“Rusiya Çeçenistan taktikasından istifadə edir” Dünya

“Rusiya Çeçenistan taktikasından istifadə edir”

Əhməd Davudoğlu: "Xain, alçaq rus təyyarələri mülki əhali, qadın, uşaq, yaşlı demədən, 8 min dəfə bombardman həyata keçirdi"

"Türkiyə öz sərhədlərini qorumaq, etnik təmizliyi əngəlləmək və Suriya müxalifətinin zəifləməsinə yol verməmək üçün lazımi addımları atacaq. TürkiyəSuriyanın Azez qəsəbəsinə hücumlara əngəl olacaq, qətllər və etnik təmizliklə məşğul olan PYD terror təşkilatının yeni bir qaçqın dalğası yaratmasına imkan verilməyəcək. Türkiyə sərhədlərinin təhlükəsizliyini təhdid edən kim olursa olsun, eyni cavabla üzləşəcək".
Bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunun toplantısında çıxış edərkən deyib. O bildirib ki, Suriyada baş verənlər insanlıq faciəsidir və Türkiyənin milli təhlükəsizliyini təhdid edir: "Rusiya təyyarələri "ağıllı" bombalardan istifadə etmir. Bombaları təyyarələrə yükləyib, hara gəldi boşaldırlar. Tel-Rıfat şəhərində 200 dəfə bombardman həyata keçiriblər. İstifadə müddəti bitmiş bombalarını utilizasiya edirlər. Türkmən və ərəblərə qarşı güclü bombardmanlar həyata keçirirlər. Rusiya və Əsəd PYD-nin əli ilə demoqrafik vəziyyəti dəyişir. Rusiya İŞİD-ə qarşı heç bir hücum həyata keçirmədən Əsəd rejimini gücləndirməyə çalışır. 5 il Suriya xalqı hər hansı orduya sahib olmadan Əsəd rejiminə qarşı dirəndi, sonra "Hizbullah" gəldi, yenə Hələbi, İdlibi ala bilmədilər. İranı da çağırdılar, o da yetmədi. Sonra bütün bu coğrafiyadakı şiə radikallarını gətirdilər, yenə Hələbi ələ keçirə bilmədilər. Nəhayət, böyük qardaşlarına – Rusiyaya üz tutdular, "bu qətliamı sən tamamla, sən qətliamı daha yaxşı bilirsən", dedilər. Bu xain, alçaq rus təyyarələri mülki əhali, qadın, uşaq, yaşlı demədən, 8 min dəfə bombardman həyata keçirdi".
Əhməd Davudoğlunun sözlərinə görə, Suriyadakı təməl problem Bəşər Əsəd rejiminin ömrünün uzanmasıdır: "PYD, YPG, Rusiya mötədil müxalifəti arxadan vurur. PYD-YPG qətiyyən kürdlərin təmsilçisi deyil, Rusiyanın muzdlu əsgərləridir. Biz oynanan oyunu görürük və Suriya xalqının yanında olacağıq. İŞİD-i bəhanə edərək suriyalıları Suriyadan çıxarmaq üçün etnik qırğın törədirlər. Bu, Rusiyanın Çeçenistandakı taktikasının eynisidir. Rusiyanın bu suçunu onun üzünə vurmalı olan ABŞ və digər müttəfiqlərimizi yalnız "bu bombardmanı qınayırıq" deyirlər. Biz Allahdan başqa kimsədən qorxmadan deyirik: bu bombardmanı alçaq rus təyyarələri həyata keçirir. ABŞ-dan, Avropadan, BMT-dən açıq və konkret mövqe gözləyirik".
Əhməd Davudoğlu qeyd edib ki, YPG Türkiyənin top atəşləri ilə əlaqədar irəliləyə bilmir: "Yenidən cəhd göstərsələr, şiddətli cavab alacaqlar. Oradakı aerodromu da istifadə edilməz hala salacağıq. PYD və YPG PKK terror təşkilatının qoludur və Rusiyanın kuklasıdır. Kürdlərin əsl dövləti, onların qoruyucusu Türkiyədir".
Baş nazir müharibəyə daxil olmadıqlarını, əksinə, Türkiyəni müharibədən uzaq tutmaq üçün zəruri addımları atdıqlarını vurğulayıb.