” Rusiyanın L.Ş.Timofeyev və S.V.Turayev kimi məşhur ədəbiyyatşünaslarının tərtib etdikləri “Ədəbiyyatşünaslıq terminləri lüğəti”ndə tipologiya baxımından “türk xalqlarının ədəbiyyatlarında mövcud olan təhkiyəli şeir, poema” kimi səciyyələndirilmişdir. “Bu cəhətdən “Dədə Qorqud” motivlərinin müasir poeziyada poema janrına doğru inkişafı təbii görünür”.
“Kitabi-Dədə Qorqud” eposu oğuz qəhrəmanlarını tərənnüm edir. Qəhrəmanlıq ruhunun müasir ədəbi düşüncəyə gətirilməsi faktiki olaraq özünə uyğun estetik forma - poema janrını tələb etmişdir. Be¬ləliklə, “Poema şeir ilə hekayətin elə bir xüsusi növüdür ki, orda tərənnüm ruhu, qəhrəmanlıq ruhu var, həyatın yalnız ali həqiqətlə¬rini göstərməklə vəcdə gələn şair ürəyinin döyüntüləri var”.
Qəhrəmanlıq ideyalarının ədəbiyyatdakı dolğun təcəssümü özünə uyğun janr tələb edir. Bu janr isə romandır. Çünki poema janrının ruhunda, janr yaddaşında dastan-epos yaşayır. Bu cəhətdən Azərbaycan ədəbiyyatında “Dədə Qorqud” motivlərinin poema jan¬rına qədər inkişaf etməsini “Kitabi-Dədə Qorqud” eposunun müasir ədəbiyyatımızda öz uyğun janrını “tapması”, yaxud öz doğma janrına “qovuşması” kimi izah etmək mümkündür. “Azərbaycan poeziyasında “Kitabi-Dədə Qorqud” motivləri ilə bağlı yaranmış poemaları iki qismə ayırmaq mümkündür: Birincisi, eposla qismən (müəyyən elementlərlə) bağlı olan poemalar. İkincisi, “Dədə Qorqud” motivləri üstündə yazılmış poemalar”. “Kitabi-Dədə Qorqud”un janr poetikası ilə poema janrının poetikası arasında tipoloji bir “qohumluq”, “doğmalıq” var. L.Timofeyev yazır: “Poema” - liroepik janrın böyük forması, süjet-təhkiyə quruluşuna malik şeir, şeirlə yazılmış povest, yaxud romandır. Epik poema müəllifdən möhkəm süjet xətti qurmağı, surətlərin fəa¬liyyətində meydana çıxan gərgin konflikt yaratmağı, qəhrəmanları hərtərəfli göstərməyi, daha doğrusu, fərdiləşdirməyi, xarakter səviyyəsinə qaldırmağı tələb edir. Mükəmməl süjet xəttinə, gərgin konfliktə malik olan mənzum romanın spesifikası nədir? - sualı Xəlil Rzanı da düşündürmüş və bu sualın ən uyğun cavabını o, Beliniski- nin ədəbi-tənqidi əsərlərində tapmışdır. C.Bayronun mənzum romanını nəzərdə tutan şair yazır: “Təsvir edilən həyat həqiqətində poeziyanın və prozanın qarışığı, ricətlər, şairin öz-özünə müraciətləri və xüsusilə şairin şəxsiyyətinin özünü hədsiz dərəcədə hiss etdirməsidr”.
“Poema, əslində, qəhrəmannamədir. Nadir şəxsiyyətin və ya nadir bir hadisənin yüksək pafos ilə tərənnümünə həsr olunan poe-manın ədəbiyyat tarixi boyunca müxtəlif nümunələri olub", - deyən prof. Mir Cəlal Paşayevin fikirlərinə əsaslansaq, poema janrı poetikası etibarilə qəhrəmanın tərənnümüdür qənaətinə gələ bilərik. Bu element qəhrəmanlıq dastanının da əsas keyfiyyətidir.
“Tərənnüm - qəhrəmanlıq ruhu xalq dastanlarında xüsusilə güclüdür. Bu da təəccüblü deyildir. Poema ədəbi bir növ olmaqla öz tarixi kökləri ilə şifahi xalq yaradıcılığına bağlıdır. Xalq bu janrı öz həyatının müəyyən hadisələrini yadda saxlamaq, öz qəhrəmanlarını şərəfləndirmək məqsədilə yaradıb. Yeri gəlmişkən deyək ki, mənzum roman və mənzum epopeya ədəbi növ olmaq etibarilə nəsr ilə yazılmış romandan və epopeyadan daha çox poema janrına yaxındır” və bəzi hallarda şeir formasında yazılan mənzum romanları da poema adlandırırlar. Lakin mənzum romanı nəsr ilə yazılmış romandan fərqləndirən başlıca amil heç də yalnız bədii forma, yəni birincinin şeirlə, ikincinin nəsrlə yazılması deyil, əsas əlamət bədii məzmundan asılıdır. Yəni mənzum romanda həyatın prozası və poeziyası qarışıq halda qələmə alınır. Mənzum romanı poemaya yaxınlaşdıran cəhətlərin ikisi mühüm əhəmiyyət kəsb edir: tərənnüm və şairin şəxsiyyətinin rolu. Homerin “Odessiya” və “İliada”, Firdovsinin “Şahnamə”, Nizaminin “Xosrov və Şirin”, “İsgəndərnamə”, Puşkinin ”Yevgeni Onegin” əsərlərindəki tərənnüm ruhu və şairin şəxsiyyətinin böyük rolu, bədii funksiyası bu əsərləri poema janrına yaxınlaşdırır. Bu əsərlərdə bilavasitə müəllifin öz xarakterini açan ricət və xitabların, bədii mühakimələrin, lirik təəssüratın nə qədər güclü olduğu oxuculara məlumdur. Məhz bu iki amilə, tərənnüm ruhu və şairin şəxsiyyətinin roluna görə bu əsərləri çox zaman poema adlandırıblar.
Ancaq poemada lirika təhkiyəyə nisbətən daha üstün meyar kimi səciyyələndikdə, lirik vüsət aydın duyulduqda, o, lirik-epik əsər statusu qazanır. Məhəmmədhüseyn Şəhriyarın “Gecənin əfsa¬nəsi” və “Səhəndiyyə”, Bulud Qaraçorlu Səhəndin “Sazımın sözü”, Kərim Məşrutəçi Sönməzin “Yeni yol”, yaxud “Aman dağlar”, Məhəmməd Biriyanın “Ərk qalası əfsanəsi”, Haşım Tərlanın “Araz gülür”, Nazir Şərəfxaninin “Urmu dəryaçası”, Məhəmmədəli Nəhavəndi Muğanın “Sultan Savalan”, Mircəlil Hüseyninin “Qanlı günəş”, M.T.Zehtabinin “Şahin zəncirdə”, “Pərvanənin sərgüzəşti”, “Bəzz qalasında”, “Bəxti yatmış” və s. kimi poemalarda lirika - sənətkarın hiss-həyəcanlarının, emosional duyğularının ifadəsi də qüvvətli olduğundan, bu əsərlər lirik-epik əsərlər sayılır. Lirik-epik poemalarda hadisələrin özündən çox lirik qəhrəmanın hiss və həyəcanları ön plana gətirilir. Belə əsərlərdə müəllif öz qayəsini lirik səpkidə ifadə etməyə çalışır. Orijinal, təptəzə metaforalar mənanı qüvvətləndirir, söz və fikirlərə cilvə verir:

Şiş zirvədə xəncər kimi sal daşlara qonmuş,
Heç nə qaça bilmir onun alıcı gözündən:
Dağlar, dərələr, çaylar, üfüqlər və bulaqlar,
Tum - tum meşələr, meyvəli bağlar...
Qaçmır nəzərindən nə yamaclar, nə də gülşən:
Güllər gülərək naz eləyir, çeşmələr ağlar.

Məhəmməd Tağı Zehtabi “Şahin zəncirdə” poemasında bir- birindən maraqlı, ifadəli, bədii don biçimli təbiət mənzərələri təsvir edərək oxucusunu doğma yurdu və onun əsrarəngiz gözəlliklərini sevməyə, dəyərini bilməyə və qorumağa səsləyir...

Esmira Fuad
Filologiya üzrə elmlər doktoru