“Avropa Liqasında keçirəcəyimiz oyunlara ciddi hazırlaşırıq” İdman

“Avropa Liqasında keçirəcəyimiz oyunlara ciddi hazırlaşırıq”

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 12də keçirəcəyimiz ilk oyuna az vaxt qalıb. Buna görə məşqlərdə daha ciddi çalışıb, yaxşı forma yığmalıyıq. Bunu UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün birinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq "Keşlə" klubunun futbolçusu Tərlan Quliyev AZƏRTAC-a müsahibəsində deyib. Klubun hazırlıq prosesi ilə bağlı məlumat verən təcrübəli müdafiəçi Türkiyənin paytaxtı Ankarada təşkil olunan təlim-məşq toplanışının yüksək səviyyədə davam etdiyini bildirib: "Keşlə"nin UEFA Avropa Liqasında çıxışının uğurlu olmasını istəyirik. Hazırda Türkiyədə təlim-məşq toplanışı uğurla davam edir, səmərəli və yüksək səviyyəli məşqlər keçirik.
T.Quliyev "Keşlə"nin UEFA Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi Maltanın "Baltsan" klubu barədə danışarkən deyib: "UEFA turnirlərində zəif rəqib olmur. Ona görə də qarşılaşmalara ciddi hazırlaşmalıyıq. Həmçinin bizim məqsədimiz bu il ölkə çempionatının qalibi olmaqdır. Zənnimcə, buna nail olmaq mümkündür. Heç bir rəqiblə görüşə arxayın çıxmaq olmaz. Həmişə rəqib komandanı özündən üstün saymalısan. Toplanış prosesində yaxşı məşq edib, məsuliyyətli, ciddi hazırlaşmaq vacibdir. İlk görüşün evdə və ya səfərdə keçirilməsinin fərqi yoxdur. Əsas odur ki, yaxşı formada olasan".
Komandası ilə çox yaxşı mövsüm keçirdiyini vurğulayan futbolçu özünün hazırlığı ilə bağlı deyib: "Hesab edirəm ki, geridə qoyduğumuz mövsüm ərzində üzərimə düşən vəzifənin öhdəsindən gələ bildim. Futbol mövsümü başa çatandan sonra 6-7 gün istirahət etdim. Belə qısa müddətdə forma çox itirilmir. Ona görə də formamı tez bərpa edəcəyimə inanıram. Qarşıda üç yoxlama oyunu olacaq. Məşqləri yüksək səviyyədə keçirib, bu matçlara ciddi yanaşıb "Baltsan"la ilk matça hazır olmalıyıq. İlk oyunlar həmişə çətin alınır. Ötən mövsüm sezonun start oyununda ilk oyunumuz çətin alınmışdı. Daha çox rəqib haqqında deyil, özümüz barədə fikirləşməliyik. Çünki özün güclü olmasan, heç bir rəqibi üstələyə bilməzsən".
Qeyd edək ki, iyulun 10-dək davam edəcək təlim-məşq toplanışında "Keşlə" klubu üç yoxlama matçı keçirəcək. Komanda ilk yoxlama oyununu iyunun 30-da Bolu vilayətində Bosniya və Herseqovinanın "NK Celik Zenica" komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 17.00-da başlayacaq. İkinci yoxlama matçında rəqib "Levadia" komandası olacaq. Estoniya təmsilçisi ilə qarşılaşma iyulun 3-də Bakı vaxtı ilə saat 17.00-da baş tutacaq. Toplanış çərçivəsində sonuncu yoldaşlıq matçı isə iyulun 6-da keçiriləcək. Bu dəfə "Keşlə" klubunun rəqibi İranın "Traktorzasi" komandası olacaq.