“PKK ilə sülh prosesini davam etdirmək mümkün deyil“ Dünya

“PKK ilə sülh prosesini davam etdirmək mümkün deyil“

Türkiyə prezidenti parlamenti kürdlərin PKK qrupu ilə təmasa girməməyə çağırıb

Cavid

"Türkiyə hədəflərinə basqınların davam etdiyi bir vaxtda PKK ilə sülh prosesini davam etdirmək mümkün deyil". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğanın bəyanatı Brüsseldə keçirilən NATO ölkələrinin fövqəladə toplantısındaTürkiyənin İŞİD terrorçu qruplaşması və kürd silahlılarına qarşı hərbi addımlarının müzakirəsi vaxtı səslənib. Türkiyə prezidenti parlamenti kürdlərin PKK qrupu ilə təmasa girməməyə çağırıb. Türkiyə ötən həftə ərzində bir sıra hücumlara məruz qalıb.
Ankara Suriya ilə sərhəd bölgəsində "azad zona"nın yaradılmasını istəyir. Bu arada Türkiyədə davam etdirilən polis əməliyyatında İŞİD və PKK qruplarına üzv olmaqda şübhəli bilinən 1000-dən artıq adam həbs edilib. ABŞ və Türkiyə Suriya ilə sərhəd boyu "İŞİD-dən azad zona"nın yaradılması planları üzərində işləyirlər. Zona daxilində İŞİD terrorçu qruplaşması ilə yanaşı PKK mövqelərinin hədəflənəcəyi nəzərdə tutulur. PKK ilə İŞİD-i terrorçu tanıyan Ankara onlar arasında fərq görmədiyini bildirir. Turkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib ki, "təhlükəsizlik zonasının" yaradılması Suriya qaçqınlarının qaytarılmasına zəmin yarada bilər.
Ötən həftə Türkiyənin baş naziri Əhmət Davudoğlu Türkiyə təyyarələrinin ölkənin təhlükəsizliyini təmin etmək üçün Suriyada İŞİD və İraqın şimalındakı kürd silahlılarının mövqelərinə qarşı hava hücumları həyata keçirdiyini deyib. Bu 2013-cü ildə elan olunmuş atəşkəsdən sonra PKK hədəflərinə ilk həmlədir. Hücumlar Suruç şəhərində 32 adamın ölümü ilə nəticələnən bomba partlayışı və sərhəd bölgəsində silahlılarla atışmadan sonra başlayıb.
PKK separatçıları ötən çərşənbə günü iki türk polisinin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Suriya münaqişəsi zamanı Türkiyədə 1,8 milyona yaxın suriyalı qaçqın yerləşdirilib. 1984-cü ildən bəri PKK terrorçuları ilə döyüşlərdə 40 minə yaxın insan həyatını itirib. Bu arada NATO-dan Ərdoğana böyük dəstək gəlib. NATO-nun Brüsseldə keçirdiyi fövqəladə iclasdan sonra açıqladığı bəyanatda Türkiyəyə dəstək bildirilib.
Bəyanatda Alyansın təhlükəsizliyinin bölünməz olduğu deyilir və Türkiyə ilə güclü həmrəylik vurğulanır. Bu arada Türkiyə Silahlı Qüvvələri çərşənbə axşamı günü kürd üsyançılarına qarşı yeni hücumlar təşkil edib. NATO-nun Ankaranın Türkiyədə terrorizmə qarşı cavabına dəstək bildirməsindən bir neçə saat sonra F-16 tipli iki təyyarə ölkənin cənub-şərqində PKK-nın mövqelərinə zərbələr endirib.
Suriyada isə İŞİD-ə qarşı yeni hücumların keçirildiyinə dair məlumat verilməyib. Əməliyyat şənbə günü PKK-ya qarşı hücumlarla paralel olaraq başlamışdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Silahlı Qüvvələrin İŞİD İraqda PKK üsyançılarına qarşı kampaniyanı davam etdirdiyini bildirib. "Terrorizmə qarşı mübarizədə geriyə addım atılmayacaq. Bu, eyni əzmlə davam etdiriləcək" - deyə Ərdoğan Ankarada keçirilən mətbuat konfransında bildirib.
Birləşmiş Ştatlar İŞİD silahlılarının Suriyanın şimalından təmizlənməsi üçün Türkiyə ilə hücum planı üzərində birgə işlədiyini bəyan edib. Bununla Ankaranın regionda terrorçulara qarşı mübarizədə iştirakı güclənir. ABŞ rəsmiləri bildiriblər ki, bunun məqsədi Türkiyə ilə Suriya sərhəddində İŞİD-dən azad zonanın yaradılmasından ibarətdir.