Bakıda İƏT-ə üzv ölkələrin Gənclər və İdman Nazirlərinin Konfransı İdman

Bakıda İƏT-ə üzv ölkələrin Gənclər və İdman Nazirlərinin Konfransı

Aprelin 18-də Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyası keçirilir. Tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin ev sahibliyi, İƏT, Dialoq və Əməkdaşlıq üzrə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (İƏT Gənclər Forumu) və İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) birgə təşkilatçılığı ilə baş tutub. Sessiya müqəddəs "Qurani-Kərim"dən ayələrin oxunması ilə başlayıb.
Konfransın sədri, Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak ölkəsinin quruma sədrliyi dövründə görülən işlərdən danışıb. O, İƏT Gənclər və İdman Nazirləri Konfransına növbəti iki il üçün sədrliyin Azərbaycana keçdiyini elan edib. Azərbaycanın gənclər və idman naziri səlahiyyətlərini icra edən Azad Rəhimov ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti, bu sahədə prioritet hədəf və istiqamətlər, İƏT arealında gənclər siyasətinin gələcəyi ilə bağlı Azərbaycanın baxışını açıqlayıb. A.Rəhimov bildirib ki, Azərbaycan İƏT Gənclər və İdman Nazirləri Konfransına rəhbərlik edəcəyi iki il ərzində İƏT arealında gənclər siyasəti ilə bağlı mühüm yeniliklərə nail olunmasına çalışacaq.
Tədbirdə İHİF-in prezidenti Turki bin Əbdülmöhsen Əş-Şeyx, İƏT Gənclər Forumunun sədri Elşad İsgəndərov, İƏT-in baş katibi Yusif Əl-Useymin çıxış edərək Konfransa sədrliyə başlaması münasibətilə Azərbaycana təbriklərini çatdırıb, uğurlar diləyiblər. Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev Azərbaycan Prezidenti İlham Əliyevin Konfrans iştirakçılarına təbrik müraciətini oxuyub.
Təbrik məktubunda Azərbaycanın İƏT ilə münasibətlərə önəm verdiyi, təşkilatın yüksək səviyyəli bir sıra tədbirlərinə ev sahibliyi etdiyi, respublikamızın təşəbbüsü və dəstəyi ilə İƏT-də bir sıra yeni institusional qurumların yaradıldığı və inkişaf etdiyi vurğulanıb. Həmçinin Azərbaycanın İƏT gənclər siyasətinə bundan sonra da fəal dəstək verəcəyi qeyd olunub.
İki gün davam edəcək sessiyada İƏT gənclər strategiyası, gənclər fəaliyyəti və idman üzrə qətnamələrin, konfransın yekun məruzəsinin, nazirlər görüşünün növbəti - 5-ci sessiyanın tarixinin və yerinin müəyyənləşdirilməsi ilə bağlı qərarların, eləcə də Bakı Bəyannaməsinin müzakirə olunaraq qəbul edilməsi nəzərdə tutulur. İclasda İƏT-ə üzv olan 40-dan çox ölkənin gənclər və idman məsələləri üzrə nazirləri, agentlik və komitələrin sədrləri, eləcə də aparıcı beynəlxalq təşkilatları nümayəndələri iştirak edirlər. Qeyd edək ki, İƏT Gənclər və İdman Nazirləri Konfransının 2016-cı ilin oktyabrında İstanbulda keçirilən üçüncü sessiyasında növbəti nazirlər toplantısının Bakıda keçirilməsi haqda qərar qəbul olunub.