Ukrayna limanlarından taxıl yüklənmiş daha iki gəmi yola düşüb Dünya

Ukrayna limanlarından taxıl yüklənmiş daha iki gəmi yola düşüb

Ukraynanın Qara dəniz limanlarından taxıl yüklənmiş əlavə iki gəmi yola düşüb.

APA-nın “Reuters“ə istinadən xəbərinə görə, Pivdennyidən yola düşən “Sakura” adlı gəmi İtaliyaya 11 000 ton soya paxlası, Çornomorskdan yola düşən “Arizona” gəmisi isə Türkiyənin İskenderun limanına 48 458 ton qarğıdalı daşıyır.
Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov hər iki gəminin yola düşdüyünü təsdiqləyib və qeyd edib ki, razılaşmaya üçüncü Ukrayna limanı Pivdennyi də daxil edilib. Liman artıq fəaliyyətə başlayıb.

Nazir əlavə edib ki, bu limanın fəaliyyətinin bərpası ilə Ukraynanın ümumi taxıl ixracı qabiliyyəti aylıq 3 milyon tona çatacaq.

Bununla da Türkiyə və BMT-nin vasitəçiliyi ilə Ukrayna və Rusiya ilə əldə edilmiş “taxıl razılaşması”ndan sonra Ukraynadan yola düşən gəmilərin sayı 10-a çatıb.

Qeyd edək ki, sülh dövründə Ukrayna Qara və Azov dənizləri limanları ilə aylıq təxminən 6 milyon ton taxıl ixrac edib.