Avropa fəlakətin astanasında Dünya

Avropa fəlakətin astanasında

"Miqrant problemi Avropa üçün böyük fəlakətlə nəticələnə bilər"

Cavid

Politoloq Tofiq Abbasov bildirib ki, bu problem Avropada bu çağa qədər olan ziddiyyətləri bir qədər də kəskinləşdirib: "Məsələ ondadır ki, ümumi bazar şəraitində örtülü siyasət aparmaq Avropa Birliyindəki daxili ab-havanı dumana qərq etmişdi. Əgər 2008-ci ilə qədər Brüssel rəsmiləri bir çox problemlərin həllində genişlənməni münasib həll mexanizmi kimi qiymətləndirirdilərsə, qlobal böhran başladıqdan sonra rəylər təzadlı şəkildə dəyişdi. Aİ rəsmiləri Xorvatiyanı birliyə qəbul etdikdən sonra genişlənmə strategiyasını dayandırmalı oldular. Çünki orta inkişaf səviyyəsində olan və geridə qalmış subyektlərin sosial qayğıları mərkəzi strukturların rəhbərlərini xeyli qorxutdu. Lider ölkələrin iqtisadi potensialı hesabına əldə olunmuş valyuta rezervləri özünə digər məmləkətlərin rəhbərlərinin diqqətini çəkməyə başladı. Ortaq büdcə formalaşdıqda çoxluq problemlərin həlli üçün məhz zəngin ölkələrin imkanlarına güvənməyi çıxış yolu kimi görürdü".
Politoloq qeyd edib ki, indiki miqrant problemi çox xoşagəlməz vəziyyət yaradıb: "Artıq bir çoxları ittifaqın parçalanmasını istisna etmir. Bu prosesin pərdəarxası məqamları var. ABŞ hazırda təkidlə Avropaya tövsiyə edir ki, miqrantlara nəvaziş və lazımi diqqət göstərilsin. Əlbəttə ki, uzaqdan-uzağa belə yanaşma humanist və son dərəcə diqqətəlayiqdir. Vəziyyəti diqqətlə təhlil etdikdə isə bəlli olur ki, məhz Amerikanın iflasa uğramış Yaxın Şərq siyasətinin məntiqi nəticəsidir ki, həssas bölgə anarxiyaya qərq olub, suveren ölkələrin bütövlüyü təhlükə altındadır. Bu vəziyyəti dolların avroya qarşı təcavüzü kimi də qiymətləndirənlər var. Belə çıxır ki, Vaşinqton nisbətən sabit və yüksəliş dalğası üzərində olan Avropanı beləcə problemlə üz-üzə qoydu ki, dolların dövrü bitməsin və Avropa Birliyinin profisiti əriyib getsin.
Zəngin məmləkətlər üçün bir neçə yüz min miqrant bir o qədər də müşküllər yaratmır, zəif dövlətlər belə yükün altında sözün əsil mənasında bükülə bilərlər. Təsadüfi deyil, kvotaların paylanmasında bir çox ölkələr qəti müqavimət göstərirlər ki, onların sosial qayğıları artmasın. İşsizlik, sosial müavinətlərın kəskin azalması, işsizliyin artması fonunda məmləkətlər ağır duruma düşüblər. Bu bütün Avropa üçün böyük fəlakətlə nəticələnə bilər. Hər halda problemin həlli üçün universal mexanizm yoxdur".