Britaniyanın Aİ-dən çıxması özünə zərbə vuracaq Dünya

Britaniyanın Aİ-dən çıxması özünə zərbə vuracaq

Onun Aİ-də qalmasının tərəfdarları bir-birinin ardınca səhvlərə yol verdi

Cavid

Böyük Britaniyanın Aİ ittifaqına üzvlüyü ilə bağlı bu il keçirilməsi, demək olar, dəqiqləşən referendum Avropaya zərbə vuracaq ağır bir fəlakət ola bilər. Britaniyalılar ittifaqdan çıxmağı seçərlərsə (belə ehtimal yüksəkdir), nəticədə Aİ-nin, eləcə də, Britaniyanın stabilliyi kəskin şəkildə sarsılacaq.
"Project-syndicate"nin məlumatına görə, problem odur ki, Aİ-nin əbədi böhrana düşməsi ilə Britaniyanın ittifaqdan çıxması intellektual və emosional baxımdan cəlbedici görünür. Avrozonanın 2009-2010-cu illərdə borc problemləri çıxmamışdan hələ uzun müddət əvvəl bir çox britaniyalılar yaxşı başa düşürdülər ki, valyuta birliyi zərbələrə qarşı davamlı olmaq üçün daha çox inteqrasiya tələb edir. Başqa sözlə, Avropa daha çox suveren bir dövlət kimi fəaliyyət göstərməli idi. Britaniya isə heç vaxt buna riayət etmək istəməyib.
Emosional səviyyədə isə, həm Aİ daxilindən, həm də xaricindən geniş miqyaslı immiqrasiya qorxusu populist bir reaksiyaya səbəb oldu və bu reaksiya son qaçqın böhranı ilə daha da gücləndi. Populist reaksiyanın əsasını isə qəribə də olsa, əks-səda doğuran bir arqument təşkil edir: Avropa, ya da daha dəqiq desək, Almaniya qaçqın axınını təşviq edir.
Britaniyanın Aİ-də qalması tərəfdarları isə bir-birinin ardınca səhvlərə yol verdi. Bir çoxları ümidlərini Aİ sazişlərini dəyişə biləcəkləri kimi qeyri-real bir gözləntiyə bağladı, Avropanın inteqrasiya prosesinin mühüm tərkib hissələrinin zəifləməsi, xüsusilə də, əmək mobilliyi ilə bağlı səbəblər göstərməyə çalışdılar.
Bundan başqa, Aİ tərəfdarları Britaniyanın Aİ-dən çıxmasının səbəb olacağı iqtisadi zərbə haqqında da xəbərdarlıq etdilər. Bu, ağlabatan strategiya kimi görünmüş ola bilər, ancaq qorxu yaratmaq məntiqli deyil. Aİ əleyhinə təbliğatın güclənməsi olduqca təhlükəlidir və bu təhlükə təkcə Aİ-ə aid deyil. Əgər britaniyalı seçicilər hədsiz qüsurları olduğunu iddia etdikləri Aİ strukturunun bir hissəsi olmaq istəmədiklərini deyirlərsə, dolayı yolla Böyük Britaniyanı da pisləyirlər.
Böyük Britaniya heç də avrofobların ən arzu olunan siyasi quruluş forması olduğunu iddia etdikləri suveren dövlət modelinə nümunə ola biləcək vəziyyətdə deyil. Britaniya daha çox tarixçi Con Elliotun XVI əsrin geniş yayılmış hakimiyyət forması kimi təsbit etdiyi "mürəkkəb monarxiya"nı xatırladır.
Şotlandiya Milli Partiyası 2014-cü ildə müstəqillik üzrə keçirilən referendumda qalib gəlmək üzrə idi. Britaniyanın Aİ-dən çıxması bu məsələni dəstəkləyə, hətta Uels və Şimali İrlandiyada da oxşar vəziyyətin yaranmasına təkan verə bilər. Şotlandiyanın sosial təminata daha çox diqqət verməsi İngiltərənin şimalında belə bir çox seçicini cəlb edərdi.
Bu parçalanmalar ənənəvi sərhədlərlə düzgün gəlmir. Böyük Londonla ölkənin qalan hissəsi arasındakı uçurumu götürək. Britaniyaya axın edən miqrantların sayı artdıqca bu uçurum daha aydın görünməyə başlayacaq. London kimi qlobal bir şəhərin bütün dünyaya açıq olması lazım gəldiyi halda, ölkənin qalan hissəsi qapalı olmağı üstün tutacaq. Hazırda britaniyalılar üçün ortaq bir şey var: Aİ-nin iqtisadi və s. cəhətdən verə biləcəkləri ilə bağlı duyulan və getdikcə artan məyusluq hissi. Bu isə ortaq bir kimlik səviyyəsinə çatmır.
Aİ kimi Britaniya da vahid bir kimliyə sahib olmamağın əziyyətini çəkir. Müasir Britaniya kimliyinin əsas elementləri əslində İngiltərəyə məxsusdur. Dövlət kilsəsi isə 500 il əvvəl, VIII Kral Henrinin katolik papanın evliliyi ilə bağlı qərar verməsini istəməməsi ilə yaradılmış İngiltərə Kilsəsidir. Pul İngiltərə Bankı tərəfindən idarə olunur; Şotlandiya və Şimali İrlandiya öz banknotlarını buraxır, ingilislər isə bu pulları çox vaxt qəbul etmirlər.
VIII Henri milli suverenlik ideyasının ilk təsdiqi olan "İngiltərə səltənəti imperiyadır" bəyannaməsi ilə Romaya Müraciətlərin Məhdudlaşdırılması ilə bağlı qanun qəbul etdikdən sonra köhnə dini məhv etmək üçün qəddar bir kampaniya başladı. Ancaq yeni, vahid bir kimlik yaradılması cəhdi baş tutmadı. Nəticə etibarilə, Britaniyanın Aİ-dən çıxması ilk növbədə özünə zərbə vuracaq.