Rusiyanın daha bir təxribat cəhdi Dünya

Rusiyanın daha bir təxribat cəhdi

Krım Tatar Məclisinin iclasında qarşıdurma yaranıb

Ötən gün Simferopolda Krım Tatar Məclisinin iclası keçirilib. APA-nın Krıma ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Məclisin sədri Refat Çubarovun rəhbərliyi ilə keçirilən iclasda məclis üzvləri ilə yanaşı, bölgələrdə yaşayan tatarların nümayəndələri iştirak ediblər.
İclasda Krımda yeni yaradılan hökumətdə tatarların təmsil olunması barədə təklif müzakirə olunub. Müzakirələr zaman tatarların bir qismi yeni hökumətlə əməkdaşlığın əleyhinə çıxıb.
Narazı qüvvələrə məclis üzvləri Abdurrahman Ezgir və Rza Şevçiyev başçılıq edir. Qeyd olunub ki, rusların tatarlara tarix boyu etdikləri zülmü unutmaq olmaz.
Bir qisim iştirakçı isə yeni hökumətdə yer almağı təklif edib. Onlar bildiriblər ki, bu, Krımın gələcək taleyində rol oynamaq deməkdir.
Bu mövqe isə qarşıdurmaya səbəb olub. Bir sıra bölgələrdən gələn tatarlar etiraz olaraq iclası tərk ediblər. Bildirilib ki, tatarlar ruslarla əməkdaşlığa getsələr, Krım Dağıstanın gününə düşəcək, Krım şəhərlərində qardaş qardaşın qanını tökəcək.
Refat Çubarov isə bir-birlərini ittiham edən tərəfləri sakitləşdirərək deyib ki, düşmən olmaq yeri deyil, indi Krım tatarlarının taleyi həll olunur, yekdil qərar qəbul etmək lazımdır: "Belə getsə, hələ bir neçə gün qərar qəbul edə bilməyəcəyik".
İclas keçirilən hotelin qarşısında isə tatarların aksiyası keçirilib. Onların bir qismi yeni hökumətdə təmsil olunmağı, qalanları isə olunmamağı tələb ediblər.