Şərqi Azərbaycana qarşı ədalətsizlik Güney Azərbaycan

Şərqi Azərbaycana qarşı ədalətsizlik

Arəş Reyhani Niya: "Hökumət elektrik enerjisinin bölgüsünü düzgün aparmır"

Şərqi Azərbaycan sənaye elektrikindən ən az payı olan əyalətlərdəndir. Bu barədə əyalətin elektirik sənayesi mütəxəssisi Arəş Reyhani Niya bildirib.
O, elektrik enerjisinin bölünməsində Şərqi Azərbaycan əyalətinə qarşı ədalətsizlik edildiyini bildirib.
Elektrik enerjisi sahəsi mütəxəssisləri Şərqi Azərbaycanın xüsusi elektrik enerjisi istehsalındakı payının az, təxminən yüzdə 2,4 olduğunu qeyd edib, gələcəkdə bu strateji sahəyə qoyulan investisiyalarla bu payın artacağına ümid etdiyini deyib.
Xüsusilə, Şərqi Azərbaycanın qəsəbələrində və sənaye bölgələrində elektrik enerjisinin ötürülməsindəki məhdudiyyətlərə toxunan ekspert enerjinin bütün ölkəyə ədalətli paylanması üçün Enerji Nazirliyinin bu problemin həllinə daha çox diqqət yetirməsinin vacibliyini vurğulayıb.
Arəş Reyhani Niya Təbrizin “azərəncümən” xəbər saytına verdiyi müsahibədə Şərqi Azərbaycan əyalətindəki elektrik sənayesinin vəziyyəti haqqında fikirlərini açıqlayıb.
"Şərqi Azərbaycan əyaləti ölkənin iki müstəqil dövlət, bir muxtar respublika ilə quru sərhədləri olan yeganə əyalətidir. Bununla yanaşı Şərqi Azərbaycan qonşu əyalət vasitəsilə başqa iki dövlətlə sərhəd sayılır. Bundan başqa əyalətimizin qısa yolla Rusiya, Gürcüstan və Qara dəniz kimi bazarlara əl tapmaq imkanı var. Bu üstünlüklərə Yaxın Şərqin çox az bölgəsində rast gəlmək olar”-deyə, o, bildirib.
Təbrizli mütəxəssis Təbrizin hazırkı durumundan gileylənib: "Şəhərdə sənaye çoxdan mövcud olub.
Müasir dövrdə bu şəhər hər zaman ölkədə sənayenin öncüllərindən biri olub, lakin təəssüf ki, son illər ərzində əyalətdə sənayenin inkişafı başqa əyalətlərlə müqayisədə ürək açan deyil".
Şərqi Azərbaycan əyalətindəki elektrik enerjisi sənayesinin əsas problemlərindən danışan Arəş Reyhani Niya deyib: "Bir neçə statistikanı araşdırsaq, əyalət sənayesinin iş yerlərinin açılması sahəsində digər sənaye əyalətlərindən geri qaldığını açıq şəkildə görə bilərik.
Bu sahədə Şərqi Azərbaycan əyalətində iş yerlərinin açılmasının nisbəti 37 faiz olduğu halda, bu rəqəm İsfahan əyalətində 40,2 faiz, Əlborz əyalətində 44 faiz və Mərkəzi əyalətdə 40 faizdir.
Bununla da sənayenin inkişafı, xüsusilə də böyük sənaye sahələrində ölkənin digər sənaye əyalətləri ilə müqayisədə Şərqi Azərbaycan əyalətinin ümumi elektrik sənayesi istehlakında çox az bir payının olduğunun şahidi oluruq".
Arəş Reyhani Niya hökuməti bu bölgənin enerji sahəsinə diqqəti artırmağa çağırıb: "Əyalətin bu sahə üzrə mütəxəssisləri adından deyirəm ki, lazımi şərait yaradılsa, ölkənin elektrik sənayesi avadanlıqlarına olan ehtiyacını ödəyər, üstəlik Qafqaz bölgəsinin enerji bazarında çox böyük bir paya sahib ola bilərik. Ancaq bunun üçün məsulların Şərqi Azərbaycan əyalətinə diqqət ayırmaları lazımdır”.