“Qərb də, Rusiya da Qarabağ probleminin ədalətli həllini istəmir” Dünya

“Qərb də, Rusiya da Qarabağ probleminin ədalətli həllini istəmir”

Rövşən Məmədli: " Bu problemdən Azərbaycana təzyiq vasitəsi kimi istifadə edirlər"

Zaman-zaman Dağlıq Qarabağ problemi ilə bağlı müəyyən dairələr, Birləşmiş Ştatlar, Qərb tərəfindən Azərbaycana qarşı açıq və ya gizli şəkildə təzyiqlər göstərilib, yaxud buna cəhdlər edilib. Xüsusilə, Ermənistanın cəbhə xəttində təxribatları davam etdirməsi və atəşkəs rejimini müntəzəm şəkildə pozmasına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin nümayiş etdirdiyi yüksək döyüş hazırlığı hər zaman okeanın o tayında, ümumiyyətlə ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərdə ciddi narahatçılıqla qarşılanıb. Nəticə etibarilə bu narahatçılıq işğalçı Ermənistana öz yerini göstərməklə deyil, Azərbaycana qarşı təzyiq etməklə sonuclanıb. Günümüzdə də anoloji münasibət özünü büruzə verməkdədir. Bunu Birləşmiş Ştatların dövlət katibinin keçmiş köməkçisi Devid Kramerin bu günlərdə mətbuata verdiyi açıqlamada da aydın görmək mümkündür. Devid Kramer Azərbaycan hakimiyyətini Qərbdən üz çevirib Rusiyaya doğru yönəlməkdə ittiham edib. O, bunun da əsasən Ukrayna hadisələri sonucunda Azərbaycan hakimiyyətində yaranan qorxudan baş verdiyini vurğulayır.
Müstəqil ekspert Rövşən Məmmədli hesab edir ki, Devid Kramer müsahibəsində dolayısı ilə Qarabağ problemi ilə Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə cəhd edir ki, bu da yolverilməzdir: "Qarabağ problemi Azərbaycan hakimiyyətindən çox Azərbaycan dövlətinin, Azərbaycan xalqının problemidir. Qarabağ, o cümlədən Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və orada yaşayan erməniləri də oraya elə bu gün "Azərbaycan hakimiyyətinin qorxduğu" ruslar xaricdən köçürüb yerləşdiriblər. Hesab edirəm Qarabağ problemindən Azərbaycanın əleyhinə kimsənin, o cümlədən Kramerin istifadə etməsi yolverilməzdir və bu bir tanınmış diplomata yaraşmayan haldır. Bu gün tam çılpaqlığı ilə aydın olur ki, Qərb də, Rusiya da Qarabağ probleminin ədalətli həllini istəmir və bu problemdən Azərbaycan hakimiyyətinə güclü təzyiq vasitəsi kimi istifadə edib öz ölkələrinin bölgəmizdəki maraqlarına nail olmaq istəyirlər". Rövşən Məmmədlinin sözlərinə görə, xalqın dəstəyi ilə yox, Qərbin dəstəyi ilə hakimiyyətə gəlmək istəyən radikal müxalifət də bu məsələdə indiyə qədər buraxılan səhvləri təkrarlayır: "Qarabağın azad edilməsi üçün təzyiqlər edilmir. Bu məsələ ilə bağlı xaricdən Azərbaycana göstərilən təzyiqlər qınanmır. Həmçinin müxalifət xalqı bu məsələ ətrafında daima ayaq üstə saxlamadı. Sonucda ötən əsrin 90-cı illərindəki Qarabağ uğrunda fəallığını əldən verdi. Bu da xalqı ümidsiz vəziyyətə saldı. Qərbin və Rusiyanın maraqlarına xidmət edən Minsk qrupunun həmsədr dövlətlərinin nümayəndələri də indiyə qədər Bakıya, İrəvana, Qarabağa turist səfərləri edib Azərbaycan xalqına sayqısız və hətta ələsalıcı bəyanatlar verməkdən belə çəkinməyiblər... Hesab edirəm Qarabağla bağlı boğazdan yuxarı danışmaq dövrü çoxdan arxada qalıb. Bu məsələ olduqca qəlizləşib. Xüsusilə ölkəmizdə, bölgədə maraqları olan qüvvələr bu məsələni daha da qəlizləşdirmə mövqeyi tutaraq bundan bizə basqı kimi istifadə etməyə çalışırlar. Odur ki, gəlin quru sözləri bir yana qoyaq, əməldə hamımız Qarabağ problemi ətrafında birləşək və doğma torpaqlarımızı yadların işğalından azad edək. Qərb də, Rusiya da görsün ki, Qarabağ məsələsində Azərbaycan xalqının fikri qətidir, birliyi möhkəmdir. Odur ki, bu məsələni bilərəkdən uzadıb bizə təzyiq vasitəsi kimi istifadə etməsinlər". Ekspert deyib ki, ölkədəki çatışmazlıqlardan Qərbə şikayətlər edilməsinin də əleyhinədir: "Çünki, Qərb bu məsələlərdə səmimi deyil. Qərb bu şikayətlərdən bumeranq kimi istifadə edib özümüzə problemlər yaradır. Əslində Qərb Azərbaycanı nə demokratik, nə inkişaf etmiş, nə də tam azad olmasını görmək istəmir. Qərb Azərbaycanı özündən asılı, onun dediyi ilə durub oturan asılı dövlət kimi görmək istəyir ki, Kramer də bütün bunları sətiraltı olaraq müsahibəsində vurğulayır. Odur ki, vətən, millət, ölkə, Azərbaycanın müstəqilliyini sevənlər, Qarabağın azadlığını istəyənlər bir araya gəlib bir olmalıdır ki, sabahımız da aydın, təhdidsiz və təhlükəsiz olsun".