Həqiqətdə bu dil mənim canımdır… Güney Azərbaycan

Həqiqətdə bu dil mənim canımdır…

Ana dilini xalqın tarixi, mənəvi vəhdəti, əqidə və vicdanı kimi dərk etmək - şeirdə lirik qəhrəmanın yetkin vətəndaşlıq şüurunun əlamətidir. Sönməzin "Anam dili" şeirinin bütün poetik mətninin əsasında xalqın tarixi-mənəvi təcrübəsi, müqəddəs nəcib yaddaşı dayanır. Bu qəzəldə bir uğurlu cəhət də ondan ibarət olub ki, şair qəzəlin lirik-emosional kontekstini aydın dərk edib, yetkin tarixilik hissi ilə qüvvətləndirib və bundan qəzəlin ideyası əhəmiyyətli dərəcədə qazanıb.
Xalqın dili ölməzdir, əbədidir. Nə qədər ki, bu dil yaşayır, nə qədər dilin ona qarşı çevrilən müqavimətləri qırmaq, dağıtmaq gücü, enerjisi tükənməzdir:

Könlüm quşu oxur Vətən gülüylən,
Gül necə ki, gülər öz bülbülüylən,
Sözlərimi yazdım xalqın diliylən.
Odur adım ürəklərdən silinməz,
Yazılmasa dilin qədri bilinməz.

Dodaqlarım gülümsərkən əzəldə,
Anam mənə "oğul" deyib bu dildə,
Ana dili unudulmaz min ildə,
Həqiqətdə bu dil mənim canımdır,
İliyimdir, sümüyümdür, qanımdır...

İstedadlı bir şair olan Sönməzin bu folklor üslübünda qələmə alınmış, folklor fiqurları ilə - təşbihlərlə, istiarələrlə bəzənmiş poetik şərhində ana dili xalqın mənəvi tərcümeyi-halıdır, xalqın ruhi tarixidir. Onu qeyd etmək vacibdir ki, nə zaman Sönməzin, həm də təkcə onun yox, başqa istedadlı şairlərin də lirik qəhrəmanı bu tarixlə ruhən, qəlbən bağlı olur, onu öz avtobioqrafiyalarında əks etdirir, o halda onların poeziyalarında vətəndaşlıq dərin şəxsi hiss təsiri bağışlayır və bu halda oxucu onların səmimiyyətinə inanmaya bilmir.
Məlum məsələdir ki, Azərbaycan xalqı tarix boyu öz doğma dilini qoruyub saxlamaq üçün zillətlərlə üzləşib, lakin bununla belə tarixin sınağından olduqca ləyaqətlə çıxaraq bu dili göz bəbəyi kimi qoruya bilib. Həmişə də doğma dilin qorunmasında şairlərin əvəzsiz xidmətləri olub. Onlar daim qələmlərini məhz bu dilin saflığını, təmizliyini, eyni zamanda toxunulmazlığını qorumaq üçün itiləyib və onun kütləşməsinə heç cürə yol verməyiblər. Fars dilinin dövlət dili olduğu İranda azərbaycanlı şairlər fars dilində yazıb-yaratmağa məcbur olsalar da, çox hallarda təzyiqlərə məruz qalmalarına baxmayaraq, doğma Azərbaycan dilində bədii cəhətdən olduqca zəngin nümunələr meydana gətirib, eyni zamanda bəzi qınından çıxıb, qınını bəyənməyənlərə ana dilinin ana südü qədər paklığını və gərəkliyini izah etməkdən ötrü dəyərli əsərlər meydana gətiriblər. Çayoğlunun "Ananın səsi" adlı əsərində ibrətamiz bir durum tərənnüm edilir. Bir vaxt ana dilinə biganəlik göstərərək əcnəbi dildə yazıb-yaradan oğul doğma anasının çox ciddi tənəsinə məruz qalır:

Yad bağçada gül əkdin və gülxanə bəzətdin,
Oğlum, de mənə, sən nə becərdin, nə yetirdin?
Ol bal kimi dildən ki, südümdən sənə verdim,
Öz xəlqinə nə töhfə düzəltdin, nə gətirdin?

Burda şair ana dili problemini fəlsəfi ümumiləşmə səviyyəsinə qalxan konkret, canlı lövhələrlə həll edir. Mətnin daxilində və dərinliyində ana dili-xalq, ana dili-vətən obrazı gizlənir. Şair F.Hasarlı isə ana dili problemini daha həyati süjet çərçivəsində həll edir. Arxasında ağır yük aparan hambal uzun müddət axtardığı ünvanı tapa bilmir. Onun əlindəki kağızda yazılan ünvanı kimsə oxuya bilmir, çünki kağızdakı ünvan hambalın və onun həmvətənlərinin bilmədiyi dildə yazılıb:

Dilim olsaydı mən biçarənin,
Qabağın kəsməzdim hər bir görənin,
Oxuyub adresi tapardım özüm,
Özgənin ağzında qalmazdı gözüm.

Şair Behrəngdustun "Ana dilim", Dustağın isə "Azərli yetişməz" şeirlərindəki lirik lövhələrə o qədər işıq və saflıq hopub ki, bugünün əxlaq həqiqətləri məhz bu meyarlarla ölçülür, səmimilik, etibar və inam sınağından keçərək Azərbaycan dilinin şəffaflığını sanki bütün dünyaya bəyan edir.
Tarix boyu Azərbaycan şairlərinin lirikasına ilham verən vətən, xalq, onun səadəti olub. Bu ənənə tarix boyu davam etdiyi üçün 1950-1980-ci illərdə də yazıb-yaradan Güney Azərbaycan şairlərinin lirikasının ən doğma, ən munis yavrusu şübhəsiz ki, vətən, torpaqdır. Əsrlər boyu dünyanın ən gözəl şəhərlərindən biri olan Təbrizin füsünkarlığı, ecazkarlığı haqqında minlərlə şeir meydana gəlib. 50-80-ci illərdə qələm işlədən Güneyli şairlərimiz də Təbrizin tərənnümü ilə bağlı bir sıra dəyərli nümunələr yaradıblar. 1924-cü ildə Təbriizdə dünyaya göz açmış Müzəffər Dirəfşi "Təbrizim" əsərində sanki Təbriz şəhərinin olduqca əlvan boyalarla portretini çəkib. Dirəfşi bu əsərdə yerində işlədilən poetik formalarla çox qədim bir tarixə malik Təbrizin əsrarəngiz gözəlliyini nümayiş etdirməklə yanaşı, şairin lirik rübabı bu hər daşı, hər abidəsi min hekayət söyləyən, eyni zamanda onun bütün dərdlərinə dərman olan şəhərin mənzum bir romanını yaradıb:

Mənim röyalarımda
Parıldayan "cəvahir"
Uşaqlıq xatirəmin
Xəyalımın "pərisi"
Abı, yaşıl ipəklə,
Toxunmuş, naxışlanmış
Al-əlvan boyanmış
Şair dostum demişkən
"gəlinlərin bəzəyi"
gözəllərin gözəli
Aşiq olduğum diyar!
Məlahətli Təbrizim!
Təravətli Təbrizim!

Lirik poeziyanın təsir gücü onun insani hisslərinin səmimiliyində və dərinliyindədir. Səmimi və dərin bəşəri hiss olmadan lirik poeziya yoxdur. Eyni zamanda nə zaman ki, şairin fikir və hissləri konkretdir, həyatın məhsuludur, o halda bu fikir və hisslərin ifadəsi olan şeirdə poetik icad hadisəsi olaraq yaranır. Təbriz yaxınlığındakı Arpa dərəsi kəndində anadan olmuş Süleyman Salis Cudinin şeirləri mövzuca müxtəlifdir, əlvandır, ən başlıcası isə ictimai dəyəri var. Onun şeirləri məzmun-məna dolğunluğu, mövzu aktuallığı ilə seçilir. Vətənpərvərlik onun irili-xırdalı bütün şeirlərindən qırmızı xətt kimi keçir. Şairin məziyyətlərindən biri də əsrlərlə İran hakimiyyətini zəbt eləyən, qəddar, zalım, zülmkar Pəhləvilər sülaləsinə qarşı olduqca barışmaz bir mövqeyi, üsyanıdır:

Səndən inciyibdi bütün
Xavəri-miyanə Pəhləvi.
Boyadı mülki-İranı
Fərmanın qana Pəhləvi.
Ağlar qoydun anaları,
Yaratdın qanlı baharı,
Dördəlli tut ruzigarı,
Poz ver cahana Pəhləvi.

Əslində şair bu şeirdə öz arzularını əks etdirməklə duyğu və düşüncələrini də ifadə edir. Xalqını firavan, xoşbəxt görmək istəyir şair. Əlbəttə, başqa cür ola da bilməz. Çünki əsl şairlər zatən xalqın səadət bağçalarının qapısına istiqamətlənən arzu və istəklərini bəyan etməkdən ötrü özlərini şirinli-acılı, istili-soyuqlu, enişli-yoxuşlu, dərəli-təpəli poeziya dünyasının dərinliklərinə salırlar. Xüsusilə 20-ci və 21-ci əsrdə siyasi-ictimai hadisələrin tüğyan etdiyi, bir çox yerlərdə müsəlmanlara, türklərə qarşı haqsızlığın baş alıb getdiyi, bir zümrə insanın əxlaqsızlıq girdabına yuvarlandığı bir dövrdə hər şeyi pak, saf, düzgün, halal görmək istəyən, yalansız, riyasız, rüşvətsiz, korrupsiyasız, cinayətsiz, xəyanətsiz bir dünyada yaşamaq istəyən xalqın arzu və istəklərini ifadə etmək ən çox şairlərin öhdəsinə düşür ki, onlar da imkanları daxilində, bacardıqları qədər bunu yerinə yetirirlər.
Süleyman Salis "Bir qor olam cəhaləti yandıram",-deyəndə İranda adlarını müsəlman qoyub hələ də cəhalətdən ayıla bilməyən yalançıları, fırıldaqçıları, münafiqləri nəzərdə tutur.
Süleyman Salisin bu şeiri qoşma formasındadır. Bütün şeirlərini əsasən qoşma, gəraylı, müxəmməs və başqa xalq şeiri forma¬larında qələmə alan şair lirik-publisistik əsərlərində mücərrəd sözçülükdən, ritorikadan qaçaraq yaşadığı zamanın poetik nümunələrini yaradıb:

Minlərcə ana yoldu saçın
Qırmızı rəngləndi tacın
Səndən betər Əşrəf bacın
Qəsd edir cana Pəvləvi.

Süleyman Salisin həm şah üsul idarəsini, həm də uzun illər əhaliyə qan udduran Rza şah Pəhləvini ifşa edən bu əsəri müxəmməs formasındadır. Müxəmməs və müsəddəslərdə qoşma və gəraylılara nisbətən həm vəzn başqadır, həm də qafiyələnmə qaydası ayrı cürdür. Müxəmməslərdəki qafiyələr daim rədifli qafiyələr olur. Süleyman Salisin bu şeirində "Pəhləvi" rədifdir ki, "miyanə", "qana", "cahana", "cana" sözləri ilə qafiyələnib. Şair xalq şeirinə mükəmməl surətdə bələd olduğu üçün ənənəni tamamilə pozmayıb, zəmanəsinin təbii təzahür və lövhələrini qələ¬mə almaqla bərabər qələminin, ruhunun nə qədər folklora, əcdada, xalq xəzinəsinə bağlı olduğunu nümayiş etdirib. Şair xalq şeirində olan bütün formalara incəliklə yanaşıb, ənənəni pozmamaqla yanaşı, fikri, düşüncəni, mənanı saxlayıb.
Bu cür şairlərdən biri də o taylı, bu taylı Azərbaycanda xalq tərəfindən çox sevilən ustad şair Həbib Sahirdir. Poetik uğurları ictimai həyatın təzadlı, təlatümlü mübarizələr dövrünün tələbləri ilə bağlı olan Həbib Sahirin poeziyası da öz növbəsində məna və problematika təzəliyi ilə yanaşı, həm də forma, bədii sənətkarlıq yetkinliyi ilə hamının diqqətini cəlb edirdi. Məhz buna görə də Sahir xalq yaradıcılığı üzərində köklənmiş bir novator şair kimi olduqca yüksək qiymətləndirilməlidir. Bu, şair günün tələbləri ilə ayaqlaşmaq, hadisələrə dövrün, zamanın gözü ilə baxmaq imkanı verir, onun yaradıcılıq axtarışlarına səmərəlilik, aktuallıq gətirir. Sahirin çox zəngin poetik yaradıcılığı Azərbaycan poeziyasında mühüm bədii hadisələrdən biridir. Ümumilikdə şairin yaradıcılığına novatorluq, xalqın sosial-mənəvi yüksəlişi ilə bağlı şəkildə dəyişmə, yenilik və təzəlik xasdır. Bu onun şeirlərinin müasirliyini şərtləndirən əsas şərtlərdəndir. Bu müasirlik bir çox cəhətlərdən-mövzu və mövzunun bədii həlli, ideya-siyasi problemaktika lirik qəhrəmanın daxili dünyası, forma, dil-üslub baxımından qabarıq şəkildə duyulur. Onun poeziyası bir də daxili narahatlığı və həssalığı ilə seçilir, belə ki, şairin yaradıcılığında həyat, cəmiyyət hadisələrinə fəal, təsirli poetik müdaxilə çox güclüdür. Şairin məhəbbət lirikası olduqca dəruni hisslərin tərənnümü, eyni zamanda könül oxşayan həzin nəğmələr kimi səslənir.

Vüqar Əhməd,
professor