“Ultramühafizəkar ayətullah“ Jannati kimdir? Dünya

“Ultramühafizəkar ayətullah“ Jannati kimdir?

Ahmad Jannati İranın qüdrətli Üləmalar Məclisinə sədr seçilib

Qərb mediasının "ultramühafizəkar ayətullah" adlandırdığı Ahmad Jannati ölkənin 1979-cu il inqilabından bəri ən qüdrətli və ən nüfuzlu dövlət qurumu – Üləmalar Məslisinin sədri və ya spikeri seçilib. Üləmalar Məclisini qüdrətli edən onun konstitusiyaya görə ölkənin ali rəhbərini təyin etməsidir. Təhlilçilər indiyədək bildirirdilər ki, hazırkı ali rəhbər Ali Xameneinin 76 yaşı olması nəzərə alınmaqla ÜM-nin indiki heyətinin ölkənin növbəti ali rəhbərini təyin edəcəyi gözləniləndir, amma Ahmad Jannatinin özünün 89 yaşı var. O bu postda bir müddət – yəni növbəti iki il ərzində işləyəcək.
"The Wall Street Journal" qəzeti yazır ki, 2009-cu ildə mübahisəli prezident seçkilərinin nəticələrinə etiraz edənlərin edamını təklif edən və 2003-cü ildə iraqlıları Amerika müdaxiləsinə qarşı intihar hücumları təşkil etməyə çağıran Jannati-nin bu yüksək posta seçilməsi Tehranla Qərb arasında nüvə sazişinin imzalanmasına baxmayaraq, İranda sərt xətt-hərəkət tərəfdarlarının hələ də söz sahibi olduqlarını göstərir.

Allah, ali rəhbər və xalq

Çərşənbə axşamı keçirilmiş seçkidə Jannati ÜM-nin 88 üzvündən 55-nin səsini qazanıb. Lakin bu, onun rəqibləri – mötədil Ebrahim Amini və Mahmoud Hashemi Sharoudi üzərində qələbəsi üçün kifayət edib. Digər tərəfdən bu səsvermə nisbəti ÜM-nin öz tərkibində mühafizəkarlarla mötədillərin nisbətinin göstəricisi də sayıla bilər. Keçmiş prezident və tanınmış mötədil Akbar Hashemi Rafsanjani keçmişlərdə bu məclisə sədrlik etsə də bu dəfə namizədliyini irəli sürməyib.
Hazırkı mötədil prezident Hassan Rouhani də ÜM-nin üzvüdür. Səsvermədən sonra ayətullah Jannati ali rəhbər Xameneinin sözlərini iqtibas edərək Üləmalar Məclisində "inqilabi ruhun" saxlanması vacibliyindən danışıb. "Mən Allahı, ali rəhbəri və xalqı məmnun edəcək bir şəkildə işləyəcəyimə ümid edirəm" – deyib Jannati.

Lap Vatikan kollegiyası kimi

Üləmalar Məclisindəki ruhanilər bu quruma xalq səsverməsi ilə 8 il müddətinə seçilirlər. Məclisin yeni heyəti ötən fevral ayında seçilib. Bu il keçirilmiş parlament seçkisində mödədillər və islahat istəyənlər uğur qazanıblar. Buna baxmayaraq, vəzifələrindən biri də ali rəhbərin fəaliyyətinə nəzarət olan Üləmalar Məclisində mühafizəkarlar üstünlüyə malikdirlər. Bu qurumun qüdrəti aşkar şəkildə bir də ali rəhbər vəzifədən getdikdən sonra görünür.
"The Wall Street Journal" yazır ki, bu müddətdə məclis bir növ Vatikanın yeni papanın seçilməsinə məsul Kardinallar Kopllegiyasını xatırladır. Burası da var ki, 1979-cu ildən bəri ÜM bunu bircə dəfə edib. 1989-cu ildə İslam inqilabının banisi ayətullah Ruhollah Xomeininin vəfatından sonra ali rəhbər vəzifəsinə Əli Xamenei təyin edilib. Jannati-nin özünə gəldikdə isə, o attıq bir neçə onillikdir ki,

Üləmalar Məclisinin tərkibindədir.

Ayətullah eyni zamanda başqa bir nüfuzlu dövlət qurumunun – ölkə konstitusiyasının icrasına nəzarət edən Nəzarət Şurasının katibidir. Bu şura öz növbəsində istər Üləmalar Şurasına, istərsə də parlamentə üzv olmaq istəyənlərin namizədliyinin təsdiqi məsələsinə baxır. Prezidentliyə namizədlyin təsdiqi də bu qurumdan keçir.

Qatilə gül-çiçək bağışlamaq

Tehranda mənzillənmiş siyasi təhliliçi Saeed Leilaz "The Wall Street Journal" müxbirinə deyib ki, Jannati-nin ÜM-ə rəhbər seçilməsi həm onun özünün, həm də ali rəhbər Khamenei-nin nüfuzunu bir daha təsdiqləyib. "Jannati sərt xətt siyasətinin davamiyyətinin simvoludur" – deyib Leilaz. Elə Jannati-nin bioqrafiyası da bunu isbat edir. O, 1989-cu ildə bütün dünyanı dolaşaraq "Şeytani ayələr" kitabının müəllifi Salman Rushdiyə qoyulmuş ölüm fətvası üçün ruhani liderlərin dəstəyini əldə etməyə çalışıb.
O, 2002-ci ildə Qətərin öz ərazisində ABŞ hərbi hava bazasına yer verməsini lənətləyib. 2009-cu ildə Jannati cümə namazı vaxtı "kiminsə o vaxtkı İsrail xarici işlər naziri Tzipi Livninin gülləməsini" arzu etdiyini bildirib. Bütün bunlardan başqa Jannati həm də keçmiş prezident Mahmud Ahmadinejadın əsas dəstəkçisi hesab olunurdu. 2009-cu ildə Ahmadinejad mübahisəli seçki ilə ikinci müddətə prezident seçiləndə Jannati təhlükəsizlik qüvvələrinə xəbərdarlıq edərək demişdi ki, həbs olunmuş seçki etirazçıları ilə yumşaq rəftar dövlətə xəyanət kimi qiymətləndiriləcək. "Heç kəs öz qatilinə gül-çiçək bağışlamır" – demişdi ayətullah.