Neft ixrac edən ölkələr nələrdən imtina edirlər? Dünya

Neft ixrac edən ölkələr nələrdən imtina edirlər?

Onlar xərcləri azaltmağa məcbur olurlar

Azərbaycan növbəti bir neçə il ərzində sərt iqtisadi rejim tətbiq edəcək. Söhbət maliyyə intizamının gücləndirilməsi, izafi xərclərə yol verilməməsi, dövlət idarəetmə sisteminin optimallaşdırılması və s. gedir. Azərbaycan ixracının əsasını təşkil edən neftin qiymətlərinin enməsi nəticəsində cəmi bir neçə ay bundan öncə təsdiqlənən büdcəyə dəyişikliklərin edilməsi planlaşdırılır.
"Slon" yazır ki, Türkmənistandan başlayaraq Venesualaya qədər neft və qaz ixrac edən digər ölkələr də bənzər vəziyyətdədirlər. Ötən il ərzində onlar xərcləri azaltdılar və milli məzənnələrini devalvasiyaya uğratdılar. Karbohidrogen qiymətlərinin davamlı surətdə aşağı endiyini nəzərə alsaq, kəmər sıxma siyasəti cari ildə də davam edəcək. Rusiyada da xərclərin azaldılması nəzərdə tutulurdu, lakin bu Suriyada hərbi əməliyyatlara milyardlarla rubl sərf etməyə mane olmur.

Azərbaycan

Azərbaycan 2014-cü ilin nəticələrinə əsasən 80 faizdən çox xam neft ixrac etmişdi. Hökümət rəsmilərinin iqtisadiyyatın və qeyri-neft sektorunun inkişafına dair etdikləri nikbin bəyanatlara rəğmən 2016 ilin büdcəsi 1,6 milyard manat (hazırki kurs ilə təxminən bir milyard dollar, 3% ÜDM) defisit ilə təsdiqlənib.
Azərbaycanın dövlət neft şirkəti artıq qənaət rejiminə keçib. Onun strukturlarına smeta xərcləri və ştat vahidlərini nəzərdən keçirmək təlimatı verilib. Şirkət daşınma və kommunikasiya xərcləri, ofis ləvazimatlarının alınmasına və s. qənaət edəcək. Bundan başqa, o sərgi və konfransların keçirilməsini, o cümlədən sosial yönümlü obyektlərin maliyyələşdirilməsi və sponsor fəaliyyətini məhdudlaşdıracaq.
Azərbaycanın Xarici İşlər Nazirliyi xarici ölkələrdə, xüsusilə Uruqvay, Kolumbiya və Kubada fəaliyyət göstərən bir sıra səfirlikləri və fəxri konsulluqları bağlamağa hazırlaşır. Diasporla İş üzrə Dövlət Komitəsi də qənaət etmək niyyətindədir: onlar artıq "yalnız milli maraqlar üçün prioritet təşkil edən layihələri" maliyyələşdirəcəklər.
Yerli KİV-in yaydıqları məlumata əsasən nazirliklər və digər dövlət strukturlarına ştatların sayının azaldılması həvalə olunub. Orada, həmçinin, xidməti avtomobillərin sayı azaldılır və ezamiyyə xərcləri məhdudlaşdırılır. Bəzi idarələr ləğv edilə bilər: məsələn, Gömrük Komitəsi (onun səlahiyyətləri qismən Vergilər Nazirliyinə verilə bilər) və Kənd Təsərrüfatı Nazirliyi (onun funksiyalarını İqtisadiyyat və Ekologiya nazirlikləri bölə bilər).

Qazaxstan

Qazaxstanın 2016-2018 illərə olan büdcəsi defisit ilə təsdiqləndi. Cari ildə bu, 723,4 milyard təngə təşkil edəcək (2 milyard dollara yaxın) - təxminən 1,6 % ÜDM. Qazaxstan ixracının əsasını təşkil edən xam neftin xaricə satışı 2015-ci ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 50 faizədək azalıb - 29,9 milyard dollardan 15,2 milyard dollaradək, neft-qaz - 37 faizədək (1,1 milyard dollaradək), neft məhsulları isə 48 faizədək (706,8 milyon dollaradək).
Qazaxstanın prezidenti Nursultan Nazarbayev "mümkün olan hər yerdə" qənaət etməyin zəruri olduğunu hələ 2015-ci ilin əvvəllərində bildirib. O dövlət şirkətlərinə, nazirliklərə və yerli hökümət orqanlarına xərclərini ümumilikdə 4 milyardadək (xüsusilə, dövlət aktivlərini idarə edən "Samruk-Kazına" holdinqi üçün 7%-337 milyard təngə, təxminən 900 milyon dollaradək qənaətin aparılması təyin olundu) qənaət etməyi həvalə etdi. Nazarbayev respublika büdcəsinin 2015-ci ilə olan xərclərinin 10 faizədək (700 milyard təngə, təxminən 1,9 milyard dollar) azaldılmasını tapşırdı.
Məmurların sonradan verdiyi açıqlamalara əsasən ezamiyyə və nümayəndəlik xərcləri , o cümlədən təmir və analitik araşdırmaların keçirilməsi üçün tələb olunan xərclər də azaldılıb. "Samruk-Kazına" holdinqində investisiya proqramının 18 faiz azalacağını bildirdilər: İxtisarlar kimyəvi, filiz-mədən sənayesi, tikinti, daşınma və neft-qaz sahələrinə toxunacaq.
Qazaxstanın ev sahibliyi edəcəyi beynəlxalq EKSPO-2017 sərgisi və Universiada 2017 tədbirlərinin hazırlıq proseslərinə də qənaət ediləcək. Verilən məlumatlara əsasən Almatada metronun genişləndirilməsi, bəzi yolların və səhiyyə obyektlərinin tikinti işlərinin dayandırıldığı qeyd olunur. Hökümət eyni zamanda milli ali məktəblərin maliyyələşdirilməsi məsələsini şübhə altına aldı. 2015-ci ilin avqust ayında Nazarbayev məmurların əmək haqqlarının qaldırılmasına və dövlət strukturlarının ştatlarının sayının artırılmasına moratorium elan etdi. İlin sonuna 2016-2018-ci illər üçün böhrana qarşı tədbirlər planı layihəsi tərtib olundu. Bununla belə, hökümət bildirdi ki, bu zaman ərzində büdcə siyasətinin əsas məqsədi "sərt iqtisadiyyat" olacaq. Nazarbayev xalqa ünvanladığı müraciətnaməsində hökümət rəsmilərinin neftin bir barelinin 20 dollaradək enəcəyinə hazır olduqlarını qeyd etdi.

Türkmənistan

Türkmənistanın 2016-cı il üçün nəzərdə tutulmuş büdcəsi 2,4 milyard manat (təxminən 700 milyon dollar) defisitlə təsdiqləndi. Ölkənin 90 faizdən çox ixracını yanacaq və enerji məhsulları təşkil edir. Hələ 2015-ci əvvəlində Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov bildirdi ki, karbohidrogen qiymətlərinin enməsilə nəticələnən böhran şəraitində idarəetmə orqanlarına da qənaət etmək məcburiyyəti yaranacaq. O bəzi nazirlikləri ştatlarının sayının həddindən artıq çox olmasına görə təqsirləndirdi.
Bundan dərhal sonra neft-qaz sektorunda ixtisarların aparıldığı məlum oldu. Əsasən geolojı kəşfiyyatçılar və qaz-kompressor stansiyalarının əməkdaşları ixtisar olundu. "Türkmənqazın" bəzi bölmələrinin ləğv edilməsi qərarı alındı. Profilli ali məktəblərdə də ixtisarlar aparıldı: "Türkmənqaz" dövlət konserninin neft və qaz İnstitutunda işçi heyətin 50 faizini , "Türkmənologiya" dövlət konserninin Geologiya İnstitunda isə 30 faizini işdən kənarlaşdırmağa hazırlaşırdılar.
2015-ci ilin yayında Berdiməhəmmədov xalq təsərrüfatı mallarının idxalına sərf edilən xərclərin azaldılmasına dair təlimat verdi. Daha sonra qeyri-rəsmi mənbələr bildirdilər ki, Səhiyyə Nazirliyi həkimlərə ilk növbədə yerli dərmanların yazılmasını tapşırıb. Onların məlumatlarına əsasən sentyabr ayından başlayaraq pasiyentlərə "Acanta" və "Sağlıq" yerli əczaçılıq firmalarının preparatları yazılır.
2015-ci ilin payızında kommunal xidmətlərə imtiyazların ləğv olunacağı ehtimal olunurdu (ölkə vətəndaşları müəyyən miqdarda su, qaz və elektrik enerjisini ödənişsiz alırdı). Bu fikir yerli rəhbərlər tərəfindən irəli sürülmüşdü: onlar bildirdilər ki, ölkədəki vəziyyət o qədər yaxşıdır ki, imtiyazlara ehtiyac qalmır. Prezidentin bu təklif üzərində düşünəcəyi bildirilir.

Səudiyyə Ərəbistan

Səudiyyə Ərəbistanının 2016-cı il üçün büdcə defisitinin 326 milyard real (təxminən 87 milyard dollar) təşkil edəcəyi gözlənilir. Ölkənin neft sektoru onun ixrac gəlirlərinin 90 faizini təşkil edirdi. Aşağı neft qiymətləri nəticəsində tətbiq olunan qənaət rejimi çərçivəsində dövlət tərəfindən benzin, su və elektrik enerjisinə subsidiyaların azaldılması gözlənilir. Benzinin qiymətində təxminən 50% bahalanma müşahidə olunur.
Elan olunmuş yeni vergilər: beş faizlik əlavə dəyər vergisi, siqaret vergisi və istifadə olunmayan torpaq sahələri üçün tutulan rüsum. Məsələn, ƏDV-nin 2016 və ya 2017-ci ildə tətbiq olunacağı gözlənilir. Hökümət də öz növbəsində dövlət sektorunda xərcləri optimizasiya etməyə hazırlaşır. Maliyyə Nazirliyinin nəzdində dövlət borclarının idarə edilməsi üzrə xüsusi departamentin yaradılması planlaşdırılır. 2015-ci ilin avqust ayında bildirildi ki, Səudiyyə Ərəbistanı büdcəni doldurmaq üçün 8 ildə ilk dəfə olaraq istiqrazları buraxmağa qərar verdi (bu istiqrazların hesabına ilin sonunadək 27 milyard dolların əldə edilməsinə ümid edirdi). Bununla belə, növbəti beş il ərzində onun borcunun səviyyəsi ÜDM-in 50%-nə qədər çata bilər.

Venesuela

Qiymətlərin aşağı enməsinə baxmayaraq, Venesuela höküməti əhali üçün ağrılı olan büdcənin azalmasının qarşısını almağa cəhd edir. Oktyabrda 2016-cı ilin büdcəsini təqdim edərkən onlar sosial xidmətlərə çəkilən xərclərin yüksək olacağını açıqladılar (onların hissələri 40 faizdən çox təşkil edəcək). Bununla belə, ekspertlərin dəyərləndirmələrinə əsasən büdcə defisiti 2015-ci ildə təxminən 12% ÜDM təşkil etdi. 2014-cü ilin göstəricilərinə əsasən ölkənin 90% gəliri neft ixracından daxil olurdu.
Hökümət təhsil üçün yetərli vəsaitin ayrıldığını bildirir: müvafiq nazirliyin təqdim etdiyi məlumatlara əsasən 2016-cı ildə ali məktəblərə ötən illə müqayisədə 160% çox vəsait ayrılacaq (düzdür, formal artım milli məzənnə kursunun qara bazarda çökməsi və yüksək inflyasiya nəticəsində baş verir). Lakin universitetlər onlara yetərincə vəsait ayrılmadığından şikayətlənirlər (məsələn, elmi yaradıcılq üçün bu vəsait yetərli deyil). Ölkənin aparıcı ali məktəbi - Venesuela Mərkəzi Universiteti bildirdi ki, 2015-ci ildə ona zəruri vəsaitlərin yarısını, 2016-cı ildə isə yalnız üçdə bir hissəsini ayırdılar.
2014-cü ilin sonlarında Venesuelanın prezidenti Nikolas Maduro məmurların əmək haqqlarının və onun mülkiyyətinin azaldılmasının planlaşdırıldığını bildirdi. Dövlət xərclərinin azaldılmasının mümkünlüyünü dəyərləndirməyə məsul olan komissiya təsis edildi.
2014-cü ildə ölkə öz hərbi büdcəsinin təxminən üçdə bir hissəsini azaldıb. Qeyd olunduğu kimi, o əsasən silahların alınmasına az məsrəf sərf etməyə başladı.
Bundan başqa, Venesuela Kubaya və digər dost ölkələrə neftin imtiyazlı təchizatını azaldıb (söhbət "Petrokaribe" proqramı üzrə aparılan təchizatlardan gedir). Məlumat verildiyi kimi, 2015-ci ilin yazında onların həcmi 2012-ci illə müqayisədə iki dəfə azaldı (400 mindən gündə 200 min barelədək ).