Tehran həbsxanasında dindirilən siyasi məhbus Əlirza Fərşi təhdid edilib Güney Azərbaycan

Tehran həbsxanasında dindirilən siyasi məhbus Əlirza Fərşi təhdid edilib

Siyasi məhbus, milli-mədəni fəal Əlirza Fərşi Böyük Tehran Həbsxanasında (Fəşafuyə) həbsxana məmurları və təhlükəsizlik əməkdaşları tərəfindən dindirilib və təhdid edilib.

Verilən məlumata görə, son vaxtlar siyasi məhbusun açıq məktub, müraciət və səs yazılarının yayılması ona qarşı yeni təzyiqlərin başlanmasına və dindirilməsinə səbəb olub.

Məlumatda Əlirza Fərşinin “ETTELAAT” məmurları tərəfindən dindirildiyi zaman, “hər hansı məktub, müraciət və səs yazısının zindandan qıraqda yayıldığı təqdirdə ağır nəticələrini görməli olacaqsan” kimi ifadələrlə hədələnib.

Əlirza Fərşi fevralın 15-də göndərdiyi bir səs qeydində Tehran Məhkəməsinin 3-cü istintaq bölməsində "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" və "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamları ilə onlayn şəkildə mühakimə olunmasını bildirib və məhkəmə iclasını və prosesini qanunsuz adlandıraraq etiraz etmişdi.

Qeyd edək ki, hal-hazırda Tehran həbsxanasında iki illik həbs cəzasını çəkən Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehran şəhərində Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdiyi üçün digər milli fəallarla birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb, bir neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılmışdı.

Fərşi 2016-cı ildə Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "İranın milli təhlükəsizliyini pozmaq qəsdi ilə qruplaşmada iştirak etmək" ittihamı ilə 15 il həbs və İranın güneyində yerləşən Xuzistan vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilmişdi. Bu cəza daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

Gunaz.tv