Türkiyə və ABŞ arasında ticarətin həcmi qısa zamanda 100 milyard dollara çatacaq - Ərdoğan Dünya

Türkiyə və ABŞ arasında ticarətin həcmi qısa zamanda 100 milyard dollara çatacaq - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsinə ev sahibliyi edən ABŞ-ın aparıcı iş adamları üçün ziyafətdə çıxış edib.

Trend bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.

"Əgər bu impuls düzgün və qəti şəkildə qorunsa, ABŞ ilə ticarətimizin həcmi qısa zamanda 100 milyard dollarlıq hədəfə çatacaq. Yaxın vaxtlarda biz daha sərfəli şərtlərlə ABŞ-dan qaz alışını artırmaq istəyirik. Biz region ölkələrinə ABŞ-dan maye təbii qaz (LNG) tədarükündə əməkdaşlığa hazırıq. ABŞ-ın 2018-ci ildə tətbiq etdiyi polad və alüminium sənayesində əlavə tariflərin aradan qaldırılması bizim birgə səylərimizə əhəmiyyətli töhfə verəcək", - deyə R.T.Ərdoğan bildirib.

Müdafiə sahəsində əməkdaşlıqdan danışan R.T.Ərdoğan Türkiyə ilə ABŞ arasında hərbi-sənaye əməkdaşlığına süni maneələrin NATO təhlükəsizliyinə mənfi təsir etdiyini vurğulayıb.

"Bəzi lobbiçilərin qərar qəbul edənlərə təzyiqləri nəticəsində yaranan qərəzli münasibət ABŞ-ın da maraqlarına ziyan vurur", - deyə Türkiyə Prezidenti əlavə edib.