Bu gün Şeyx Məhəmməd Xiyabaninin anım günüdür Güney Azərbaycan

Bu gün Şeyx Məhəmməd Xiyabaninin anım günüdür

Bu gün Güney Azərbaycanda milli-azadlıq hərəkatının rəhbəri, mütəfəkkir və siyasətçi Şeyx Məhəmməd Xiyabaninin anım günüdür.

Şeyx Məhəmməd Xiyabani 1880-ci ildə Təbriz şəhəri yaxınlığında yerləşən Xamnə qəsəbəsində anadan olub.

Xamnədəki məktəbi bitirdikdən sonra Mahaçqalada ticarətlə məşğul olan atası Hacı Əbdülhəmidin yanına gedən Xiyabani az vaxtdan sonra Təbrizə qayıdıb, din elmlərini öyrənməyə başlayıb.

Xiyabani Təbrizin tanınmış ruhanisi Əngəcinin yanında oxuyub, onun ən görkəmli tələbələrindən olaraq, müctəhidlik dərəcəsinə yüksəlib.

Bundan əlavə, Xiyabani nücum, heyət və hesab elmlərini məşhur münəccim Mirzə Əbdüləlinin yanında mənimsəyib, kəlam-islam fəlsəfəsi və ədəbiyyat üzrə alim kimi məşhurlaşıb.

Şeyx Məhəmməd Xiyabani fəsahətli və gözəl danışığı ilə Təbriz əhalisinin rəğbətini qazanıb.

Təbrizdə məşhur ruhani və inqilabçı Siqətülislamın tövsiyəsi ilə Xiyaban məhəlləsində Hacı Kərim xan məscidində imam və vaiz olub.

1907–1911-ci illərdə Xiyabani İran totalitar və şahlıq rejimi əleyhinə hərəkatda fəal iştirak edib və mücahidlər sırasında mübarizə aparıb.

"İctimaiyyun-Amiyyun Sosial-Demokrat Partiyası" onun elmi və ictimai cəhətdən yüksək dərəcəyə malik olmasını dərk edərək, Azərbaycan əyalət əncüməninə üzv seçib.

Xiyabani Azərbaycan tarixində ən ağır və böhranlı zamanda inqilabi hərəkata qoşulub, həm daxili irticaçı qüvvələr, həm də xarici dövlətlər: Rusiya, İngiltərə, Almaniya və Osmanlı dövlətləri əleyhinə fəal mübarizə aparıb.

O, Güney Azərbaycan və İran tarixində ilk dəfə Demokrat Firqəsinin banisidir.

Hətta, xarici tarixçilərin fikrincə, onun başçılıq etdiyi demokrat rejimi dövründə, qısa olsa da, Təbriz əhalisi bu kimi rifah və əmin-amanlıq görüb.

1920-ci ilin may ayında Təbrizdə Demokrat Firqəsinin rəhbərliyi ilə böyük mitinq təşkil edilir. O, mitinqdə imperialistlərin və İran irticaçı qüvvələrinin əleyhinə mübarizəni daha gücləndirməyə çağırır.

"Azərbaycan bütün İran tarixi boyu həmişə azadlıq uğrunda qabaqcıl olub. Buna görə də onun Azərbaycan əyaləti yerinə "Azadistan" (azadlıq sevən) adlanması daha düzgündür"-Mitinqdə iştirak edənlər bu təkliflə çıxış edir.

Bu təklif mitinq iştirakçıları tərəfindən qəbul edilir.

Qeyd edək ki, 1941-ci ildə "Azərbaycan Cəmiyyəti"nin və 1945-ci ildə Azərbaycan Demokrat Firqəsinin də istədiyi bundan ibarət idi.

Azərbaycan Demokrat Firqəsi məşrutə qanununda qeyd edilmiş əyalət, vilayət, şəhər və kənd əncümənlərini həyata keçirmək və İran çərçivəsində muxtariyyət əldə etməyi qarşısına məqsəd qoyur, qiyam qələbə çaldıqdan sonra gələcəkdə İranın respublika və Azərbaycanın İran daxilində muxtar ərazi olması fikrini irəli sürür.

Xiyabani 1919-cu ilin sentyabrında deyirdi: "Biz istəyirik ki, ölkədə həqiqi millət hökm sürsün, müəssisələr və idarələr milli olsun. Hələlik bizdə məşrutə rejimi vardır. Bu məşrutə rejimini həyata keçirmək ilk addımdır ki, biz atmalıyıq. Biz sözü işə çevirməliyik.

Məşrutəni dilimizdə yox, bütün idarələrimizdə yerləşdirməliyik. Biz Təbriz şəhərindən başlayaraq tədricən bütün İranda arzularımızı yerinə yetirəcəyik".

Şeyx Məhəmməd Xiyabaninin ölümü haqqındda onun ən yaxın dostu Hacı Şeyx Həsənəli Miyanəçinin nəvəsi belə nəql edirdi:

"Müxbirüssəltənə qiyam və qiyamçıları məhv etmək üçün Təbriz Milli Qvardiyasının rəisi Bağır xan Salarimillinin oğlu Mirzə Hüseyn xan Haşimini (sərtib Haşimi) və Təbriz kazak rəisini razı etdikdən sonra Alaqapıya hücum etməyi əmr edir və Xiyabaninin ölüsünü, ya dirisini onun yanına gətirməyi istəyir.

Bu hadisə o zaman baş verirdi ki, jandarm və hərbi qüvvələrin çoxu Qaradağda Əmir Ərşədlə müharibəyə göndərilmişdi və Təbrizdə hərbi qüvvələr yox idi.

Kazaklar Alaqapıya hücum etdikdə Xiyabani gizlənməyə məcbur olur və evinə gəlir.

Xiyabaninin yaxın dostlarından biri Sərtibzadə "mən gəlməyincə evdən çıxma" demişdi. Lakin o gəlməmişdi. Xiyabani dörd saat evdə gözlədikdən sonra evdən getməyi qərara almışdı".

Şeyx Miyanəcinin daha sonra bildirir: "Xiyabani bizim evə gəldikdə nəql etdi ki, Sərtibzadə məni dörd saat müntəzir qoydu, yoxsa mən dörd saatda şəhərdən çıxardım.

Xiyabani dedi ki, mən çarəni bunda gördüm ki, evin damına çıxıb, dal küçəyə düşəm. Həyat yoldaşım tüfəngimi və bir qatar patronu damdan mənə atdı və sizə gəldim".

Gunaz.tv