Təfəkkürdə, dildə xəlqilik, təbiilik və ifadəlilik...
Ənənədən gələn detalların şeir dilinə nüfuzu 1950-1980-ci illərdə yazıb-yaradan güneyli şairlərin yaradıcılığında lirik ovqat, üslubi yetkinlik yaratmışdı. Onlar sələflərinin sənətkarlıq yolunu bütün istiqamətlərdə davam və inkişaf etdirərək qələmləri ilə sözə yeni dövrün nəfəsini, yeni zamanın poetik ab-havasını əlavə etdilər. Formanın tərkib hissələri janr, ahəng, ölçü, dil və başqalarıdır. Məlumdur ki, ədəbi əsər həyat hadisələrinin bədii ifadəsidir. Hadisələr bir-birini əvəz edib dəyişdikcə ədəbi janrın mövzusu da dəyişir. Tarixi inklişaf nəticəsində insanların müəyyən amal uğrunda apardıqları mübarizə, vətənpərvərlik və s. əlaqədar yeni mövzular ədəbiyyat üçün əsas obyektə, aktual mövzuya çevrilir. Hamıya bəllidir ki, xalq dilindən və şeirindən əxz olunan ahəng, bəhr, ritm sərbəstliyi şeirdə poetik yekrənglikdən, ifadə və üslub monotonluğundan qaçmağa səy göstərir.
Zamanın yeni problemləri ilə birgə yeni ritmi, surəti və enerji tempi də şeirə gəlir və klassik irsin, milli folklorun ənənə və imkanlarını yeni bədii vəzifələrin həlli xeyrinə daha fəal səfərbərliyə almağa ehtiyac yaranır. Təkcə bu illər ərzində deyil, ümumiyyətlə, cənub şeiri klassik poeziyanın və şifahi xalq ədəbiyyatının təcrübəsini, eyni zamanda ənənələrini davam etdirərək istər mənzum əsərlərdə, poemalarda, sujetli şeirlərdə, istərsə də siyasi-ictimai və fəlsəfi parçalarda, istərsə də lirikada Azərbaycan şeirinin bütün əsas şəkillərindən istifadə edib. Məlum məsələdir ki, mənzum əsərin arxitektonik bədii formada olması etibarilə bənd şeirin çox ifadəli, təsirli olmasına və onun daxili məzmununun açılmasına kömək edir.
Azərbaycan xalqının gündəlik həyatında, yazılı və şifahi ədəbiyyatında şair sözü həmişə yüksək məna ifadə edib. İstər şifahi xalq poeziyası, istərsə də klassik poeziya daim Azərbaycan xalqının həyatında müstəsna rol oynayıb. Şübhəsiz, poeziyanın həm şərəfli, həm də ağır yükünü minillər boyu daşımışlar və daşımaqdadırlar. Azərbaycan mühitində poeziya daim zəhmətkeş təbəqələrə, əməksevər insanlara, xalqın adət-ənənələrini, milli dəyərlərini öz həyatlarında yaşayanlara xidmət edib. Əsl poeziya heç zaman qan püskürən hökmdarları, xalqın qanını soran xaqanları mədh etməyib. Əsl poeziya xalqın bədii təfəkkürünün, bədii dühasının məhsulu olduğu üçün xalqın özünə xidmət göstərib.
Realizm (Sovetlər dönəmində uydurulduğu kimi materializm əsasında formalaşan realizm yox, həqiqi gerçəkliyi əks etdirən realizm nəzərdə tutulur) poeziyanın həm mündəricatının həyatiliyində, xalqın mübarizəsini, gündəlik həyatını, arzularını əks etməsində, həm də lirik qəhrəmanın real psixoloji cizgilərlə təsvirində özünü göstərib.
Məlum məsələdir ki, realist ədəbiyyatda mündəricə ilə forma vəhdəti daha parlaq şəkildə gözə dəyir və həqiqi realist əsərlər yal¬nız mündəricəsi, materialı ilə yox, formasının da xəlqiliyi, xalq danışıq dilinə və təfəkkürünə yaxınlığı, sadəliyi və təbiiliyi ilə başqa əsərlərdən seçilir.
Həqiqi realist poeziyanın məziyyətlərindən biri oxucuda yarandığı dövr barədə təsəvvür oyatmaqdır, bir sözlə, əsl sənət əsəri parlaq bir güzgü kimi dövrünü, zəmanəsini bizə göstərir, eyni zamanda bu günü yaxşıca dərk etməyə, gələcəyə baxmağa kömək edir. Bədii əsər məhz ona görə bədii əsərdir ki, tarixin konkret dövrünü, konkret xalqı və mənliyə, orijinal simaya malik olan insanları bədii şəkildə, obrazlar vasitəsilə göstərə bilir. Sənəti idrakın başqa vasitələrindən ayıran budur. Tarix elmi bizə olub keçmiş əhvəlatlardan və ya hazırki vəziyyətdən danışır, faktlara əsaslanırsa, bədii əsər əxlaqların mənzərəsini yaradır. Sənət əsərində zəmanəni görmək hər şeydən əvvəl o dövrdəki insan ehtirasları və fikirləri ilə tanış olmaq, cəmiyyətin mənəvi-psixoloji həyatı barədə aydın təsəvvür hasil etməkdir. Biz bunu, yəni müasirlik ruhunu bədii əsər üçün böyük keyfiyyət sayırıq. Həm də bu yalnız idraki cəhətdən deyil, estetik cəhətdən də böyük keyfiyyətdir. Bu cür əsərlər istidir, hərarətlidir, işıq verir. Onları yaratmaq ancaq dərin vətəndaşlıq duyğularına, iti düşüncəyə, humanist qəlbə, hərarətli könülə və yüksək fəlsəfi şüura malik olan həqiqi istedadlara qismət olur.
Axı zəmanəni, əsri əks etdirmək, onun qabaqcıl meyllərini göstərmək, onları müdafiə etmək deməkdir. Azərbaycan ədəbiyyatının parlaq bir səhifəsi 1950-1980-ci illərdə Cənubi Azərbaycanda yazıb-yaradan şairlərlə, onların meydana gətirdikləri bir-birindən dəyərli əsərlərlə bağlıdır. Onların yaratdıqları əsərlər özlərindən əvvəlki sələflərinin heç birini nəinki təkrar etmir, fikri-fəlsəfi mündəricəsi və bədii-estetik keyfiyyətləri ilə tamamilə onlardan fərqlənir, parlaq orijinal xüsusiyyətlərə malikdir. Xaqani, Nizami, Məhsəti, Nəsimi, Füzuli, Xətayi, Qətran Təbrizi, Saib Təbrizi, Seyid Əzim kimi ölməz dühaların yaratdığı şeir xəzinəsini yeni incilərlə zənginləşdirmək əlbəttə ki, adi istedadların işi deyil. Böyük istedadlar üçünsə klassik irs hər şeydən əvvəl böyük məktəbdir, ölməz nümunədir. Onlar bu irsə nəhayətsiz həyəcanla yaxınlaşır, məsuliyyətin ağırlığını duyaraq ona çox ciddi münasibət bəsləyir, dədə-babanın açdığı cığırla ləyaqətlə irəliləyirlər. Böyük sənətkarlar və sənət əsərləri min bir tellərlə əsrin, zəmanənin psixoloji, fikri həyatı ilə, ideoloji meylləri, siyasi-ictimai, mənəvi-əxlaqi xüsusiyyətləri və tələbləri ilə bağlı olur. Bu əlaqənin mürəkkəb və çoxcəhətli olduğunu, hər sənətkarın fərdi xüsusiyyətləri, zövqü və görüşləri ilə şərtləndiyi də məlumdur. Poeziyanın ən əsas tələbi isə xalqın zövqünə, arzularına, həyatına müvafiq gələn xəlqilik üzərində köklənməsidir.
Xəlqilik 1950-1980-ci illər cənublu şairlərin bütün ünsürlərinə, dilinə, obrazlar silsiləsinə, təşbehlərinə, bütün tellərinə və ilmələrinə hopub. Şübhəsiz ki, bunların hamısı bu şairlərin əsərlərinin milli zəminlə, milli qaynaqlarla, xalqın həyatı, ruhi aləmi, adət və ənənələri, folkloru ilə bağlılıqlarından irəli gəlir. Bir şey tamamilə mübahisəsizdir ki, bu şairlərin lirikası həyata sağlam fəlsəfi baxışı, forma sadəliyi, məzmun aydınlığı, sadə və çox ifadəli dil etibarilə, yəni bütün mündəricə və bədii formasının anlaşıqlığı, tez qavranılması və təsirliyi ilə xalqa yaxındır, onların zövqünə və estetik tələblərinə uyğundur.
Bu dövrdə yazıb-yaradan şairlərin realizminin formalaşmasında və xəlqiliyində xalq yaradıcılığının, folklorunun böyük təsiri olub. Hamıya məlumdur ki, istər Təbrizdə, istər Ərdəbildə, istər Urmiyada, istərsə də Cənubi Azərbaycanın başqa bölgələrində folklor və aşıq poeziyası çox inkişaf edib. Saz çalıb söz demək buralarda çox qədim tarixə malikdir. Təbriz aşıqlarının Qazax, Tovuz, Gədəbəy, Göyçə, Zəngəzur, Borçalı aşıqlarından demək olar, heç bir şeylə fərqlənməməsini də çoxları bilir. Sa¬daladığımız bölgələrdə uşaq gözünü açandan saz-söz məclislərinə düşür, ata-anasından, baba-nənəsindən, el-obadan şirin nağıllar eşidir, el şənliklərində aşıqların söylədikləri dastanlara qulaq asır, bu da onun təxəyyülünün inkişaf etməsində, eyni zamanda gəraylılara, təcnislərə, müxəmməslərə, bayatılara bələd olmasında olduqca əhəmiyyətli rol oyanır. Cənubi Azərbaycan şairlərinin təfəkküründəki, dilindəki xəlqilik, təbiilik və ifadəlilik heç şübhəsiz ki, bununla bağlıdır.
1950-1980-ci il cənublu şairlərin başda Seyid Məhəmmədhüseyn Şəhriyar olmaqla gözəl xüsusiyyətləri, novatorluqları, Azərbaycan ədəbiyyatına göstərdikləri xidmət onların sadə, təmiz, bədii dildə əsərlər yaratmasıdır. Bəlkə də bu, heyrətamizdir. Dövlət dili fars dili olan, fars dilində təhsil alan İranda bu şairlər Azərbaycan dilinin sadə, adi danışıq dilində elə ifadələr, tərkiblər, obrazlar silsiləsi, təşbehlər, istiarələr, təkrirlər, idiomlar, hətta cinaslar yaradıblar ki, onlar məna dolğunluğu və gözəlliyi ilə adamı heyran edir. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan ədəbiyyatı hər zaman, hər dövrdə aktual yaradıcılıq problemi sayılan ənənə və novatorluq prinsiplərinə əsaslanıb. Novatorluq isə yeni üslubla, daha geniş, daha bəşəri, eyni zamanda, səmərəli axtarışlar yolu ilə inkişaf edir. Novatorluq yeni dövrün ab-havasını, mürəkkəb ictimai və intelektual təcrübəsini əks etdirə bilən forma və janrlardan faydalanmaq yolu ilə əks olunmaqdadır.
Yuxarıda qeyd olunduğu kimi şairləri daim bir neçə qrupa bölmüşlər; Aşiqanə əsərlər yaradan şairlər, təbiət şairləri, vətənpərvərlik mövzusunda qələm işlədən şairlər və b. Ən əsası isə odur ki, şair hansı mövzuda yazırsa, yazsın, hansı problemləri çözürsə, çözsün, hansı ümmanlarda süzürsə, süzsün, fərqi yoxdur, şair aşiqdir. Şairin qəlbi, ürəyi, ruhu, könlü və bütün varlığı sevgi ilə doludur. Haqq aşiqidir şair. Eşqidir şairi şair edən, ona qələm tutub gecəsini-gündüzünə qatıb bir-birindən gözəl nümunələr meydana gətirməyə vadar edən. Şairi sülh carçısı, azadlıq harayçısı, əmin-amanlıq nümayişçisi, haqq və ədalət səsləyicisi, bərabərlik müdafiəçisi edən də budur. Şairin sevda ilə dolu qəlbi daim insanların, bəşər övladının xoşbəxtliyini, firavanlığını istər. Hafiz, Nizami, Şəms Təbrizi, Mövlanə Cəlaləddin Rumu, Xəyyam, Sədi, Yunus Əmrə, Rudəki, Nəsimi, Füzuli, Xətai, Seyyid Əzim, M.Ə.Sabir, Mehmet Akif Ərsoy, Məhəmməd Hadi, Hüseyn Cavid, Mikayıl Müşfiq və bir çox şairlərin istəyi, amalı, arzusu yalnız və yalnız bu idi; bəşər övladı sülh-əmin amanlıq, haqq-ədalət içində ömür sürsün, kimsə kimsəni incitməsin, hamı bir-birinə rəğbət, hörmət, məhəbbət bəsləsin...
Vüqar Əhməd
professor