Ağır atletika üzrə respublika yarışları İdman

Ağır atletika üzrə respublika yarışları

İyulun 7-15-də Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə respublika yarışlarının üçüncü seçmə mərhələsi keçiriləcək. Yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçiriləcək. Xırdalanda iyulun 7-8-də Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan olan atletlər mübarizə aparacaqlar. İyulun 11-12-də Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, ayın 14-15-də isə Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Yevlax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.
Yarış şəxsi xarakter daşıyır və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 12 olan idmançılar buraxılacaq. Mərhələ yarışlarında 2000-2006-cı il və daha böyük təvəllüdlü kişilər və qadınlar, müvafiq yaş qruplarında mübarizə aparacaqlar. Qaliblər Sinkleyr cədvəli üzrə müəyyən ediləcək. Mərhələ yarışları ildə 4 dəfə keçirilir. Məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.